Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2080/2020 29.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin cinayət əməli nəticəsində İddiaçı ASC tərəfindən AZ/PİP/14/0046 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortalanması şəhadətnaməsi ilə sığortalanmış əmlaka vurulmuş maddi ziyana görə ödənilmiş 1950 (min doqquz yüz əlli) manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğurluq məqsədi ilə xx xxxxxx 2015-ci il tarixdə saat 23:00-da İddiaçı ASC tərəfindən AZ/PİP/14/0046 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi ilə xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək sığortalanmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən kompüterlərin satışı və təmiri mağazası kimi istifadə olunan qeyri-yaşayış sahəsinə qapısını ayaq zərbəsi ilə sındıraraq qanunsuz olaraq daxil olmaqla xeyli miqdar məbləğində kompüter və digər elektron cihazları oğurlamışdır. Faktla bağlı Qaradağ RPİ-nin İstintaq şöbəsi tərəfindən cinayət işi başlanmış və həmin işin nəticəsi olaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 1(002)-97/2015 saylı hökmü ilə Cavabdeh AR CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsiri bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cinayət işi ilə əlaqədar vurulmuş ziyanla bağlı əmtəəşünaslıq ekspertizası keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 5298 saylı xx xxxx 2015-ci il tarixli rəyi ilə əmlakın talanması nəticəsində vurulmuş ziyan 2450 manat məbləğində müəyyən edilmişdir. Həmin zərərdən 500 manat azaldılma aparılaraq İddiaçı ASC sığortalanmış əmlakın sahibinə 1950 manat məbləğində sığorta ödənişi etmişdir. Cavabdeh qəsdən törətdiyi cinayət əməli ilə AZ/PİP/14/0046 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi ilə sığortalanmış əmlaka vurduğu maddi ziyana görə məsuliyyət daşıyır və AR MM-nin 936-cı maddəsinə əsasən vurulmuş ziyana görə 1950 manat məbləğində ödənilmiş pulu İddiaçı ASC-yə qaytarmalıdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı iddiaya qarşı yazılı etiraz bildirmiş və etirazında həqiqətən oğurluq etməklə cinayət törətdiyini və həmin cinayət nəticəsində vurduğu zərəri ödədiyini bildirmiş və bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortalı X1 məxsus Komputer satışı və təmiri mağazası İddiaçı ASC-də yangından və digər əlavə risklərdən (o cümlədən oğurluqdan) sığortalanmış, sığorta müddəti xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək müəyyən edilmişdir. İş materiallarında olan 2015-ci il tarixli 5989/Fİ-003/2015 saylı sığorta aktının və 2144 saylı ödəniş tapşırığının surətlərindən görünür ki, iddiaçı təşkilat sığortalı X1 2450 manat məbləğində zərər dəyməsini müəyyən etmiş, 500 manat azadolma çıxıldıqdan sonra 1950 manat məbləğində sığorta ödənişini həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli cinayət işinin başlanması haqqında qərarın surətindən görünür ki, X1 məxsus mağazadan ümumi dəyəri 7500 manat olan 10 ədəd kompyuterin oğurlanması faktı üzrə cinayət işi başlanmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli qərarın surətindən görünür ki, “xxxxxxxxx” ASC istintaq zamanı aşkar edilməmiş 3 ədəd kompyuterin dəyərinin ekspertiza yolu ilə müəyyən edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5298 nömrəlixx.xx.2015-ci il tarixli ekspert rəyindən aydın olurki,150030016 saylı cinayət işi üzrə ekspertiza tədqiqatına təqdim olunan müxtəlif çeşiddə kompüterlərin (cəmi 3 ədəd) orta bazar qiyməti 2450 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-97/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ticarət sırasında yerləşən, vətəndaş X1 məxsus kompüter satışı mağazasının qapısını ayaq zərbəsilə sındırıb qanunsuz daxil olmaqla oradan kompüterləri (cəmi 10 ədəd) gizli yolla talayaraq zərərçəkmiş şəxs V.Əliyevə ümumilikdə 5100 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, həmin əmələ görə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəliniun xx xxxxxx 2015-ci il tarixdən hesablanması, iş üzrə maddi sübut – 4 ədəd “Dell” markalı, 3 ədəd “Acer” markalı kompüterlərin, giriş qapısının daxili kilidinin 1 ədəd silindrikmexanizminin 3 ədəd açarla birlikdə, qapı plyonkası və qapı rəzəsinin X1 qaytarılmasının nəzərə alınması, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 260 manatın tutulub dövlət nəfinə ödənilməsi hökm edilmişdir. Hökmdə, o cümlədən təyin ediləcək cəzanı yüngülləşdirən hallar sırasında vurulan ziyanın ödənilməsi qeyd olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı sığorta təşkilatı qüvvədə olan hökmə əsasən oğurluq əməlinin törədilməsində təqsirli bilinən cavabdehdən sığortalı zərərçəkmişə ödədiyi sığorta ödənişini subroqasiya qaydasında tələb etməkdə haqlıdır. Həmçinin, nəzərə alınmalıdır ki, hökmdə, o cümlədən təyin ediləcək cəzanı yüngülləşdirən hallar sırasında vurulan ziyanın ödənilməsi qeyd olunmamışdır. Eyni zamanda, cinayət işi üzrə 10 ədəd kompyuterin oğurlandığı, maddi sübut qismində cəmi 7 ədəd kompyuterin qaytarıldığı, ekspert rəyi ilə müəyyən edilmiş 2450 manatın isə istintaq zamanı aşkar edilməmiş 3 ədəd kompyuterin dəyəri olduğu nəzərə alınmalıdır. Ona görə də cavabdehin etirazı əsassız hesab olunaraq, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPMnin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284- 1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı ASC tərəfindən AZ/PİP/14/0046 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortalanması şəhadətnaməsi ilə sığortalanmış əmlaka vurulmuş maddi ziyana görə ödənilmiş 1950 (min doqquz yüz əlli) manat pul və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2080/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2080/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver