Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2286/2022 25.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun yetkinlik yaşına çatmayan övladı xx.xx.2011-ci il təvəllüdlü X1 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Səttar Nəcəfov küçəsi, 17 saylı evin 50 saylı, ona məxsus olan mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X3 ilə 1976-cı ildən bəri nikahdadır. Birgə nikahdan üç qızları var, 1977-ci il təvəllüdlü Cavabdeh, 1983-cü il təvəllüdlü Rüstəmova İradə və 1992-ci il təvəllüdlü Rüstəmova İranə. Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda 1979-cu ildən bəri ailəsi ilə birgə yaşayır. Əvvəllər dəmiryollarında işlədiyinə görə həmin mənzil ona 1979-cu ildə işlədiyi idarə tərəfindən verilmişdir. Mənzil xx.xx.2016-cı il tarixdə onun tərəfindən özəlləşdirilərək xüsusi mülkiyyətinə keçirmişdir. Qızlarının hər üçü ailə qurmuşdur. Böyük qızı, hazırki iş üzrə Cavabdeh anadan olandan bəri İ qrup əlildir, gəzə bilmir. Əlilliyə görə müavinət də alır. Digər iki qızı sağlamdırlar. Məhz böyük qızı olan cavabdeh İ qrup əlil olduğu üçün qızına yoldaşı ilə birlikdə evlərinin qarşısında 3,5 sot torpaqda iki otaq, bir mətbəx və hamamsanitar qovşaqdan ibarət ev tikmişlər. Maddi imkanları olmadığı üçün evi uzun müddət ərzində tikib, təmir edib, başa çatdırmışlar. 2007-ci ildə evi tam təmirli vəziyyətdə hazır etmişlər. Yəni, böyük qızı hələ ailə qurmamışdan əvvəl. 2008-ci ildə böyük qızı Cavabdeh rəsmi nikaha daxil olaraq Quliyev Nahid adlı şəxslə ailə qurmuşdur. Hal-hazırda ailəsi ilə birgə həmin evdə yaşayır. Evin hasarı və qapısı da daxil olmaqla bütün kommunal xətlərinə qədər ayrıdır. Hər bir kommunal xətt üzrə ayrıca cavabdehin adına sayğacları da quraşdırılıb və hamısı özü və həyat yoldaşı tərəfindən qızları hələ ailə qurmamışdan əvvəl həyata keçirilmişdir. Məhkəmə baxışı keçirib qeyd edilənlərin hamısı ilə yerində tanış olmaq mümkündür. Qeyd edilənlərə baxmayaraq, qızı və onun azyaşlı oğlu xx.xx.2011-ci il təvəllüdlü X4 hələ də onun mənzilində formal olaraq qeydiyyatda qalırlar. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Səttar Nəcəfov küçəsi, 17 saylı evin 50 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına 846 saylı reyestr kitabının 78826 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında 18 mart 2022-ci il tarixli, ******* saylı arayışdan görünür ki, cavabdeh azyaşlı övladı ilə iddiaçıya məxsus ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən «Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.» Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar «Uolson İsveçrəyə qarşı» məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Məhkəmədə toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh anasına məxsus mənzildə formal olaraq qeydiyyatdadır, həmin mənzildə yaşamır, 2008-ci ildən mənzilə yaxın ərazidə inşa edilmiş evdə ailə üzvləri ilə birgə yaşayır. Belə olan halda onun anasına məxsus mənzilə istifadə hüququnun əldə edilməsini zəruri edən əsas da artıq mövcud deyildir. Bu əsasın mövcud olmaması isə mahiyyət etibarılə onun yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilməsini istisna etmir. Bundan başqa, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan övladı xx.xx.2011-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Səttar Nəcəfov küçəsi 17 saylı evin 50 saylı mənzilindən istifadə hüquqları itirilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan övladı xx.xx.2011-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Səttar Nəcəfov küçəsi, 17 saylı evin 50 saylı mənzilindən istifadə hüquqları itirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2286/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2286/2022
25.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver