Məhkəmə qərarları › İş №2(002)-2030/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2030/2022

24.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2030/2022 24.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçının cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzilə istifadə hüququnun olmaması halının müəyyən edilməsinə» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzilə istifadə hüququnun olmaması halının müəyyən edilməsinə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5- yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2011- ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 21 saylı evin 14 saylı mənzilinə istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi və cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün qətnamənin nəticə (qət etdi) hissəsinə “bu qətnamə cavabdehin qeydiyyatdan çıxarılması üçün əsasdır” olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 21 saylı evin 14 saylı mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh1 o kürəkənidir və qızı ilə ailə qurandan sonra qeydiyyata düşməyə evi olmadığına görə onun evinə qeydiyyata düşmüş və sonradan uşaqları da formal olaraq ona məxsus evdə qeydiyyata alınmışlar.Lakin onlar ona məxsus evdə yaşamamışlar və ona məxsus evlə heç bir əlaqələri olmamışdır. Məhkəmə qərarı olmadan o onları mənzildən qeydiyyatdan çıxara bilmir. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik,sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur,həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək,öz izahatında həmin evin 1992-ci ildə order əsasında həyat yoldaşı iddiaçıya verildiyini, özünün, oğlu, 3 qızı həmin orderdə adlarının olduğunu, evə dair sənədləşmə aparılarkən orderi təhvil verdiklərini, indi özündə order olmadığını, cavabdehlərin onun qızının həyat yoldaşı və uşaqları olduğunu, onların o evdə yaşadığını, onun həyat yoldaşı və uşaqlarını da həmin evə qeydiyyata saldıqlarını, qızının boşanmadığını, Türkiyədə yaşadığını, indi oğlunun arvadını həmin evə qeydiyyata salmaq istədiyini, oğlu bacısının ərinin və uşaqlarının həmin evdən qeydiyyatdan çıxmasını istədiyini, ona görə də məhkəməyə verdiklərini, gəlini evə qeydiyyata düşə bilmədiyini, qızının ailəsi ilə 13 ildir Türkiyədə yaşadığını, lakin ununla bağlı heç bir sübutunun olmadığını, qızının hər hansı teleqram vura bilmə və ya məhkəmənin emaili vasitəsilə iddia tələbinə münasibət bildirməsinin mümkün olmadığını, məhkəmə bildirşinin Cavabdeh1 tərəfindən şəxsən alınması halı ilə bağlı heç bir şey deyə bilməyəcəyini,həmin evin 210-cu ilə qədər çıxarışının olmadığını, çıxarışı 2010-cu ildə aldıqlarını, ona qədər order olduğunu, nəvəsinin birinin evli olduğunu, kürəkəninin özünün də başqa evinin olduğunu, bu evə ehtiyaclarının olmadığını, oğlu onları qeydiyyatdan çıxartmaq istədiyini bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 21 saylı evin 14 saylı mənzil xüsusi mülkiyyət formasında İddiaçının adına xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 150 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli 794 nömrəli arayışından görünür ki, Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 21 saylı evin 14 saylı mənzili mülkiyyətçisi İddiaçı Şəfi oğlu olmaqla, Cavabdeh1 1997-ci ildən,Cavabdeh2 1993-cü ildən,Cavabdeh3 1995-ci ildən,Cavabdeh4 1996-cı ildən və Cavabdeh5 xx.xx.2000-ci ildən, X3 1992-ci ildən həmin mənzildə daimi pasport qeydiyyatdadırlar, qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Məhkəmə bununla əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında mübahisə predmeti olan mənzillə bağlı hüquq münasibətləri 2000-ci ilə qədər olan dövrdə yarandığından, habelə Cavabdeh5 münasibətdə isə o, həmin ünvanda xx.xx.2000-ci il tarixdən pasport qeydiyyatında olsa da, həmin vaxtı qeyd edilən mənzilə dair Çıxarış olmadığından, onlar arasında yaranmış mübahisəli hüquq münasibətləri1982-ci il tarixli Mənzil Məcəlləsinin 123-cü maddəsinin normaları əsasında həll edilməlidir. 1982-ci il 08 iyul tarixli Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) 123-cü maddəinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsi haqqında”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki,Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinində və digər qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. AİHM-nin “Önəryıldız Türkiyəyə qarşı işi üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsfilatdan asılı deyil, məsələ bütovlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdiirlməsindən ibarətdir.Müvafiq olaraq bu müddəanın məqəsdləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil eədn bəzi hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır, ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələbləri də əhatə edə bilər. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar.İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər.Beləliklə, yaşayış sahəsindən istifadə hüququ yalnız yuxarıda qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada mümkün olurdu. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci və 3-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisə predmeti olan yaşayış sahəsi 1992-ci il tarixdən iddiaçının sahibliyində və istifadəsində olmuş (iddiaçı tərəfin deməsinə görə order əsasında verilmişdir), 2010-cu ildə iddiaçı həmin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd almış, iddiaçı, həyat yoldaşı, 4 nəfər uşaqları 1992-ci ildən həmin evdə daimi pasport qeydiyytaında olmuş, cavabdehlər Cavabdeh1 1997-ci ildən,Cavabdeh2 1993-cü ildən,Cavabdeh3 1995-ci ildən,Cavabdeh4 1996-cı ildən və Cavabdeh5 xx.xx.2000-ci ildən, X3 1992-ci ildən həmin mənzildə daimi pasport qeydiyyatdadırlar, cavabdehlər iddiaçının qızının əri və uşaqlarıdır.Cavabdehlər həmin evdə yaşamış, hazırda həmin evdə yaşamırlar.. İndiki halda, iddiaçı cavabdehlərin həmin evdə yaşamadığını, daimi tərk etdiyini, xarici ölkədə yaşadığını əsas gətirərək, belə bir iddia tələbi irəli sürmüşdür. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin normalarını rəhbər tutaraq, hesab edir ki, hazırki mülki iş üzrə cavabdehlər iddiaçının qızının ailə üzvləri qismində çıxış etdiyindən, iddiaçının qızının isə həmin evə dair orderdə adı olduğundan (iddiaçı tərəfin öz deməsinə görə) onun öz ailə üzvlərini həmin yaşayış sahəsinə köçürmək hüququ mövcud olduğundan, bundan əlavə (hətta orderdə adı olmasa belə) iddiaçının qızı onun özünün ailə üzvi hesab edildiyindən, iddiaçının qızı həmin evdə yaşadığından, habelə cavabdehlər iddiaçının qızının ailə üzvləri olmaqla, ailə üzvi qismində həmin evə köçüb yaşadıqlarından (qanunvericiliyin tələbinə əsasən yetkinlik yaşına çatmayan uşaqlarını həmin evə köçürmək hüququ olmuş, yetkinlik yaşına çatmış şəxsin kçürülməsi mülkiyyətçinin razılığı əsasında mümkün olmuş), habelə qanunvericiliyin tələbinə əsasən vətəndaş yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, indiki halda isə cavabdehlər 1993, 1995,1996 və 1997-ci ildən həmin ünvanda daimi pasport qeydiyyatında olduğundan (məhkəmə onu qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən şəxs yaşayış yeri üzrə pasport qedyiyyatına alınır, yəni, əksi sübut olunmayınca şəxsin qeydiyyatı olduğu yer onun yaşayış yeri hesab olunur) cavabdehlərin həmin yaşayış sahəsinə dair istifadə hüquqları mövcud olmuşdur. Həmçinin, məhkəmə onu qeyd edir ki, hazırki mülki iş üzrə cavabdehlərin istifadə hüququnun itirilməsi üçün əsas şərt onların həmin yaşayış sahəsini könüllü olaraq öz iradələri əsasında daimi tərk etməsi, həmin yaşayış sahəsinə ehtiyacının olmaması və onların başqa yaşayış sahəsinə daimi köçməsi halının müəyyən edilməsidir.İndiki halda isə iddiaçı tərəfindən qeyd eidlən halın müəyyən eidlməsi üçün hər hansı mötəbər sübut təqdim edilməmiş,yeganə sübut qismində Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş arayış təqdim edilmişdir. Məhkəmə qeyd edilən sübut vasitəsilə bağlı onu qeyd edir ki, həmin sübut vasitəsi iddia tələbi üzrə cavabdehlərin faktiki olaraq həmin ünvanda yaşamaması halını müəyyən etməklə, onların həmin yaşayış sahəsini daimi olaraq könülül tərk etməsi, başqa yaşayış sahəsinə köçməsi, bu yaşayış sahəsinə ehtiyacının olmaması halını təsdqi edən birbaşa sübut vasitəsi qismində çıxış etmir.İddiaçı tərəfindən isə qeyd edilən halllara dair digər hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə iddia tələbində qeyd edilmiş yetkinlik yaşına çatmayan şəxslərlə bağlı hissədə onu qeyd edir ki, iddiaçı həmin uşaqların Cavabdeh5 uşaqları olduğunu qeyd etmişdir (bu hala dair heç bir sübut təqdim edilməmişdir). Bu halda, məhkəmə hesab edir ki, Cavabdeh5 həmin evə dair istifadə hüququ mövcud olduğundan, on dörd yaşına çatmayan uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri hesab edildiyindən, habelə iddiaçı tərəfindən qeyd edilən cavabdehin də həmin evi daimi tərk etməsi, başqa yaşayış yerinə kpçməsi, həmin evə ehtiyacının olmaması halına dair sübut təqdim edilmədiyindən, iddia tələbi yetkinlik yaşına çatmayan uşaqlara aid hissədə də təmin edilməməlidir. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.;119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməli, İddiaçının cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzilə istifadə hüququnun olmaması halının müəyyən edilməsinə» dair iddia ərizəsi əsassız olduğundan rədd edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçının cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzilə istifadə hüququnun olmaması halının müəyyən edilməsinə» dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar