Məhkəmə qərarları › İş №2(002)-2170/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2170/2025

24.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Alimentin təyin edilməsi tələbi - Uşaq tələb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2170/2025 24.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 06 oktyabr 2005-ci il tarixdə Qaradağ rayon VVADQ şöbəsində 682 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2009-cu il təvəllüdlü X2 onun yanında saxlanılması; xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 06 oktyabr 2005ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan doğulmuş iki övladları var. Övladlarından biri X5 xx.xx.2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmışdır. Hazırda himayəsində olan xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatmamışdır. Cavabdehlə evləndikləri ilk vaxtlar münasibətləri normal olsa da, sonradan ailə münasibətləri pozulmuşdur. Belə ki, cavabdehlə xasiyyəti uyğun gəlmir, yola gedə bilmirlər. Bu səbəbdən də, aralarında narazılıq olmuşdur. Onların ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Artıq nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşaya bilməzlər. Cavabdeh bir ata kimi uşağına baxmalıdır. Hesab edir ki, cavabdehlə aralarında bağlanmış nikah pozulmalı, uşaq onun yanında saxlanılmalı və uşağın saxlanılması üçün aliment tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 06 oktyabr 2005-ci il tarixli AZ-İ seriyalı 182134 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 06 oktyabr 2005-ci il tarixdə Qaradağ rayon VVADQ şöbəsində 682 saylı akt qeydi ilə bağlanmışdır, nikah bağlanandan sonra arvada Şirinova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş iki övladları var, onlardan xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatmamışdır. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/9/2025-00491 saylı arayışdan görünür ki, tərəflər xx.xx.2025-ci il tarixdə saat 12:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi mümkün olmamışdır. 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər ər-arvad münasibətlərini kəsmişlər, ailələri faktiki olaraq dağılmışdır. Nikah formal xarakter daşıyır və ailənin bərpasına ümüd yoxdur. Cavabdeh iddianı etiraf edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən ər-arvadın nikahın pozulmasına razılığı olduqda, bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 20 dekabr 2024-cü il tarixdə «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» 15 saylı qərar qəbul etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə 8.4-1-ci bənd əlavə edilmişdir. 8.4-1-ci bənddə formalaşdırılmış hüquqi mövqeyə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məlumdur ki, ölkə üzrə müəyyən edilən minimum əmək haqqı 2025-ci il üçün 400 manat təşkil edir. Hazırki mülki iş üzrə iddia ərizəsi məhkəməyə 30 aprel 2025-ci il tarixdə verildiyindən, məhkəmə hesab edir ki, aliment təyin edilərkən 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, bir uşağa görə 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,62 mislində (246 manat / 400 manat = 0,615 misli, yuvarlaşdırdıqda 0,62 misli) aliment tutulmalıdır. Eləcə də, alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən başlanmalı, sonrakı artımlar nəzərə alınmalıdır. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 06 oktyabr 2005-ci il tarixdə Qaradağ rayon VVADQ şöbəsində 682 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı; xx.xx.2009-cu il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmalı; xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində (246 manat / 400 manat = 0,615 misli, yuvarlaşdırdıqda 0,62 misli) sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 49,52 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumu və mediasiya xərci tələb edilmədiyindən onlar iddiaçıya aid edilməlidir. İddiaçı mediasiya xərci ödədiyindən dövlət rüsumunun qalan hissəsini ödəməkdən azad edildiyinə görə, 50 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 06 oktyabr 2005-ci il tarixdə Qaradağ rayon VVADQ şöbəsində 682 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. xx.xx.2009-cu il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılsın. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində (246 manat / 400 manat = 0,615 misli, yuvarlaşdırdıqda 0,62 misli) sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 49,52 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Ödənilmiş dövlət rüsumu və mediasiya xərci tələb edilmədiyindən onlar iddiaçıya aid edilsin. İddiaçı mediasiya xərci ödədiyindən dövlət rüsumunun qalan hissəsini ödəməkdən azad edildiyinə görə, 50 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar