Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2675/2024 27.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il təvəllüdlü övladı X1 iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 16, 36 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 16, 36 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir və öz mülkiyyətindədir. Cavabdeh1 onun oğludur. Oğlu Cavabdeh1 2019-cu ildən bütün əşyalarını da götürüb mənzildən daimi olaraq köçüb getmişdir, həmin vaxtdan faktiki olaraq onun mülkiyyətində olan mənzildə yaşamır, onunla və digər ailə üzvləri ilə əlaqə saxlamır. Qohumtanışların verdiyi məlumata görə, o, Ucar rayonu, Bərgüşad kəndində yaşayır. Lakin bu günə kimi yaşadığı yerə qeydiyyata düşməmiş, həmçinin ona məxsus mənzildən qeydiyyatdan çıxmamışdır. Digər cavabdeh isə köhnə sakinlərdən olmaqla, özü qeydiyyatdan çıxsa da, azyaşlı uşağı qeydiyyatda qalmışdır. Həmin şəxslərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından və onların məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, ərizəçinin həyat yoldaşıdır. Cavabdeh1 iddiaçının oğludur. Cavabdeh1 2019-cu ildən mənzildən köçüb getmişdir və hazırda harada yaşaması dəqiq məlum deyildir, mənzildə onun heç bir əşyası yoxdur. Cavabdeh1 onlarla əlaqə saxlamır, iddiaçıya məxsus mənzillə əlaqəsi yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, ərizəçi onun atasıdır, Cavabdeh1 isə qardaşıdır. Cavabdeh1 2019-cu ildə bütün əşyalarını da götürüb mənzildən köçüb getmişdir və hazırda harada yaşaması dəqiq məlum deyildir, həmin vaxtdan onunla və iddiaçı ilə əlaqə saxlamır. Məhkəmə, izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 16, mənzil 36 İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 1920 nömrəli reyestr kitabının 177148 nömrəli vərəqində xx.xx.2013-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayon MKTB 109 saylı MKİS tərəfindən verilmiş 210 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsində yerləşən 16 saylı binanın 36 nömrəli mənzilində yaşayır. Cavabdeh1 2019-cu ildən Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 16, 36 saylı mənzildə yaşamır. İş materiallarında olan Qaradağ rayon MKTB 109 saylı MKİS tərəfindən verilmiş 502 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsində yerləşən 16 saylı binanın 36 nömrəli mənzilində yaşayır. Cavabdeh1 və Cavabdeh2 Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 16, 36 saylı mənzildə yaşamırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan və Qaradağ rayon MKTB 109 saylı MKİS tərəfindən verilmiş 335 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 16, 36 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa Cavabdeh1 Baxşış oğlu, 2019-cu il təvəllüdlü X7 da qeydiyyatdadırlar. İş materiallarında olan X8, X2 və X3 tətib etdiyi və Qaradağ rayon MKTB 109 saylı MKİS tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh1 həqiqətən də 2019-cu ildən ünvan 1 ünvanında yaşamır. Beləliklə, məhkəmə izahatlara, şahidlərin ifadələrinə və iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edir ki, Cavabdeh1 və yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X7 iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatdadırlar, faktiki olaraq orada yaşamırlar. Onlar mənzildə formal olaraq qeydiyyatda qaldığından, iddiaçı onların əvəzinə kommunal xidmətlərə görə xərc çəkir, eyni zamanda bu vəziyyət mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, iddiaçının ailə üzvü olan Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququ qeydə alınmadığından və həmin mənzildə iddiaçı ilə birgə yaşamadığından, onun hüquqi vəziyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir. Ona görə də iddia tələbi ona münasibətdə əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ, onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamasından asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi, mülkiyyətçi ilə birgə yaşamayan ailə üzvləri Mülki Məcəllənin 228.5-ci maddəsinin dairəsinə düşmür. Digər tərəfdən, həmin cavabdehin yaşamadığı halda, iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, evin köhnə sakinlərindən olmuş digər cavabdehin yetkinlik yaşına çatmayan uşağının da iddiaçıya məxsus mənzilə hər hansı hüququ qalmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Ona görə də iddia tələbi digər cavabdehə münasibətdə də əsaslı hesab olunmalıdır. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh1 və yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 16, 36 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2675/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2675/2024
27.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver