Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-262/2025 27.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2 ilə birlikdə iddiaçılara məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 5a, 31 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1 iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 5a, 31 saylı mənzil mülkiyyət hüququ əsasında ona və qardaşı İddiaçı2 məxsusdur, həmin mənzili atası xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən almış, atası xx.xx.2013-cü il tarixdə vəfat etmiş, mənzil vərəsəlik qaydasında onların mülkiyyətinə keçmişdir. Mənzili alarkən cavabdehlər tez bir zamanda mənzildən qeydiyyatdan çıxacaqlarını vəd etsələr də, bu günə qədər mənzildən onun keçmiş sakinləri olan cavabdehlər qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin ona məxsus mənzildə formal olaraq qeydiyyatda qalmaları onun üçün bir sıra problemlər yaradır. Belə ki, bu hal mülkiyyətçilərin mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalırlar. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı2 xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından və onların məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 133679 saylı, xx.xx.2001-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 5a, 31 saylı mənzili X1 mülkiyyətinə vermişdir. İş materiallarında olan AZ-İ seriyalı, 588767 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2013-cü ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 5a, 31 saylı mənzil İddiaçı1 və İddiaçı2 hər birinin ½ payı olmaqla xüsusi mülkiyyətlərindədir və bu barədə 2016 nömrəli reyestr kitabının 186260 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan və Qaradağ rayon MKTB 156 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 5a, 31 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2 və digər şəxslər qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə, mülki iş üzrə sübutlara əsasən müəyyən edir ki, mənzilin əvvəlki sakinləri olan cavabdehlər hazırda iddiaçılara məxsus mənzildə formal olaraq qeydiyyatdadırlar, faktiki olaraq orada yaşamırlar. Cavabdehlər mənzildə formal olaraq qeydiyyatda qaldıqlarından, iddiaçılar onların əvəzinə kommunal xidmətlərə görə əlavə xərc çəkir, eyni zamanda mülkiyyətçi kimi hüquqları məhdudlaşdırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Ona görə də məhkəmə, mülki iş üzrə sübutlara əsasən müəyyən edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yeni mülkiyyətçiyə keçmiş və cavabdehlər mənzildən istifadə hüququnu itirmişdir. Ona görə də cavabdehlərin mənzilə istifadə hüquqları itirilmiş hesab edilməli və onlar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə müvafiq olaraq qeydiyyatdan çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2 ilə birlikdə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 5a, 31 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-262/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-262/2025
27.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver