Məhkəmə qərarları › İş №2(002)-2252/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2252/2023

17.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2252/2023 17.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi(qızı) Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Nəbiyeva (Rüstəmova) Səbinə Nəriman qızına qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Nəbiyeva (Rüstəmova) Səbinə Nəriman qızı qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1. X2 və yetkinlik yaşına çatmayan uşaq X1 mənə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 5, ev 88 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1ənzil dövlət reyestrində xx.xx.2023-cü il tarixdə onun atasının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Onlar ailəsi ilə birlikdə həmin evdə yaşayırlar. Lakin hazırda cavabdehlər olan- əmisi qızları və bir yetkinlik yaşına çatmayan oğlu onlara məxsus evdə qeydiyyatdadırlar. Cavabdehlər ailə həyatı qurmaqla uzun müddətdir ki, ər evində yaşayırlar. Lakin onların evlərinin sənədi olmadığı üçün qeydiyyatdan çıxa bilmirlər. Cavabdehlərin atasına məxsus mənzildə qeydiyyatda qalması onlar üçün bir sıra problemlər yaradır. Belə ki, onlar mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalırlar. İddiaçı nümayəndəsi(qızı) Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, cavabdehlər onların evlərində heç vaxt yaşamayıblar,onların öz evləri var, cavabdehlər sadəcə mübahisə predmeti olan evdə qeydiyyatdadırlar. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən digər cavabdehlər Cavabdeh1 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X5 ifadəsində bildirmişdir ki, iddiaçı onun qardaşıdır,cavabdehlər isə onun qızlarıdır, onlar mübahisə predmetində heç vaxt yaşamamış və sadəcə qeydiyyatdadırlar. Onların özlərinin evləri vardır. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin, şahidin izahatlarını dinləyib, cavabdehlərini ərizələrini nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş və lazımı qaydada təsdiq edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın çıxarışdan görünür ki, ünvan 1ənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla mülkiyyətindədir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi üzrə nümayəndəliyinin Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair olan 24 nömrəli xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, cavabdehlər Cavabdeh1-1993-cü ildən və Nəbiyeva (Rüstəmova) Səbinə Nəriman qızı-1995-ci ildən ünvan 1ənzil ünvanında qeydiyyatdadırlar. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür, Cavabdeh1 və Nəbiyeva (Rüstəmova) Səbinə Nəriman qızı ünvan 1ənzil ünvanın qeydiyyatından çıxarılmağına etiraz etməmişdirlər. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2011-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228-ci maddəsinə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin- müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin -müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunan mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil hazırda iddiaçının 2023-ci ildən mülkiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin və şahidin izahatlarında göründüyü kimi, cavabdehlər iddiaçının qardaşı qızları olmaqla, mübahisə predmeti olan evdə heç bir vaxt yaşamamış və sadəcə qeydiyyatda olmuşdular. Hazırda iddiaçı cavabdehlərin ona məxsus mənzilə olan formal qeydiyyatından çıxarılmaları üçün cavabdehlərin mübahisə predmetindən istifadə hüquqlarına xitam verilməsini xahiş etmiş, cavabdehlər isə iddia tələbini qəbul edərək, təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını, mübahisəli evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmasını, həmçinin tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir razılaşma olmadığını, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən cavabdehin ümumiyyətlə iddiaçının ailə üzvü olmaığını, tərəflər arasında istifadə hüququ ilə bağlı notarial qaydada bağlanmış razılaşma olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərın iddiaçıya məxsus evdən istifadə hüquqlarına xitam verilməlidir. Həmçnin, məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdehlərin mübahisə predmeti olan mənzildə heç vaxt yaşamadığından mənzildən istifadə hüquqlarının yaranmadığını əsas götürərək, cavabdehlərin etiraf ərizələrini nəzərə alaraq, hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqları olmadığından, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Nəbiyeva (Rüstəmova) Səbinə Nəriman qızının və yetkinlik yaşına çatmayan uşaqları X4 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 5 ev 88 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir Məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Nəbiyeva(Rüstəmova) Səbinə Nəriman qızının və yetkinlik yaşına çatmayan uşaqları X4 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 5 ev 88 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar