Məhkəmə qərarları › İş №2(002)-2505/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2505/2025

02.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2505/2025 02.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair ilk iddia ərizəsi; Cavabdeh1 İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aslanova X1 Azər Tarıverdi oğluna qarşı «mənzilə köçürülmə» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehlər Cavabdeh1 onun bacısı, Cavabdeh2 isə bacısının oğludur. Cavabdeh1 və oğlu ona məxsus evdə qeydiyyatda olsalar da, faktiki olaraq ona məxsus evdə yaşamamışlar, formal olaraq qeydiyyatda olmuşlar. Bacısı hazırda atasına məxsus ünvan 1 ünvanda yaşayır, oğlu isə həbsdədir. Cavabdehlər bir gün də olsun ona məxsus evdə yaşamamışlar. O, özü müharibə veteranıdır, İİ qrup Qarabağ müharibəsi əlilidir. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli mənzili atası almışdır və qarşılıqlı iddia üzrə cavabdeh Lök-Batan qəsəbəsində mənzil alanadək mübahisəli mənzil özəlləşdirilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin mübahisəli mənzili nə vaxt özəlləşdirməsi barədə onun xəbəri olmamışdır. İlk iddia ərizəsində iddiaçı tərəfindən qeyd olunan ünvan özbaşına tikilidir və həmin ünvanda məcburiyyət qarşısında yaşayır. Mübahisəli mənzildə o, İddiaçı həyat yoldaşı ucbatından yaşaya bilməmişdir. Çünki onların bir yerdə yaşaması mümkün deyildi, onların bir günü belə mübahisəsiz keçmirdi. Məhz bu səbəbdən o, həmin mənzildə yaşaya bilməmişdir. Bu iddia üzrə cavabdeh Lökbatan qəsəbəsində mənzil alan zaman o və oğlu mübahisəli mənzildə qeydiyyatda olduqlarına görə, qarşılıqlı iddia üzrə cavabdehə 3 otaqlı mənzil verilmişdir və Lökbatana aldığı mənzilə köçəndən sonra, mübahisəli mənzili kirayə vermişdir. O isə, aralarında olan gərginlik daha da yüksəlməsin deyə, heç bir tədbir görməmişdir. İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Cavabdeh2 cəza çəkdiyi 13 saylı GÇM-nin rəhbərliyi vasitəsi ilə məhkəməyə ərizə göndərərək, iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının və Cavabdeh1 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 04 iyun 1998-ci il tarixli MH seriyalı 142765 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına 945 saylı reyestr kitabının 141906 saylı səhifəsində 30/141906 reyestr sayı ilə qeydiyyata alınmışdır. - 126 saylı MKİS-in möhürü ilə təsdiq edilmiş, T.Babayeva, T.Alcanova, R.Mahmudova və R.Hüseynova tərəfindən tərtib olunmuş aktda qeyd edilmişdir ki, ilk iddia üzrə Cavabdeh1 1993-cü ildə qoşulub Əli Aslanovla qaçdıqdan sonra bu günə kimi Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzilində yaşamayıb, yəni xx.xx.2009-cu il tarixə qədər. Cavabdeh1 1994-1995-ci illər ərzində Yasamal rayonu ərazisində, sonra isə atasının yanında yaşamışdır. - xx.xx.2025-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 2 ünvanda bir çox şəxs, eləcə də, ilk iddia üzrə cavabdehlər Hüseynova (hazırda Aslanova) Mətanət Tarverdi qızı və Cavabdeh2 qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzilinin özəlləşdirilməsinə dair Cavabdeh1 razılıq ərizəsinin olub-olmaması, olduğu halda surətinin istənilməsi barədə müraciətə baxılmışdır. Bildirilmişdir ki, xx.xx.2007-ci il tarixdən fəaliyyətə başlamış «Elektron notariat» informasiya sistemində Cavabdeh1 imzasının həqiqiliyinin təsdiq edilməsinə dair notariat hərəkəti aşkar edilməmişdir. - Təqdim olunmuş sənədlərə (müharibə veteranı və əlillik vəsiqəsi) əsasən ilk iddia üzrə İddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. - xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasındakı münasibətlərə həmin münasibətlərin yarandığı zaman qüvvədə olmuş, icarə hüququ ilə evdə yaşayan şəxslərin hüquq və vəzifələrini müəyyən edən Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-54-cü maddələrinin tələbləri tətbiq edilməlidir. Məhkəmə ilk öncə vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinəəsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin birinci hissəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (əri), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 54-cü maddəsinin üçüncü hissəsinəəsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ilk iddia üzrə cavabdehlərin ilk iddia üzrə iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqları vardır, bu hüquqlara yalnız müvafiq kompensasiyanın ödənilməsi yolu ilə xitam verilə bilər. İlk iddia üzrə iddiaçı hüquq sahibi olan cavabdehlərin istifadə hüquqlarına hər hansı kompensasiya verilmədən xitam verilməsini tələb edir. Bu tələb isə, qanunvericiliyin tələblərinə zidd olmaqla, təmin edilə bilməz. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının mübahisə predmeti olan mənzildən istifadə hüququ olduğundan, hər hansı səbəblərdən hüquq sahibi olduğu mənzildə yaşamaması onun yaşayış yerini itirməsinə əsas deyil. Ona görə də, qarşılıqlı iddia əsaslı olmaqla təmin edilməli, Cavabdeh1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzilinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair ilk iddiası təmin edilməməli, Cavabdeh1 İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, Cavabdeh1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzilinə köçürülməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair ilk iddiası təmin edilməsin. Cavabdeh1 İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Cavabdeh1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzilinə köçürülsün. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar