Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-593/2023 09.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanması və aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanması və aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2012-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş X1 onun himayəsində saxlanması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və cəmi 100 manat məhkəmə xərcinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, cavabdehlə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci ildə X3 doğulmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri kəskinləşmişdir. Onlar bir yerdə yaşamırlar və ona görə də o, qəti olaraq boşanmaq qərarına gəlmişdir. Ailələri faktiki olaraq dağılmış və bərpası mümkün deyil. Cavabdeh uşağın saxlanmasında maddi köməklik göstərmir. Odur ki, göstərilənlərin nəzərə alınıb iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ilə aralarındakı nikahın pozulmasına, birgə nikahdan doğulmuş övladının iddiaçının himayəsinə verilməsinə və aliment ödəməyə etirazı yoxdur. Lakin səhhətində hal-hazırda problemlər olduğu üçün alimenti 6 ay ödəyə bilməyəcək, yalnız normal iş həyatına qayıtdıqdan sonra ödəyə biləcək. Məhkəmə, iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini nəzərə alıb, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.2-ci maddəsində göstərilir ki, ərarvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda, nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ 603658 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, həmin tarixdə Cavabdeh ilə X2 arasında 109 nömrəli akt qeydli rəsmi nikah bağlanmış, nikahdan sonra arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarından və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, məhkəmə tərəfindən tərəflərin barışması üçün 3 (üç) aylıq barışıq müddəti müəyyən edilmiş, lakin həmin müddət ərzində onlar barışmamışlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20-ci maddəsindən görünür ki, tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə və məhkəmə tərəfindən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildikdə, tərəflər arasındakı nikah pozulur. Beləliklə, məhkəmə, tərəflərə verilmiş 3 (üç) aylıq müddət ərzində onların barışmamasını, həmçinin iddiaçının nikahın pozulmasında təkid etməsini nəzərə alaraq belə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkün olduğundan tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrində göstərilir ki, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və aliment məsələsini həll etməlidir. İş materiallarında olan AZ-İİİ 134743 seriya nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X3 doğulmuşdur. Məhkəmə, tərəflərin birgə nikahından olan uşağın hal-hazırda anası ilə yaşamasını, habelə onun azyaşlı olmasını və mənafeyi üçün digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, X3 anasının (iddiaçının) himayəsində qalmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddia tələbindən görünür ki, iddiaçı cavabdehlə birgə nikahından olan uşaqların saxlanması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin tərəflərin birgə nikahından olan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün 50 manat dövlət rüsumu və mediasiya prosesinin təşkili ilə əlaqədar 50 manat mediasiya xidmət haqqı olmaqla, cəmi 100 manat məhkəmə xərci ödənilmişdir. Məhkəmə, iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış 106 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlansın. Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. İş üzrə cəmi 100 (bir yüz) manat məhkəmə xərci cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-593/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-593/2023
09.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Alimentin təyin edilməsi tələbi - Uşaq tələb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver