Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1869/2024 03.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsi tərəfindən verilmiş “15” fevral 2014-cü il tarixli, 02/119 nömrəli arayışa əsasən 2 otaqlı, yaşayış sahəsi 32.7 m2 olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 6 bloklu binanın 4-cü blokunda, 5-ci mərtəbəsində 5 saylı mənzili Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, xx.xx.2014-cü il tarixli, ******* nömrəli çıxarışa əsasən, ümumi sahəsi 32.7 m2 olan Bakı şəhəri, ünvan 2i küçəsi, 31 saylı evin 5 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçının adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə Qeydiyyat haqqında ******* nömrəli arayışın məzmunundan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 2i küçəsi, 31 saylı evin 5 saylı mənzil ünvanında qeydiyyatındadır.
4. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 150 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 29 nömrəli arayışa əsasən, Cavabdeh Bakı şəhəri, ünvan 2i küçəsi, 31 saylı evin 5 saylı mənzilinə xx.xx.2022-ci il tarixində pasport qeydiyyatda olmağına baxmayaraq 1 ilə yaxındır ki, göstərilən ünvanda yaşamır. Harada yaşaması 150 saylı MKİS-ə məlum deyil. İddia tələbi
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus Bakı şəhəri, ünvan 2i küçəsi, 31 saylı evin 5 saylı mənzilinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə xahiş etmişdir.
6. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ona məxsus Bakı şəhəri, ünvan 2i küçəsi, 31 saylı evin 5 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 2i küçəsi, 31 saylı evin 5 saylı mənzili xx.xx.2014-cü il tarixli çıxarışa əsasən mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh onun qızıdır 2014-cü il tarixdə X1 ilə ailə quraraq ona məxsus evdən daimi olaraq köçüb getmiş və qaynanasına məxsus ünvan 4 ünvanına qeydiyyata düşmüşdür. Ceyhunla aralarında olan nikah 2021-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulduqdan sonra qaynanası məhkəmədə iddia qaldırmış və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qızı Cavabdeh qaynanasına məxsus evdən qeydiyyatdan çıxarılmışdır. Bundan sonra qızının qeydiyyata düşməyə yeri olmadığına görə o öz evinə qeydiyyata saldırmışdır. Lakin qızı onun evində yaşamamış və ona məxsus evlə heç bir əlaqəsi yoxdur. Cavabdeh ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur,həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Həmçinin istifadə hüququ olmasa da məhkəmə qətnaməsi əsasında cavabdehi qeydiyyatdan çıxarmaq mümkündür. Cavabdeh özünə dəfələrlə bildirsə də özü könüllü olaraq qeydiyyatdan çıxmaq istəmir. Bu barədə Qaradağ rayon Polis İdarəsinə müraciət etsə də təmin edilməmişdir. Bu barədə Qaradağ rayon Polis İdarəsinin imtinasından Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə üçüncü şəxsin (yəni cavabdehin) mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilmədiyi və ya istifadə hüququ olmayan şəxs olmadığı müəyyən edilmədiyi halda inzibati orqanın cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaqdan imtinanı əsaslı hesab etmişdir. Odur ki, Cavabdeh onun şəxsi mülkiyyətində olan mənzilə istifadə hüququnun olmayan şəxs hesab edilməsi üçün məhkəməyə müraciət etməli olur. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2-ci maddələrinə, istinad etmişdir.
9. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, cavabdeh qızıdır, cavabdeh iddia tələbində göstərilən mənzildə yaşamamışdır, formal olaraq qeydiyyata düşmüşdür. Belə ki, qızı boşandıqdan sonra yoldaşına aid evdə qeydiyyatdan çıxarıldığına görə qeydiyyata düşməsi üçün onu bu evə saldırmışdır. Hazırda qızında xəbəri olmadığnı və cavabdehin ona məxsus mənzildə istifadə hüququ qalmadığından iddia tələbinin təmin edilməsini xahiş edir.
11. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə baxışının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
12. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Maddə 29. İ və İİ. hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”si:
14. Maddə 17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası:
15. 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
16. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
17. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
18. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
19. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
20. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
21. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
23. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
26. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
29. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
30. Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı:
31. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. b) Əsaslandırma
32. İddia əsaslıdır.
33. İşin mübahisəsiz halları bundan ibarətdir ki, 2014-cü ildə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, iddiaşə Bakı şəhəri, ünvan 2i küçəsi, 31 saylı evin 5 saylı mənzilin mülkiyyətçisidir. Cavabdeh iddiaçının qızıdır. Cavabdeh qeyd edilən mənzilə xx.xx.2022-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyata götürülmüşdür.
34. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli üçün cavabdehin mübahisəli mənzildə istifadə hüququnun yaranmasına və həmin hüququn xitamı əsaslarının olubolmamasına qiymət verilməlidir.
35. Yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Cavabdeh əvvəllər mübahisəli mənzildə yaşamadığı və ilk dəfə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyata düşdüyündən məhkəmə qeyd edir ki, hazırkı mübahisə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin normalarına əsasən tənzimlənməlidir.
36. Mülki Məcəllədən fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.
37. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur.
38. Hazırkı mülki iş üzrə də tərəflər arasında məhdud əşya hüququ mənasında yaşayış sahəsindən istifadə hüququ mövcud olmamışdır. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü olan cavabdehin qeyd edilən mənzildən istifadə hüququ Mənzil Məcəlləsinin tələblərinə əsasən onun hüquqlarının sosial təminatı kimi çıxış edir.
39. Lakin məhkəmə qeyd edir ki, mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasının hədləri ilə bağlı beynəlxalq və dövlətdaxili hüquq normalarında qeyd edilmiş məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları müəyyən etmək vacibdir.
40. Yuxarıda adı çəkilən Plenum Qərarına əsasən, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
41. Göründüyü kimi, hazırkı işdə cavabdeh yetkinlik yaşına çatmış şəxsdir və Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq, hazırkı iş üzrə iddiaçı cavabdehi saxlamaq vəzifəsi daşımır. Eyni zamanda, cavabdeh sözügedən mənzildə yaşamaq hüququnu realizə etmir.
42. Məhkəmə yuxarıda qeyd edilənləri və mülkiyyət hüququnun insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biri kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunmasını nəzərə alaraq hesab edir ki, cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı şəhəri, ünvan 2i küçəsi, 31 saylı evin 5 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia təmin edilməlidir. Məhkəmə xərcləri
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
45. İş materiallarından görünür ki, iddiaçı iddia tələbi irəli sürülərkən dövlət rüsumu ödəməkdən azad edilmişdir. Odur ki, iddia təmin edildiyindən dövlət rüsumunun ödənilməli olan məbləği (qiymətləndirilməyən iddialar üzrə 100 manat) cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə
46. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, ünvan 2i küçəsi, 31 saylı evin 5 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilsin. İddiaçının azad edildiyi 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova