Məhkəmə qərarları › İş №2(002)-2382/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2382/2023

05.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2382/2023 05.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh hazırda onun istifadəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5A, 34 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5A, 34 saylı mənzil 001783 saylı orderlə 11 sentyabr 2006-cı il tarixdə mərhum X2na, ona və dörd uşağına verilmişdir. Həmin vaxtdan da ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. X2 30 iyun 2017-ci il tarixdə vəfat etmişdir, dörd övladı isə öz paylarını notarial qaydada ona bağışlamışdır. Hazırda mənzildə özü yaşayır və mənzili adına özəlləşdirmək istəyir. Mərhum ərinin uzaq qohumu olan Cavabdeh təhsili ilə əlaqədar Bakı şəhərində qeydiyyat lazım olduğuna görə on il əvvəl həmin mənzilə qeydiyyata saldırmışlar. Halbuki, cavabdeh bir gün də olsun həmin mənzildə yaşamamışdır və mənzillə heç bir əlaqəsi yoxdur. Cavabdehin atası evi Güzdəkdədir, ailə qurduqdan sonra isə Xırdalanda yaşayır. Cavabdeh özü qeydiyyatdan çıxmağa dair notarial qaydada ərizə vermiş, lakin öz ünvanına qeydiyyata düşə bilmədiyinə görə qeydiyyatda qalmışdır. Cavabdehin həmin mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçı üçün bir sıra problemlər yaradır və hüquqlarını məhdudlaşdırır, eyni zamanda iddiaçı əlavə kommunal xərc çəkməli olur. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və hər hansı sübut təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X14 ifadə verərək bildirdi ki, iddiaçı ilə 1985ci ildən yaxın qonşuluq münasibətindədir. Cavabdehi tanımır, iddiaçının mənzilində görməmişdir. Cavabdehi təhsilini davam etdirməsi üçün mənzilə qeydiyyata salıblar, lakin cavabdeh heç vaxt həmin mənzildə yaşamayıb. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, iddiaçı ilə 1980-ci illərdən yaxın qonşuluq münasibətindədir. Cavabdehi tanımır, iddiaçının mənzilində heç vaxt görməmişdir. Məhkəmə, izahatı və şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 001783 saylı xx.xx.2006-cı il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 5a saylı evin yaşayış sahəsi 50,05 kv.m olan 4 otaqdan ibarət 34 saylı mənzili X4 alə tərkibi ilə birlikdə verilmişdir, ailə tərkibi həyat yoldaşı İddiaçı, övladları Zahidova S.İ., Zahidova A.İ., Zahidova K.İ., İddiaçıİ.-dən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5a, 34 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa Cavabdeh və digər şəxslər qeydiyyatdadırlar. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5a, 34 saylı mənzildən pasport qeydiyyatından çıxmağa etiraz etmir və razıdır. İş materiallarında olan AZ-İ seriyalı No 881875 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30 iyun 2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 21 iyul 2017-ci il tarixində 338 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 124 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5a, 34 saylı mənzildə pasport qeydiyyatındadır və qızları X7 və X5 ilə birlikdə yaşayır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X7, X5 və X9 xx.xx.2017-ci il tarixdə vəfat etmiş ataları X1 qalmış bütün əsaslarla onlara çatan miras paylarını anaları İddiaçı bağışlayırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə 27 sentyabr 2007ci il tarixli qərarında göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, ərizəçi sözügedən mənzilə dair yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında “sosial kirayə müqaviləsi” adlanan müqavilə bağlanmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və “Mənzil Fondunun Özəlləşdirilməsi Haqqında” Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən mülkiyyət hesab etmək üçün kifayət qədər əsaslar var. Qeyd edilən qərarda, ərizəçinin hüququ mülkiyyətçinin hüququna bərabər qiymətləndirilmişdir. Məhkəmə, iş üzrə sübutlara əsasən müəyyən edir ki, cavabdeh hazırda iddiaçının istifadəsində olan mənzildə formal olaraq qeydiyyatdadır, faktiki olaraq orada yaşamır. Cavabdeh mənzildə formal olaraq qeydiyyatda qaldığından iddiaçı onun əvəzinə kommunal xidmətlərə görə xərc çəkir, həmçinin hüquqları məhdudlaşdırılır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, cavabdehin kirayəçi tərəfindən yaşayış sahəsinə köçürüldüyü və onunla birgə təsərrüfat apardığı müəyyən edilmədiyindən, onun hüquqi vəziyyəti Mənzil Məcəlləsinin 68.1-ci maddəsində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir və cavabdehin mənzilin yaşayış sahəsindən istifadə hüququ hazırda mövcud olmadığından, eyni zamanda onun notarial qaydada təsdiq edilmiş ərizəsi nəzərə alınaraq, iddia tələbi əsaslı hesab edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Digər tərəfdən, cavabdehin yaşamadığı mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5A, 34 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar