Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2205/2025 05.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, İddiaçı Cavabdeh İqoryeviçə qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh İqoryeviçə qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilən sənədlərdən aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 25, 10 saylı mənzil xx.xx.1995-ci il tarixdən iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Qaradağ rayon MKTB 150 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İqoryeviç iddiaçıya məxsus mənzilə xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Hazırda İddiaçı həmin yaşayış sahəsində faktiki yaşamayan cavabdehin qeydiyyatdan çıxarılması məqsədilə onun istifadə hüquqlarının itirilməsi barədə məhkəmədə iddia qaldırılmışdır. Halbuki, qüvvədə olan qanunvericiliyə əsasən belə hallarda cavabdehin qeydiyyatının ləğvi və ya qeydiyyatdan çıxarılması barədə müvafiq inzibati orqana (ərazi üzrə polis idarəsinə) müraciət edilməli, həmin orqanın imtinası və ya hərəkətsizliyi halında mübahisəyə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 2.2.1, 2.2.2, 2.2.5-ci maddələrinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh İqoryeviçə qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı izah olunsun ki, cavabdehin qeydiyyatının ləğvi və ya qeydiyyatdan çıxarılması tələbi ilə müvafiq inzibati orqana (Qaradağ rayon Polis İdarəsinə), həmin orqanın imtinası və ya hərəkətsizliyi halında isə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2205/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2205/2025
05.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver