Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1806/2021 22.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, digər Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə və vəkili X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi olaraq 3500 (üç min beş yüz) manatın, mənəvi zərərə görə 5000 (beş min) manatın, iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manatın tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 34 nömrəli binanın 22-ci mənzilində daimi qeydiyyatda olmaqla öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Mərhum atasına order əsasında verilmiş həmin mənzilin atasının vəfatından sonra faktiki sahibidir. Həmin binanın 24 nömrəli mənzili yuxarı mərtəbədə yerləşir. Əvvəllər də həmin mənzilin su sistemində mövcud olan problem nəticəsində dəfələrlə onun mənzilinə su sızmaqla maddi ziyan dəymiş, lakin hər dəfə həmin ziyanı özü aradan qaldırmışdır. Belə ki, hər dəfə 24 nömrəli mənzilin uzun müddət sahibi olan Cavabdeh1 müraciət olunanda, o, bu məsələyə laqeyd yanaşmışdır. Lakin 10.02.2021-ci il tarixdə baş vermiş ciddi su axıntısı nəticəsində yeni təmir etdiyi mənzilə kifayət qədər böyük zərər dəymiş, bununla bağlı yuxarı mərtəbəyə qalxmış, qapını Hənifənin qaynanası və həyat yoldaşı açmış, sonradan Hənifəyə zəng olunmuş, onlar mənzili satdıqlarını deyərək bu problemə etinasız yanaşmışlar. Həmin dövrdə Cavabdeh2 hələ mənzilə köçməmişdir. Ona görə də ərazi üzrə kommunal-istismar sahəsinə, bələdiyyəyə, qəsəbə nümayəndəliyinə müraciətlər etmiş, MKİS tərəfindən mənzillərə baxış keçirilən zaman akt tərtib edilmiş və Cavabdeh1 tərəfindən kranların açılıb aparıldığı, bunun nəticəsində onun mənzilinə suyun axdığı müəyyən edilmişdir. Bu dövrdə həmçinin ona məlum olmuşdur ki, Cavabdeh1 mənzili Cavabdeh2 satmış, lakin su axan dövrdə mənzildə Cavabdeh1 və ailəsi yaşamış, Cavabdeh2 atası məsuliyyəti Cavabdeh1 daşıdığını bildirmiş, Cavabdeh1 isə ziyanı ödəməkdən yayınmışdır. Cavabdehlərin laqeyd münasibəti nəticəsində əsəb sarsıntıları keçirmişdir. Bu vəziyyətdə hər iki şəxsi cavabdeh qismində qeyd etməklə iddia qaldırmışdır. Hesab edir ki, ekspert rəyi ilə müəyyən edilən məbləğ olduqca aşağıdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, o, iddia tələbini qismən qəbul edir. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 34 saylı evin 24 saylı mənzili anasının mülkiyyətində olmuş, lakin anası 2013-cü ildən xaricdə yaşadığından mənzildə özü yaşamış, sözügedən mənzili etibarnamə əsasında 25.01.2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Bu ilin 10 fevral tarixində mənzili təhvil verməmişdən əvvəl ona iddiaçının mənzilinə su axması barədə zəng gəlmişdir. Telefon zəngindən sonra o, mənzilə gəlmiş, mətbəx kranında problem görmüş, onu bağladıqdan sonra su axıntısı dayanmışdır. Daha sonra mənzili Cavabdeh2 atasına təhvil vermişdir. Hazırda ona qarşı irəli sürülən iddia tələbini qismən qəbul edir. Belə ki, iddiaçının mənzilinin hamam və mətbəxinə suyun sızmasını qəbul etsə də, yataq otağına, digər otaqlara su sızmasını qətiyyən qəbul etmir. Eyni zamanda, ekspert rəyində göstərilən maddi ziyan məbləğini olduqca şişirdilmiş hesab edir. Yuxarıda qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, o, Cavabdeh2 atasıdır. ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış sahəsini ünvan 2i 25.01.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən digər Cavabdeh1 24000 manata qızı Cavabdeh2 adına almışdır. Mənzilin əvvəlki sahibi alqı-satqı müqaviləsinə əsasən 20.02.2021-ci il tarixdə mənzili boşaltmağı və mənzili onlara təhvil verməyi öhdəsinə götürsə də, mənzilin açarını 10.03.2021-ci il tarixdə vermiş, qızı isə həmin mənzilə 25.04.2021-ci il tarixdə köçmüşdür. Həmin vaxta qədər mənzilə digər Cavabdeh1 sahiblik etmişdir. İddiaçının mənzilinə su axıdılması ilə bağlı müraciəti əsasında müəyyən etmişlər ki, digər Cavabdeh1 nəinki mənzildəki əmlakları boşaltmış, hətta tavadakı işıq plafonlarını, hamam və mətbəxdə olan su və qaz vintillərini açıb aparmışdır. O, bununla əlaqədar 12.03.2021-ci il tarixdə AR DİN-nin saytına şikayət ərizəsi yazmış, ərizəsi aidiyyyatı üzrə baxılması üçün Qaradağ RPİ-nə göndərilmişdir. Cavabdeh1 söküb apardığı qaz vintilinin yerinə köhnə dəmir vintil bağlamış, su vintillərinin yerinə isə heç nə bağlamamış, bu səbəbdən də oradan iddiaçının mənzilinə su sızmışdır. Cavabdeh1 günahı üzündən mənzilə su sızması ilə əlaqədar bələdiyyə və MKİS tərəfindən baxış keçirilmiş, həqiqətən mənzilin köhnə sahibinin su qovşağını söküb özü ilə aparması, nəticədə su verilən zaman evi su basması və alt mərtəbədə 22 nömrəli mənzilə keçməsi müəyyən edilmişdir. Cavabdeh1 dəyən zərəri ödəyəcəyini bildirsə də, sonradan bundan qəti imtina etmiş, hətta telefonlara cavab verməmişdir. Bir daha bildirir ki, iddia ərizəsində qeyd olunan dövrdə iddiaçının mənzilinə dəyən zərərə görə Cavabdeh2 hər hansı təqsiri yoxdur, həmin zərər mənzildə Cavabdeh1 yaşadığı dövrdə kranları söküb aparması nəticəsində yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən, iddianın Cavabdeh2 münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 vəkili X15 həmin cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin izahatına uyğun izahat verdi və iddia tələbinin Cavabdeh2 münasibətdə rədd edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, Qaradağ rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisidir. İddiaçının mənzilinə fevral ayında su sızması ilə bağlı müraciəti əsasında mənzillərə baxış keçirilmişdir. Məlum olmuşdur ki, mənzilin köhnə sahibi Cavabdeh1 su kranlarını sökmüş və özü ilə aparmışdır, nəticədə su verilən zaman evi su basmış və alt mərtəbədə 22 nömrəli mənzilə keçmiş, həmin mənzilə maddi ziyan dəymişdir. Bu barədə akt tərtib edilmişdir. Qeyd edir ki, suyun sızması 24 nömrəli mənzil Cavabdeh2 təhvil verilməzdən əvvəl baş vermişdir, Cavabdeh2 mənzilə daha sonra, yəni akt tərtib ediləndən təqribən bir ay sonra köçmüşdür. Məhkəmə, izahatları və şahid ifadəsini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 53503 saylı 16.08.1967-ci il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 34 saylı evin 22 saylı mənzili X9 ailə üzvləri ilə birlikdə yaşamaq üçün verilmişdir. İş materiallarında olan AZ-İ No 588716 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 15 mart 2013-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 170 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayonu Mənzil-Kommunal İstehsalat Birliyi 126 saylı MKİS tərəfindən verilmiş 29.04.2021-ci il tarixli arayışdan görünür ki, Vahabov X6 qəsəbəsi, ev 34, mənzil 22-də qeydiyyatdadır. İş materiallarında olan Qaradağ rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 126 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 110 saylı, 21.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 34 saylı evin 22 saylı mənzilində qeydiyyatdadır və beş nəfərdən ibarət ailə tərkibi vardır. İş materiallarında olan 126 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş və Əliyev H.Z., Məmmədov E.Ə., İmanov X.Ə. tərəfindən imzalanmış 31.03.2021-ci il tarixli aktdan görünür ki, 34 saylı binanın 3-cü mərtəbəsindəki 24 saylı mənzilin sahibi Nümayəndə mənzilindən (əvvəlki sahibi su krantlarını çıxartdığına görə) qonşusu İddiaçı evinə su axıdılmışdır və maddi ziyan dəymişdir, bu halı təsdiq edən fotoşəkillər əlavə olunmuşdur. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 25.01.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X3 Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 34 saylı evin 24 saylı mənzilini Cavabdeh2 satmışdır. Satıcı tərəfindən müqaviləni etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. Həmin müqavilənin 11-ci bəndinə əsasən, satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə 20.02.2021-ci il tarixinədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 14-cü bəndinə əsasən, alıcının faktiki sahibliyinə və istifadəsinə verilənədək satılmış daşınmaz əşyanın təsadüfən məhv olması və zədələnməsi ilə bağlı məsuliyyət satıcının üzərinə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 34 saylı evin 24 saylı mənzili Cavabdeh2 xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə 02.02.2021-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 126 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış 31.05.2021-ci il tarixli məktubdan görünür ki, Qızıldaş qəsəbəsində 34 saylı binanın 24-cü mənzilini alqı-satqı müqaviləsi ilə Cavabdeh1 Cavabdeh2 satmışdır. Naməlum səbəbdən mənzilin köhnə sahibi su qovşağını sökmüş və özü ilə aparmışdır. Nəticədə su verilən zaman evi su basmış, alt mərtəbədə 22 nömrəli mənzilə keçmişdir. Təzə ev yiyəsinin və 22 nömrəli mənzilin sahibinin köməyi ilə su bağlanmış, mənzilə maddi ziyan dəymişdir. İş materiallarında olan AR DİN Bakı şəhər Baş Polis İdarəsinin Nümayəndə Etiqad oğluna ünvanladığı 03.05.2021-ci il tarixli məktubun surətindən görünür ki, Nümayəndə Etiqad oğlunun Cavabdeh1 aldığı mənzilin əşyalarının sonuncu tərəfindən aparılması ilə bağlı müraciət müvafiq qaydada baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli, 10/3436 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 34 ünvanında yerləşən 22 saylı mənzilə baxış zamanı müşahidə olunan su sızma izlərinə (divar kağızının qopması, boya qatının qabarması, kafellərdə yaranan matlar və s.) və Qaradağ rayonu Qızıldaş qəsəbəsi 126 saylı MKİS-in rəisi X2, sahə rəisi X4 və fəhləsi X14 tərəfindən tərtib edilmiş 31.03.2021-ci il tarixli akta əsasən ünvan 5 ünvanda yerləşən 24 saylı mənzildən su sızdığı müəyyən olunur. Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 34 ünvanında yerləşən 22 saylı mənzildə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 1127 manat məbləğində müəyyən olunur. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin özlərinin izahatlarına, 126 saylı MKİS tərəfindən tərtib edilmiş aktlara, alqı-satqı müqaviləsinin şərtlərinə, şahid qismində ifadə verən 126 saylı MKİS-in rəisinin ifadəsinə və ekspert rəyinə əsasən müəyyən edildi ki, hazırki iddia tələbi üzrə 24 saylı mənzildən 22 saylı mənzilə suyun axdığı və maddi ziyanın dəydiyi dövrdə 24 saylı mənzil Cavabdeh1 sahibliyində və istifadəsində olmuş, suyun axmasına və maddi ziyanın dəyməsinə bilavasitə həmin şəxsin mənzili təhvil verməzdən əvvəl su kranlarını çıxarmasında ifadə olunan təqsirli hərəkətləri səbəb olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən edir ki, iddia tələbi mülki hüquq pozuntusu törətmiş Cavabdeh1 münasibətdə maddi zərərin tutulması hissəsində ekspert rəyi ilə müəyyən edilmiş həddə əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Digər cavabdehin qeyd olunan dövrdə 24 saylı mənzilə sahiblik etmədiyi tərəflər arasında mübahisə doğurmadığından, hazırki iddia tələbi həmin cavabdehə münasibətdə isə əsassız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, qanunsuz hərəkət ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 8-ci bəndində izah olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən iddia qismən təmin olunduğundan, ekspertiza xərci İddiaçı və Cavabdeh1 arasında bərabər bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 maddi zərərin əvəzi kimi 1127 (min yüz iyirmi yeddi) manat məbləğində pul və 4 (dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə Cavabdeh1 25 (iyirmi beş) manat, İddiaçı 25 (iyirmi beş) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: X1, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1806/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1806/2021
22.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver