Məhkəmə qərarları › İş №2(002)-2310/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2310/2022

26.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2310/2022 26.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hazırda onun mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid 13 saylı evin 25 saylı mənzilinə istifadə hüquqlarının olub-olmamasının müəyyən edilməsi və cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün qətnamənin nəticə (qət etdi) hissəsinə «bu qətnamə cavabdehlərin qeydiyyatdan çıxarılması üçün əsasdır» olması barədə qeydin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid 13 saylı evin 25 saylı mənzilini alğı-satqı müqaviləsinə əsasən almışdır. Həmin mənzil xx.xx.2022-ci il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. Cavabdehlər mənzilin köhnə sakinləridirlər və mənzil alarkən mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Cavabdehlər əvvəldən həmin mənzildə qeydiyyatda olmuşlar, o, sonuncuları mənzilə qeydiyyata saldırmamışdır. Cavabdehlər yuxarıda qeyd etdiyi kimi, həmin mənzilin köhnə sakinləri olmuşlar. Sonuncuların istifadə hüququ mövcud olmuşsa belə, mülkiyyətçinin dəyişməsi ilə əlaqədar olaraq bu hüququ itirmişlər. Cavabdehlər həmin mənzili ona satarkən mənzildən çıxmağı öhdələrinə götürmüşlər. Məhkəmə qərarı olmadan o, sonuncuları mənzildən qeydiyyatdan çıxara bilmir. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur. Həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddia tələbini qəbul edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid 13 saylı evin 25 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. 152 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2 saylı forma üzrə arayışdan görünür ki, cavabdehlər İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla, keçmiş sakinlərdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, «istifadə» sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini «istifadə hüququ» adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə «istifadə hüququ» ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair» 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid 13 saylı evin 25 saylı mənzili İddiaçı hər hansı şərt müəyyən edilmədən satılmışdır. Halbuki, mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətinə yüklü vəziyyətdə keçməmiş, daşınmaz əşya üzərində mülkiyyət hüququnun yüklü hala keçməsinə səbəb olan məhdud əşya hüququ ilə bağlı sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında müqavilə bağlanmamış və bu müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, cavabdehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüquqları yaranmamışdır. Bu səbəbdən, iddia təmin edilməməlidir. Buna baxmayaraq, hazırkı qətnamə cavabdehlərin yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid 13 saylı evin 25 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Hazırkı qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid 13 saylı evin 25 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar