Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2404/2024 29.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 №-li sərəncamına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 7 saylı evin, 6-cı alaqapı, 4cü mərtəbə, 3 otaqlı, sahəsi 44.23 kv.m. olan, 100 saylı mənzil 1985-ci ildən H.Əliyev adına BDÖZ-da X2 verilmişdir.
2. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə Qeydiyyat haqqında ******* nömrəli arayışın məzmunundan görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 7 saylı evin 100 saylı mənzil ünvanında qeydiyyatındadır.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1021/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, X7 ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış və 486 nömrəsi ilə qeydə alınmış nikah pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 iddiaçı X6 yanında və himayəsində qalmaları qət edilmişdir. İddia tələbi
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 7 saylı evin 100 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh oğlu X1 arvadı olmuşdur. Cavabdeh onun gəlini olduğuna görə Qaradağ RİB-in 25 fevral 2005-ci il tarixli sərəncamına əsasən ona verilmiş ünvan 2 evin 100 saylı ünvanına qeydiyyatda saldırmışdır. Cavabdeh ilə oğlu arasında nikah rəsmi olaraq xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Göründüyü kimi cavabdeh artıq onların ailə üzvü deyildir, lakin buna baxmayaraq onun məxsus olan evdə qeydiyyatdadır. O cavabdehi qeydiyyata saldırsa da aralarında heç bir notariat qaydasına bağlanmış müqavilə və başqa razılaşma olmamışdır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Məhkəməyə gətirəcəyi şahidlər də təsdiq edə bilər ki, cavabdeh ona məxsus evdə yaşamır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
6. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2-ci maddələrinə, istinad etmişdir.
7. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, cavabdeh keçmiş gəlini olmuşdur, Cavabdeh iddia tələbində göstərilən mənzildə 2013-cü ildən qeydiyyata düşərək yaşamışdır, 2019-cu ildən həmin mənzildən getsə də, nikahları 2023-cü ildə pozulmuşdur və cavabdehin ona məxsus mənzildə istifadə hüququ qalmadığından iddia tələbinin təmin edilməsini xahiş edir.
12. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə baxışının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
17. 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
18. 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
19. 68.3-cü maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər.
20. 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
21. 157.8-ci maddəsinə əsaəsn, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
22. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
21. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
22. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
24. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Əsaslandırma
30. İddia əsaslıdır.
31. İşin mübahisəsiz halları bundan ibarətdir ki, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 №-li sərəncamına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 7 saylı evin, 6-cı alaqapı, 4-cü mərtəbə, 3 otaqlı, sahəsi 44.23 kv.m. olan, 100 saylı mənzili X2 verilmişdir. Orderdə aşağıdakı ailə üzvlərinin adları qeyd edilmişdir: X8 (əri) Abdullayeva Hicran Nazim qızı (qızı), X7 (oğlu). Cavabdeh iddiaçının keçmiş gəlinidir. Nikah xx.xx.2013-cü ildə bağlanmış, nikah qeydinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Cavabdeh mübahisəli mənzilə 2013-cü il tarixdə yaşayış yeri üzrə qeydiyyata götürülmüşdür.
32. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırkı mülki iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri cavabdehin həmin mənzilə qeydiyyata düşdüyü 2013-cü il tarixdən yarandığı üçün yaranmış mübahisəli hüquq münasibətlərinə 1 oktyabr 2009-cu il tarixli Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.
33. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsinin sahibi (kirayəçisi) qismində iddiaçı çıxış edir. Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla, mübahisə predmeti olan yaşayış sahəsinə 2013-cü il tarixdə pasport qeydiyyatına düşmüşdür.
34. İddiaçı cavabdehin mübahisəli mənzildə 2019-cu ilədək yaşadığını, daha sonra köçüb getdiyini bildirmişdir. Cavabdeh buna qarşı etiraz və etirazını əsaslandıran dəlilləri məhkəməyə təqdim etməmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Qaradağ RayonMəhkəməsinin 2(002)-1021/2023 nömrli xx.xx.2023-cü il tarixli qətnaməsində (tərəflər arasında bağlanmış nikahın pozulmasına dair) əks edilmiş, iş üzrə qəyyumluq və himayə orqanı tərəfindən tərəflərin mənzil-məişət şəraitinin müəyyən edilməsi üzrə araşdırma verilmiş rəydən aydın olur ki, Cavabdeh həmin vaxt yaşayış yeri ünvan 3 ünvanlsız fərdi yaşayış evində dörd nəfər ailə üzvü ilə yaşayır, mənzil sahibi Cavabdeh atası X5r.
35. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdehin mübahisə predmeti olan mənzili ən azı 2023-cü ilin iyunundan əvvəl daimi tərk etdiyi müəyyən edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, mənzil qanunvericiliyinin tələbinə əsasən cavabdeh həmin mənzildə köçüb daimi yaşadığı dövr üçün iddiaçının ailə üzvü qismində çıxış edərək mənzildən istifadə hüququ əldə etmişdir. Lakin mənzildən istifadə haqqı mütləq hüquq olmayıb, qanunla müəyyən edilmiş hallarda aradan qalxa bilər. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə cavabdehin mübahisəli mənzilə dair istifadə hüququ aradan qalxmışdır.
36. Belə ki, Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə görə vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Lakin indiki halda məhkəmə araşdırması zamanı iddiaçının izahatı, müvafiq qətnamədə preyudisial əhəmiyyət daşıyan məlumatlar əsasında müəyyən edilmişdir ki, cavabdeh mübahisə predmeti olan mənzili daimi tərk etmişdir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsi” barədə 29 mart 2016-cı il tarixli qərarında da qeyd edilmişdir ki, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun qalxdığı hallara aiddir. Göründüyü kimi, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsi mənzildən istifadə hüququnun itirilmiş sayılması üçün əsasdır.
38. Mülki işin faktiki hallarından görünür ki, cavabdeh mübahisəli mənzili könüllü surətdə daimi tərk edərək, başqa ünvanda yaşayır. Ona görə də, məhkəmə qeyd olunan halları əsas götürərək hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə xərcləri
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə
41. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 7 saylı evin 100 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova