Məhkəmə qərarları › İş №2(002)-1953/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1953/2024

21.08.2024 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1953/2024 21.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində 23 mart 1964-cü il tarixdə İ-JS seriyalı 106495 sayla qeydiyyata alınmış nikah haqqında şəhadətnamədə «X1»nın Ərizəçi kimi oxunmaqla həmin faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində 23 mart 1964-cü il tarixdə verilmiş İ-JS seriyalı 106495 saylı nikah haqqında şəhadətnamənin ona məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.1942-ci il tarixdə Ermənistan SSR Amasiya rayonunda doğulmuşdur. 23 mart 1964cü il tarixdə X2 ilə nikaha daxil olmuşlar. Nikahları Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində qeydiyyata alınmışdır. Lakin nikah şəhadətnaməsində onun adı səhvən «Zemfira» kimi yazılmışdır. Hazırda doğum haqqında şəhadətnaməsi olmadığına görə doğum akt qeydinin bərpa edilməsi lazımdır. Sənədlərdə olan bu uyğunsuzluğa görə müəyyən problemlər yaranmışdır. Hazırki hüquqi faktın müəyyən edilməsi ona doğum akt qeydinin bərpa edilməsi üçün lazımdır. Nikah haqqında akt qeydi Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində qeydiyyata alınmışdır. Hal-hazırda məlum hadisələrlə əlaqədar həmin səhvin düzəldilməsi üçün nikah şəhadətnaməsinin qeydiyyata alındığı rayona müraciət edə bilməz. Bu səbəbdən, Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində 23 mart 1964-cü il tarixdə İ-JS seriyalı 106495 sayla qeydiyyata alınmış nikah haqqında şəhadətnamənin ona məxsus olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1942-ci il tarixdə Ermənistan SSR Amasiya rayonunda doğulmuşdur. ünvan 1 ünvanda qeydiyyatdadır. - 23 mart 1964-cü il tarixdə verilmiş İ-ZJ seriyalı 106495 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X2 ilə X3 arasında nikah 23 mart 1964-cü il tarixdə Ermənistan SSR Amasiya rayonu Yeniyol kənd sovetliyində 5 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada İbrahimova soyadı verilmişdir. Həmin nikah haqqında şəhadətnamədə ərizəçinin adı səhvən «Zemfira» kimi yazılmışdır. Halbuki, ərizəçinin adı Zenfiradır. - Bakı şəhəri Maraqlı şəxs 26 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi hazırki ərizədə qeyd etdiyi məzmunda müraciətinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilərək, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarından göründüyü kimi, ərizəçinin adı yuxarıda qeyd olunan nikah haqqında şəhadətnamədə səhvən Zemfira kimi yazılmışdır. Halbuki, ərizəçinin adı Zenfiradır və digər sənədlərdə düzgün qeyd olunmuşdur. Sənədlərdə bu qəbildən olan səhvlər, həmin dönəmlər üçün xarakterikdir və təcrübədə çox tez-tez rast gəlinir. Bu, ilk öncə qeydiyyat aparan şəxslərin çox vaxt təhsillərinin olmaması və yaxud kifayət qədər olmaması, qeydiyyat aparan şəxsin doğma dilini yaxşı bilməməsi, ikincisi, qeydiyyat aparan şəxslərin bir çox hallarda azərbaycandilli şəxs olmaması ilə bağlıdır. Vətəndaşlar müxtəlif səpkili sənədləşmə işlərinin aparılması zamanı bu səbəbdən çətinlik çəkirlər. Hazırkı iş üzrə ərizəçi də istisna deyil. Belə ki, yuxarıda adı çəkilən nikah haqqında şəhadətnamədə Ərizəçi adında səhvə yol verilərək, Zemfira kimi yazılmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 23 mart 1964-cü il tarixdə verilmiş İ-ZJ seriyalı 106495 saylı nikah haqqında şəhadətnamə xx xxx 1942-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində doğulmuş Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 23 mart 1964-cü il tarixdə verilmiş İ-ZJ seriyalı 106495 saylı nikah haqqında şəhadətnamənin xx xxx 1942-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 mart 1964-cü il tarixdə verilmiş İ-ZJ seriyalı 106495 saylı nikah haqqında şəhadətnamənin xx xxx 1942-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar