Məhkəmə qərarları › İş №2(002)-1915/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1915/2021

23.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1915/2021 23.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi X3 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı "dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı "dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şərəfini,ləyaqətini və işgüzar nüfuzunu ləkəyən Cavabdeh1 100.000 (bir yüz min) manat və Cavabdeh2 100.000(bir yüz min) manat cəmi 200.000(iki yüz min) manat pulun ona dəymiş maddi və mənəvi ziyan olaraq alınıb ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin şikayətləri əsasında barəmdə cinayət işi başlanmışdır və barədə həmin cinayət işi AR CM-nin 177.2.4-cü maddəsilə baxılmaq üçün Pirallahı Rayon Məhkəməsinə göndərilmişdir. Pirallahı Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, iş № l(094)-2/209 saylı qərarı ilə barəsində olan həmin cinayət işi üzrə icraata xitam verilmişdir və həmin cinayət işi prokurorluğa geri qaytarılmışdır. Həmin qərarda iş üzrə cavabdeh kimi qeyd etdiyi Cavabdeh1 şikayətlərinin əsassız olduğu onun bu cinayət nəticəsində heç bir ziyan çəkmədiyi və istintaq orqanına və məhkəməyə saxta sənədlər təqdim edib böhtan xarakterli izahat və ifadə verməsi və onun barəsində bunlarla bağlı qanuni tədbir görülməsi qeyd olunmuşdur. Bundan sonra Pirallahı Rayon PŞ-nin İstintaq Qrupunun müstəntiqinin 22 aprel 2019-cu il tarixli “cinayət işinin icraatına xitam verilməsi barədə qərarı çıxarılıb və həmin qərarla 1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-nin 177.2.4- cü maddəsilə olan ********* saylı cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsilə xitam verilməklə qeyd olunan cinayətin İddiaçı tərəfindən törədilməsi sübuta yetmədiyindən İddiaçı 14 dekabr 2018-ci il tarixdə elan edilmiş ittihama və barəsində seçilmiş başqa yerə yetməmək haqqında iltizam növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərarın 2-ci bəndində qeyd edilir ki, ərizəçi Cavabdeh1 ərizəsində qeyd etdiyi kimi İddiaçı 2000 manat borc pul verməsi mülki məsələ olduğundan həmin xüsusat üzrə əməldə cinayət təqibi olmadığı rədd edilib və nəzərə alınmışdır. Məhkəmənin 30 yanvar 2019-cu il tarixli qərarında qeyd olunur ki, ərizəçi Cavabdeh1 şikayət ərizəsində trosları ona məxsus olması, daha sonra isə "xxxx" MMC məxsus olması göstərilib, lakin əslində məlum olub ki, bu troslar nə AMahmudova, nə də "xxxx" MMC-yə məxsus olmayıb. Bu barədə ərizəçi Cavabdeh1 təqdim etdiyi 23.08.2017-ci il tarixli ******* saylı qaimə faktura saxta olması müəyyən olunub. Bu hal onu göstərir ki, əslində ərizəçi Cavabdeh1 saxta sənəd təqdim edib, yalan ifadə verib və onun əsassız və qanusnuz olaraq məhkum olmağına çalışmışdır. Qərarda qeyd olunur ki, Cavabdeh1 istintaq orqanına təqdim etdiyi 23.08.2017-ci il tarixli ******* saylı qaimə faktura sənədi və 31.03.2017-ci il tarixli təhvil-təslim aktı məhkəmədə araşdırılıb və məlum olur ki, həmin qaimə faktura sənədi saxtadır və bu hala müstəntiqin 27.06.2018-ci il tarixli qərarının 6-cı bəndində qiymət verilib. “Boş Self’ MMC-nin 02.03.2018-ci il tarixli məktubunda qeyd olunur ki, troslarla əlaqədar heç bir alqı-satqı aparılmayıb və qaimə faktura yazılmayıb. X1 28 fevral 2018-ci il tarixli məktubunda qeyd olunur ki, qeyd edilən şəxslərlə əmək müqaviləsi bağlanmayıb, nəticədə ərizəçi Cavabdeh1 işçi olmadığı halda ərizə verib istintaq aparılmasını tələb etmişdir. Qərarda qeyd edilir ki, Cavabdeh1 20.09.2018-ci ildə ərizə verib iş üzrə xitam qərarından şikayət etmişdir. Ekspertə 3 ədəd metal trosları təqdim etsədə həmin metal trosların oğurlanmış trosların parçası olmadığı müəyyən olunub. Bu halda onun əməlində bilə-bilə yalan xəbərçilik etmə, saxta sənəd hazırlama və sübutları saxtalaşdırma halları yoxlanmayıb. Bu hallar ərizəçi Cavabdeh1 mənə qarşı qanunsuz və əsassız hərəkətlərini göstərir və buna görə də o, bu hərəkətlərə görə məsuliyyət daşımalıdır. Qeyd olunan hallar eynilə müstəntiqin 18 aprel 2019-cu il tarixli qərarı ilə qeyd olunub və bu ərizəçi Cavabdeh1 yalan ərizəsi və izahat ifadə verməsini, nəticədə mənim əsassız məhkum olmağıma çalışmasını, mənə nəticədə maddi və mənəvi ziyan vurmasını tam sübut etmişdir. Həmin qərarda əlavə olaraq qeyd olunub ki, “Boş Self’ MMC-dən alınmış 07 mart 2019-cu il tarixli, C-2019/BOOŞ/PPD/NHH/L-027 saylı məktubdan görünür ki, “Boş Self’ MMC təmənnasız olaraq 3 ədəd taxta barabana satılmış metal tros Pirallahı rayonuna göndərilib. "xxxx" MMC-yə əlavə olaraq hər hansı tros verilməyib. “Boş Self’ MMC istehsalata yararlı olan trosları heç kimə vermir, istehsalata yararsız olan troslar isə metal qırıntısı kimi xırda hissələrə bölündükdən sonra ərazidən çıxarıla bilər. Belə olan halda 3 ədəd taxta barabana satılmış həmin troslarm mövcud olması, həmçinin İddiaçı tərəfindən oğurlanması öz təsdiqini tapmamışdır. Belə olan halda Cavabdeh1 ona ziyan vurması, qanunsuz hərəkətlər törətməsi tam sübut olunur və ona dəyən maddi ziyan və mənəvi zərəri ödəməlidir. Bu hadisələr baş verən vaxt digər Cavabdeh2 həmin "xxxx" MMC-nin təsisçisi və direktoru olduğundan maddi məsuliyyət daşımalı idi. Beləki, əslində Cavabdeh1 əmlakın sahibi olmadığı halda, ancaq hər işçi kimi şikayət etmək əsassızdır və onu bu işə məcbur edən digər Cavabdeh2 olub, ona görə də cavabdeh kimi maddi məsuliyyət daşımalıdı. Cinayət işinin səhvlə qeyd olunan təhvil-təslim aktı da istintaq və məhkəmə orqanı tərəfindən saxta sənəd kimi qəbul olunmuşdur. Beləki, həmin əşyalar "xxxx" MMC-nin əmlakı olmayıb, istifadəyə yararsız olub və dəyərsiz olmuşdur. Eyni zamanda təhvil-təslim aktı direktor tərəfindən imzalanmalı olduğu halda təsisçi tərəfindən aparılması qanuna və qaydalara ziddir və istintaq və məhkəmə tərəfindən bu akt sübut növü kimi qəbul olmamışdır. Əslində Cavabdeh2 rəhbərliyi altında digər Cavabdeh1 heç bir səlahiyyəti olmadan ondan şikayətlər etmişdir və onu oğurluqda faktiki ittiham etmişdir və iş məhkəməyə gəlib çıxıb. Nəticədə həddən artıq bir müddətdə saysız hesabsız sayda dəfələrlə istintaqa çağırılmasını, üzləşmələr keçirilib və oğurluqla ittiham olunmuşdur. Bununla bağlı çoxlu maddi ziyana düşmüşdür və mənəvi sarsıntılar keçirmişdir. Bu yolla da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu tutdurmaq və azadlıqdan məhrumetməyə çalışmışlar. Halbuki heç bir oğurluq etməmişdir. Əksinə hər iki cavabdeh əvvəl müxtəlif cinayətlər törətməyə görə məhkum olunublar ki, bu da iş materiallarında qeyd olunmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənə maddi və mənəvi ziyan vurduqları üçün məsuliyyət daşımalıdırlar. Onların mənə bu üç il ərzində vurduqları maddi və mənəvi ziyanı hər bir üzrə 100.000 (bir yüz min) manat olmaqla cəmi 200.000 (iki yüz min) manat hesab edirəm. Həmin maddi və mənəvi ziyan onlardan tutulub ona ödənməlidir. İddiaçı və onun vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin işinin olması ilə əlaqədar olması barədə məhkəməyə məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30.01.2019-cu il tarixli 1(094)-2/2019 nömrəli qərarın məzmunundan aydın olur ki, İddiaçı Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cimayət işinin baxılmasına xitam verilməsi və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Pirallahı rayon prokuroruna qaytarılmasına qərara alınmışdır. İş materiallarında olan 22 aprel 2019-cu il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsilə olan ********* saylı cinayət işinin icraatına Azərbaycan Respublikasının CPM-nin 39.1.2 və 39.2ci addəsi ilə 22 aprel 2019-cu il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-ci maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 21-ci bəndində qed olunur ki, şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüş, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddir. İnsanın şəxsi həyatı, ailə sirri, şərəf və ləyaqəti qanunun müdafiəsi altındadır. Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın öz hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqinda” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Həmin Qərarın 4-cü bəndinə əsasən qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi qaydasında baxıla bilər. Həmin Qərarın 5-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərər çəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Həmin Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Həmin Qərarının 13-cü bəndinə əsasən vətəndaşlar şərəf, ləyaqət, habelə işgüzar nüfuzlarının müdafiəsi barədə qaldırdıqları iddialarda həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi ilə bərabər, həm də onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini də tələb edə bilərlər. Həmin Qərarın 14-cü bəndinə əsasən məhkəmələrə izah edilsin ki, mənəvi ziyanın tutulması bir qayda olaraq vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində tətbiq edilir. Mənəvi ziyanın miqdarı pul ilə ölçülməlidir. Mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, məlumatın yayılma dairəsini, iddiaçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını, habelə mənəvi ziyanın ödənlməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə almalıdırlar. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə iddiaçı cavabdehlərin şikayətləri əsasında onun barəsində cinayət işinin bağşlanıldığını, daha sonra həmin cinayət işinə əməlində cinayət tərkibinin olmaması əsası ilə xitam verildiyini cavabdehlərin qeyd edilən hərəkətləri nəticəsinə onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkləyən məlumatlar yayıldığını, bunun nəticəsində isə ona maddi və mənəvi ziyan vurulması halını əsas gətirərək, cavabdehlərə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı məhz cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan vurulduğunu bildirsə də, qeyd edilən hala dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. bununla da məhkəmə araşdırması zamanı cavabdehin qanunsuz hüquqa zidd təqsirli hərəkətləri nəticəsində iddiaçıya qeyd edilın məbləğdə maddi ziyan vurulması, vurulmuş maddi ziyanla cavabdehlərin hərəkətləri nəticəsində səbəbli əlaqənin olması halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehlərin onun barəsində cinayət törədilməsinə dair şikayət verməklə, həmin şikayət əsasında cinayət işinin başlanılması əsasında onun şərəf və ləyaqətini, işgüzar nüfuzunun ləkələndiyini əsas gətirərək, ona qeyd edilən məbləğdə mənəvi ziyan vurulması tələbini irəli sürsə də, onun tərəfindən həmin hallara dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı onun şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsinə dair məlumatların cavabdeh tərəfindən yayılması və bu yayılma nəticəsində nəticəsində onun mənəvi sarsıntı, iztirab keçirməsi, bununla da, cavabdehlərin qeyd edilən hərəkətləri nəticəsində ona 200000 manat məbləğində mənəvi ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd didlən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiyçmət verərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238- 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı "dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar