Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2192/2025 25.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 5.000 manat olmaqla, cəmi 10.000 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Abşeron rayonu Saray qəsəbəsində yerləşən evi ona satmaq adı altında ondan 5.000 manat pul vəsaiti almış və hal-hazıra kimi həmin pulu qaytarmamışdır. Bununla əlaqədar, Cavabdeh barəsində tədbir görülməsi və pulunun cavabdehdən alınaraq ona qaytarılması ilə əlaqədar olaraq Abşeron rayon Polis İdarəsinin Saray qəsəbəsində yerləşən Polis Bölməsinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Polis Bölməsində həmin ərizəsi ilə bağlı araşdırma apaprılmış və tədqiqatçı Aslan Allahverdiyev tərəfindən 30 dekabr 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsinə əsas kimi tədqiqatçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.2-ci maddəsinə istinad etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Tədqiqatçının qərarda belə nəticəyə gəlməsi tam qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır və əgər daşınmaz əmlakla bağlıdırsa, mütləq qaydada beh müqaviləsi notariat qaydasında təsdiq olunmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış bütün əqdlər etibarsızdır. Bundan başqa, Cavabdeh verdiyi bütün izahatlarında ondan 5.000 manat aldığını təsdiq etmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq Cavabdeh həmin pulu ona qaytarmaqdan imtina etmişdir. Bildirir ki, həmin 5.000 manat pulu o, ayrı-ayrı şəxslərdən borc almış, həmin şəxslər dəfələrlə pullarını ondan tələb etmişlər. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində o, uzun müddətdir ki, əsəb sarsıntısı keçirmişdir, diskomfort şəraitdə yaşayır, dəfələrlə keçirdiyi stress nəticəsində ayrı-ayrı xəstəxanalarda müalicə olunmuşdur, xeyli pul vəsaiti xərcləmişdir və hal-hazırda da, həmin vəziyyəti davam edir. Hesab edir ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona 5.000 manat mənəvi ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında iddianı qismən müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etməsə də, iddianın maddi ziyanın ödənilməsinə dair hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, həqiqətən iddiaçıdan 5.000 manat pul almışdır. Lakin işlər istədiyi kimi alınmamışdır. Pulu da vaxtında iddiaçıya qaytara bilməmişdir. İddiaçı bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmiş, həmin müraciət araşdırılarkən o da dəvət edilərək izahatı alınmışdır. İzahatında iddiaçıdan 5.000 manat pul aldığını bildirmişdir. Məhkəmədən iddianın qismən, maddi ziyanın tutulmasına dair hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, Cavabdeh ev satmaqla bağlı İddiaçı 5.000 manat pul vəsaiti almış, lakin satılması nəzərdə tutulan evin öz mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud başqa şəxsin ona ev satmaq səlahiyyəti verməsini təsdiq edən etibarnamə təqdim etməmiş (subyektiv hüquqa malik olduğunu təsdiq edən sübutlar), uzun müddət ərzində 5.000 manat həddində əsassız varlanmış, iddiaçının çoxsaylı tələblərinə baxmayaraq, həmin pul vəsaitini iddiaçıya qaytarmamışdır. İddiaçı cavabdeh barəsində hüquq-mühafizə orqanlarına, daha sonra isə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda cavabdeh iddianı qismən, 5.000 manat maddi ziyan hissəsində qəbul edir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, cavabdeh iddiaçının hesabına 5.000 manat həddində əsassız varlanmışdır. Həmin pul vəsaitinin cavabdehdə qalmalı olması ilə bağlı hər hansı müqavilə əsası və yaxud digər qanuni əsas yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 5.000 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Təqdim olunmuş məcburi köçkün vəsiqəsindən (AA seriyalı 206597 saylı, Dövlətqaçqınkomun xx.xx.2009-cu il tarixli qərarına əsasən verilmişdir) göründüyü kimi, iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Məhkəmə vurğulayır ki, iddia tələbinin əsası kimi istinad edilən cinayət işi başlanmasının rədd edilməsi barədə qərara istinad edilməsinə zərurət olmamaqla yanaşı, Abşeron RPİ TŞ-nın xx.xx.2024-cü il tarixli qərarı məhkəmə nəzarəti qaydasında Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(012)-92/2024 saylı qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 5.000 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh X1 qeyri-hüquqi hərəkətləri nəticəsində ona məxsus əmlakdan (pul vəsaitindən) məhrum olması ilə bağlı mənəvi sarsıntı və iztirablara məruz qalsa da məhkəmə iclasında iddianı qismən müdafiə etmiş, MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim etməmiş, iddianın yalnız maddi ziyanın ödənilməsinə dair hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə baxılması ilə əlaqədar ödənilməli olan dövlət rüsumunun işdə iştirak edən şəxslərdən tutulması ilə bağlı məsələni araşdıraraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün olmaqla dövlət rüsumu ödəməkdən azad edilmiş şəxs olduğundan, iş üzrə ödəmilməli olan 70 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5.000 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. 70 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2192/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2192/2025
25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver