Məhkəmə qərarları › İş №2(002)-2103/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2103/2022

01.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2103/2022 01.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Holcim (Azərbaycan)» ASC-yə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Holcim (Azərbaycan)» ASC-yə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Holcim (Azərbaycan)» ASC-nin ona qarşı qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 619 manat maddi və 10.000 manat mənəvi zərərin əvəzi olmaqla, cəmi 10.619 manat pul vəsaitinin və ödənilmiş 123 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi və ondan rəsmi şəkildə üzr istənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, yaşadığı İsmayıllı rayonu Göytəpə kəndinin yaxınlığında yerləşən İvanovka kəndində olan kiçik tikinti malları mağazasını işlədir. 2016-cı ilin sentyabr ayında sement istehsalı və satışı ile məşğul olan cavabdeh «Holcim (Azərbaycan)» ASC-nin perakəndə satış üzrə distribütoru Ağa adlı şəxsdən 2016-cı ilin sentyabr-oktyabr və noyabr aylarında nisyə alğı-satqı müqaviləsi əsasında üç dəfəyə təqribən 11.200 manat dəyərində sement materialı satmışdır. Müqavilədə alınan malın dəyərinin birinci aldığı malın dəyərini 15 gün, sonrakıların isə 1 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. 2016-cı ilin sentyabr ayının 25-də 11.200 manatın 4.000 manatını Bakı şəhərində Bakı şəhər DYP idarəsinin qarşısında adını qeyd etdiyi, malı ona təhvil verən Ağa adlı şəxsə ödəməklə sonuncudan yazılı qəbz almışdır. Həmin ilin oktyabr və noyabr ayında isə İsmayıllı rayonu İvanovka kəndində yerləşən «Milli ön» terminalı vasitəsi ilə iki dəfəyə cəmi 7.200 manat məbləğini də cavabdehin hesabına ödəmişdir. Ödədikdən sonra qəbzlərin şəklini telefon vasitəsi ilə Ağa adlı şəxsə göndərmişdir. Beləliklə də onun cavabdehə heç bir borcu qalmamışdır. Bu barədə Ağa adlı şəxslə telefon vasitəsi ilə danışmışdır və ona heç bir borcunun qalmadığını bildirmişdir. Həmin vaxtdan 6 il 6 ay müddət keçdiyindən o, cavabdehin mal satışı ilə məşğul olan şəxsi bağlanan alğı-satqı müqavilələrinin surətlərini, ödəniş qəbzlərini saxlamamışdır. Belə ki, hər bir satıcı şirkətlə ilin sonunda son hesablaşmalar aparılır və borclar tam şəkildə ödənilir və silinir, ödənmədiyi təqdirdə ən azı bir neçə ay ərzində məhkəməyə müraciət edilir. Ona görə, bu qisimdə sənədlər iki ildən artıq saxlanılmır. Əgər onun cavabdehə borcu olmuş olsa idi, ötən 6 il 6 ay ərzində cavabdəh 4.000 manata yaxın borca görə susub qalmazdı. Hansı ki, o, 2016-cı ilin noyabr ayından sonra həmin şirkətdən ümumiyyətlə mal almamışdır. Mülki Prosessual Məcəllənin 373.1, 373.2 və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Qeyd etdiyi kimi, onun cavabdehə borcu qalmamışdır. Lakin qalmış olsa belə, qanunun mənasından görünür ki, cavabdeh təşkilat iddia müddətini 3 il 6 ay əvvəl, yəni 2020-ci ilin may ayında bitmişdir. Bütün bunlara baxmayaraq, 2022-ci ilin aprel ayının ortalarında cavabdeh təşkilatın adını bilmədiyi nümayəndəsi tərəfindən ona zəng olunaraq guya onlara 07 sentyabr 2016-cı il tarixli alğı-satqı müqaviləsi üzrə 3.977 manat 69 qəpik məbləğində borcunun olmasını bildirmiş və ondan borcun bir ay ərzində ödənilməsi tələb olunmuşdur. O, həmin şəxsə vəziyyəti izah etmiş və onun şirkətə heç bir borcunun qalmadığını bildirmişdir. Lakin sonuncu onun dediklərini qəbul etməmiş və onu məhkəməyə verməklə hədələmişdir. O, bu haqsız tələbdən sonra kəskin stress keçirmiş və nəticədə keçirdiyi insultla əlaqədar paraliç olmuşdur və hazırda davamlı şəkildə müalicə olunur. Bu günədək, müalicə xərcləri kimi xəstəxanaya (təsərrüfat hesablı xalq təbabəti mərkəzi) 74 manat, dərman preparatlarına 385 manat, iki dəfə Bakı şəhərinə aparıb gətirməyə görə taksiyə cəmi 160 manat, cəmi 619 manat xərcləmişdir və müalicəsi isə hələ davam edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulan mənəvi zərəri isə 10.000 manat məbləğində qiymətləndirir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı «Holcim (Azərbaycan)» ASC-dən cəmi 13.717 manat 69 qəpik dəyərində sement məhsulları almışdır. 2016-cı il üzrə – xx.xx.2016-cı il tarixdə 3.255 manat 49 qəpik; xx.xx.2016-cı il tarixdə 3.271 manat 54 qəpik; xx.xx.2016-cı il tarixdə 3.255 manat 49 qəpik; 2017-ci il üzrə – xx.xx.2017-ci il tarixdə 3.935 manat 17 qəpik. İddiaçı aldığı mallar üzrə 9.740 manat ödəmiş, 3.977 manat 69 qəpik borc ödənilməmiş qalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2017-********** saylı müqavilənin xx.xx.2017-ci il tarixli Qiymət əlavəsinə əsasən alıcı (cavabdeh) malın dəyərini əldə etdiyi tarixdən etibarən 20 gündən gec olmayaraq ödəməlidir. 3.977 manat 69 qəpik borc məbləği uzun müddətdən bəri ödənilmədiyinə görə həmin məbləğin ödənilməsi barədə cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir. İddiaçının tələbləri əsassızdır. Belə ki, «Holcim (Azərbaycan)» ASCnin nümayəndəsinin borcun ödənilməsi barədə bildirişi tam qanuni və əsaslıdır. Birincisi, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır, həmin müqavilənin 6-cı bəndində malın alış qiymətinin ödənilməsini tələb etmək hüququ cavabdehə verilmişdir. İkincisi, iddiaçıya bildirişi göndərən şəxsə cavabdeh tərəfindən etibarnamə verilmişdir, həmin etibarnamədə alğı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməyən fiziki və hüquqi şəxslərdən cəmiyyətin adından öhdəliklərin icrasını birbaşa tələb etmək hüququ verilmişdir. Etibarnamə cavabdehin rəhbəri tərəfindən imzalanmışdır və xx.xx.2022-ci il tarixədək qüvvəsi vardır. Üçüncüsü, alğı-satqı müqaviləsində qeyd olunur ki, ödəniş satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilməlidir. İddiaçı malları qəbul etdiyini özü də etiraf edir və qeyd edir ki, o, aldığı malların pulunu ödəmişdir, lakin bunu təsdiq edən heç bir sənəd və sübutu təqdim etməmişdir. Dördüncüsü, iddiaçının iddia müddətinin keçdiyi üçün borcun tələb edilməsini qanunsuz hesab etməsi əsassızdır. Çünki, tələbkar borcludan borcun ödənilməsini istənilən vaxt tələb edə bilər, qanunvericilikdə tələbkara bunu qadağan edən hər-hansı məhdudiyyət müəyyən edilməmişdir. İddiaçı iddia edir ki, cavabdehin nümayəndəsinin borcun ödənilməsi tələbi barədə bildirişindən sonra o, stress və insult keçirmişdir. Lakin iddiaçı iddia ərizəsinə insult keçirməsi barədə sənəd və sübutlar, o cümlədən xəstəlik vərəqəsi və ya digər təsdiqedici sənədlər əlavə etməmişdir. İddiaçı əgər insult keçirmişdirsə, iddiaçının insult olmasına səbəb məhz cavabdehin nümayəndəsinin ona göndərdiyi bildirişin səbəb olması barədə sənəd və sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı insult keçirməsi nəticəsində tibbi xidmətlərə və dərmanlara görə 619 manat xərclədiyini qeyd edir, lakin iş materiallarına yalnız 15 manat ödəniş edildiyini təsdiq edən qəbz əlavə etmişdir. Ödəniş barədə başqa sənədlər əlavə etməmişdir. İddiaçı ona cavabdehin göndərdiyi bildirişdən sonra 10.000 manat məbləğində mənəvi zərərin dəydiyini iddia edir. İddiaçı həmin zərərin nəyə görə məhz cavabdehin göndərdiyi bildirişdən sonra əmələ gəldiyini və nəyə görə məhz 10.000 manat həcmində olduğunu əsaslandırmır. İddiaçı iddia ərizəsində cavabdehin ondan rəsmi surətdə üzr istəməsini tələb edir. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin nümayəndəsinin borc tələbi qanuni və əsaslı olmuşdur, belə olan halda cavabdehin iddiaçıdan üzr istəmək barədə heç bir öhdəliyi ola bilməz. Yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi, cavabdehin iddiaçıdan ödənilməmiş borcun ödənilməsini tələb etməsi tam qanuni və əsaslıdır, bunu qadağan edən hər hansı məhdudiyyət yoxdur. Buna görə də, iddiaçının borcun ödənilməsi barədə bildirişi aldıqdan sonra insult keçirməsi, ona maddi və mənəvi ziyan dəyməsi ilə bağlı iddiaları əsaslı deyildir, insult keçirsə belə bunun cavabdehə hər hansı aidiyyəti və ya əlaqəsi yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərər vurulmasına; cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində insult keçirməsinə və s.) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh «Holcim (Azərbaycan)» ASC-yə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Holcim (Azərbaycan)» ASC-yə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar