Məhkəmə qərarları › İş №2(002)-1816/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1816/2022

24.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1816/2022 24.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi ilə, İddiaçı Cavabdeh İsgəndər oğluna qarşı «mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İsgəndər oğluna qarşı «mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsgəndər oğlunun onun mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi 10 saylı evin 34 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi 10 saylı evin 34 saylı mənzili xx.xx.1997-ci il tarixdə uzun müddət işlədiyi və evsiz olduğundan onun mənzil şəraitinin yaxşılaşdırılması səbəbindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ə.Əmirov adına NQÇİ tərəfindən, order əsasında ona verilmişdir. Qeyd olunan mənzil xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-də onun adına qeydiyyatdan keçirilmiş və ona çıxarış verilmişdir. Mənzil hal-hazırda onun xüsusi mülkiyyətindədir. Qeyd edir ki, keçmiş həyat yoldaşı Cavabdeh İsgəndər oğlu ilə xx.xx.2012-ci il tarixdə ailə həyatı qurmuşdur və ailə həyatı qurduqdan sonra o, cavabdehi yuxarıda göstərilən, mülkiyyətində olan mənzilinə qeydiyyata almışdır. Aralarında olan nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-2965/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdehin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması tələbinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdehin onun mülkiyyətində olan mənzildə istifadə hüquqlarının olub-olmaması ilə bağlı ümumi məhkəməyə müraciət edib bununla bağlı məhkəmə qərarının olmasının zəruriliyi ona bildirilmiş, o da məcbur olub cavabdehin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması üçün yenidən onun istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmişdir. Hesab edir ki, ümumiyyətlə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən keçmiş həyat yoldaşı olmuş şəxs Cavabdeh İsgəndər oğlunun onun mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi 10 saylı evin 34 saylı mənzilindən istifadə hüquqları yaranmamışdır. Belə ki, cavabdehlə ailə münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən sonrakı dövrdə, yəni 2012-ci ildə yarandığından Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən cavabdehin qeyd olunan mənzildə istifadə hüquqları yarana bilməz, əgər yaranmışdırsa belə, onunla ailə münasibətlərinə (nikahlarına) xitam verildiyindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən cavabdehin istifadə hüquqları saxlanıla bilməz. Bundan əlavə, qeyd edir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi 10 saylı evin 34 saylı mənzili xx.xx.1997-ci il tarixdə DNŞ-nin Ə.Əmirov adına NQÇİ tərəfindən, order əsasında ona verildiyindən həmin vaxt o, cavabdehlə ailə həyatı qurmadığından cavabdehin onun mülkiyyətində olan mənzilindən istifadə hüquqları yarana bilməz. Hesab edir ki, keçmiş həyat yoldaşı Cavabdeh İsgəndər oğlu mülkiyyətində olan mənzilində yaşamaması və cavabdehin formal qeydiyyatda olması onun hər ay əlavə olaraq kommunal xərcləri ödəməsinə və onun qanunla qorunan bir çox mülkiyyət hüquqlarını məhdudlaşdırır. Hesab edir ki, keçmiş həyat yoldaşı Cavabdeh İsgəndər oğlunun onun mülkiyyətində olan mənzilində yaşamaması və istifadə hüquqlarının olmaması mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməlidir. Qeyd olunan iddia tələbi ailə münasibətlərindən yarandığı üçün o, Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyalarında iştirak etməmişdir və mediator tərəfindən məktub verilərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehin faktiki olaraq qeyd olunan mənzildə yaşamadığını sübut etmək üçün 10 nömrəli evdə qonşuluqda yaşayan şəxslərin iştirakı ilə Qaradağ rayon MİS-də akt tərtib olunaraq, qonşular tərəfindən imzalanmış və MİS-in rəisi və digər məsul şəxslər tərəfindən imzalanmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini, üzürlü səbəbdən məhkəməyə gələ bilmədiyini, cavabdeh tərəfin də məhkəməyə teleqram vurduğunu bildirmiş, mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İsgəndər oğlu məhkəməyə teleqram vuraraq, mahiyyət etibarı ilə iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə qeyd olunan ərizə və teleqramı nəzərə alaraq, mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi 10 saylı evin 34 saylı mənzili 11 dekabr xx.xx.1997-ci il tarixli 452 saylı orderə əsasən İddiaçı verilmişdir. Yataqxanalar əvəzsiz qaydada Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edildiyindən, 19 mart 2014-cü il tarixli sərəncamla həmin mənzilə dair iddiaçı ilə icarə müqaviləsi bağlanmış və iddiaçı həmin mənzilin icarədarı hesab olunmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi 10 saylı evin 34 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2517 saylı reyestr kitabının 234302 saylı vərəqində qeydiyyata alınmışdır. Həmçinin, iddiaçının adına mənzilə dair texniki pasport tərtib edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(002)- 2965/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında xx.xx.2012-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 1199 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* saylı arayışdan görünür ki, Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Qonşular tərəfindən 27 aprel 2022-ci il tarixdə tərtib edilmiş aktdan göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiklərini aktı tərtib etmiş qonşular da təsdiq etmişlər. Akt müvafiq qaydada ərazi üzrə 150 saylı MKİS tərəfindən təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/3-01028 saylı arayışdan görünür ki, yuxarıda qeyd olunan mübahisə üzrə Cavabdeh İsgəndər oğlu ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərci müvafiq hesaba ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən «Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.» Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar «Uolson İsveçrəyə qarşı» məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Məhkəmədə toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh İsgəndər oğlu iddiaçının keçmiş həyat yoldaşıdır, iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatdadır, daimi əsaslarla başqa ünvanda yaşayır, iddiaçıya məxsus mənzildə yaşamır. Belə olan halda onun keçmiş həyat yoldaşına məxsus mənzilə istifadə hüququnun əldə edilməsini zəruri edən əsas da artıq mövcud deyildir. Bu əsasın mövcud olmaması isə mahiyyət etibarılə onun yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilməsini istisna etmir. Bundan başqa, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsasdır. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, məkəmədə iddia qaldırılması üçün 50 manat dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İsgəndər oğlunun Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi 10 saylı evin 34 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qətnamə cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İsgəndər oğlunun Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi 10 saylı evin 34 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar