Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-27/2023 23.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 45 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı «borc tələbinin rədd edilməsi və icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 45 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı «borc tələbinin rədd edilməsi və icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC-nin ona qarşı borc tələbinin rədd edilməsi və bu iş üzrə Bakı şəhəri 45 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 2953 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC-nin ona qarşı borc tələbinin rədd edilməsi və bu iş üzrə Bakı şəhəri 45 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 2953 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh2 ASC 2019-cu il tarixdə ona qarşı iddia ərizəsi (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi bildirişlə ona göndərilməklə əsaslandırılmış etirazının olub-olmamasını 10 iş günü müddətində məhkəməyə bildirməsi tövsiyə edilmişdir. Bundan sonra iddia ərizəsinə etiraz edərək, işə iştirakı ilə baxılmasını tələb etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində aparılan məhkəmə araşdırması zamanı iddia müddətinin tətbiq edilməsi, eləcə də borcun düzgün hesablanmaması, yəni onun Cavabdeh2 ASC-yə heç bir borcunun olmamasının sübuta yetirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini tələb etmişdir. Lakin Cavabdeh2 ASC hesabından çıxarışı MEM-in və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin tələblərinə məhəl qoymayaraq təhqiqat aparılması üçün təqdim etməmişdir. Eyni zamanda da, iddia tələbinin təmin olunmayacağını düşünərək sonuncu məhkəməyə gəlməmişdir. Təəssüf ki, tələb etsə də, məhkəmə işə mahiyyəti üzrə baxıb yekun qərar qəbul etmədən, iddia ərizəsinin baxılmamış saxlanması barədə qərar qəbul etmişdir. Lakin bu gün məlum olur ki, Bankın bu hərəkətinin arxasında onun yeni pis niyyəti gizlənirmiş. Belə ki, üzərindən iki ilə yaxın bir müddət keçdikdən sonra öz tələbini müqavilə öhdəliyi ilə əlaqələndirməklə əlbir olduğu notariat ofisi vasitəsi ilə icra qeydinin aparılmasına və icraya yönəldilməsinə nail olmuşdur. Halbuki, yuxarıda qeyd etdiklərindən əlavə də bildirməlidir ki, o, Cavabdeh2 ASC ilə bağladığı xx.xx.2012-ci il tarixli kredit kartı üzrə bank hesabı (Bolkart) müqaviləsi əsasında ona verilmiş bank kartını istifadə etmişdir. İstifadə etdiyi həmin kartdan ümumilikdə aldığı vaxtdan bu günə kimi 1.152,02 manat pul çıxartmışdır, həmin vaxtdan da bu günə kimi 1.369,09 manat məbləğində həmin karta pul vəsaiti ödəmişdir. Maraqlıdır ki, bank 2.5 komisiyon haqqını hansı qaydada hesablamışdır ki, bu günkü gündə o, banka hələ də 498 manat əsas, 186,75 manat faiz-komisiyon, 40 manat cərimə olmaqla 724,75 manat borclu olmuşdur? Belə ki, bank öz iddia ərizəsində ondan cəmi 724 manat tələb etsə də, Notariusun icra qeydində bu məbləğ 981 manat kimi göstərilmişdir. Buna görə də, həmin icra qeydində göstərilən və tələb edilən məbləğə qəti etirazını bildirir, həmin qeyd ləğv edilməlidir. Belə ki, təqdim edəcəyi sübut və dəlillərdən, hesablamalardan aydın olacaq ki, kartdan çıxartdığı pul məbləğini artıqlaması ilə yerinə qaytarmışdır. Onun banka heç bir borcu qalmamışdır. Lakin hesab edir ki, bank birdən-birə varlanmaq istəyir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanından sonra devalivasiya nəticəsində bahalanmış dollarla borclarını yığdığı çoxsaylı insanlara yaranmış fərqi qaytardıqlarından bu yola əl atıblar Təqdim edəcəyi sənədlərdən aydın olacaq ki, hansı məbləğdə kredit kartından pul çıxarıb, hansı məbləğdə ödəniş etmişdir. Eyni zamanda kartdan istifadə müddəti 30 aprel 2015-ci iİ tarixdə bitmişdir. Həmin vaxtdan bu günə kimi bank 3 illik iddia müddətini də ötürmüşdür. Məhz bu səbəbdən əvvəlcədən əlbir olduqları Notariat ofisləri ilə əməkdaşlıq edərək, savadsız insanları çaşdırmaq, hüquqlarını müdafiə etməkdən məhrum etməklə zorla pul tələb etməyə başlamışlar. Yuxanda qeyd etdiyi kimi, borcu olmayan şəxsləri çağırıb, yenidən pul tələb edirlər. Əgər borcu vardısa nə üçün xx.xx.2015-ci il tarixdən bu günə kimi həmin borc tələb olunmurdu? Məhkəmədə niyə öz tələblərini müdafiə etməmişlər? Bütün bunlardan əlavə olaraq Notariat kontoru əslində mübahisəli borc məbləğləri ilə bağlı icra qeydi verməməli idi. Belə ki, Notarius ekspertiza fəaliyyəti göstərmir və tələb edilən borcun məbləğinin müəyyən edilməsi barədə qərar verə bilməz. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsində qeyd edilən əsaslar icra qeydinin ləğvi üçün əsas ola bilməz. Belə ki, icra qeydində borcludan tutulan məbləğ həm əsas borcu, həm də faiz borcunu əhatə etmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qanunun tələbindən göründüyü kimi, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 45 saylı Notariat Ofisi tərəfindən verilmiş 30 noyabr 2020-ci il tarixli, 8İ-2953 reyestr saylı icra qeydindən görünür ki, müqavilə üzrə 981 manat 30 qəpik pul vəsaiti, 40 manat cərimə penyası və 20 manat dövlət rüsumunun İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması barədə icra qeydi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2023-cü il tarixli 9/1833 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli BAL013961/12 saylı kredit xətti müqaviləsi üzrə İddiaçı xx.xx.2021-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan borcu ümumilikdə 503,18 manat müəyyən olunur. O cümlədən: əsas borc üzrə – 234,13 manat; faiz üzrə – 269,05 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Göründüyü kimi, iddiaçının xx.xx.2021-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan borcu ümumilikdə 503,18 manat müəyyən olunsa da, icra qeydindəki məbləğ reallığı əks etdirmir. İcra qeydi mübahisəli borc üzrə verilməklə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə riayət olunmamışdır. İddiaçı məhz bu səbəbdən məhkəməyə müraciət edərək, icra qeydini mübahisələndirmişdir və göründüyü kimi, iddia tələbi icra qeydinin ləğv edilməsinə dair hissədə əsaslıdır. Lakin iddiaçının Cavabdeh2 ASC-nin borc tələbinin rədd edilməsinə dair hissədə iddiası əsaslı hesab oluna bilməz. Bu ondan irəli gəlir ki, hazırkı iş üzrə məhkəmədə Cavabdeh2 ASC-nin İddiaçı qarşı qarşılıqlı olaraq hər hansı iddia tələbinə baxılmır. Belə bir tələbin mövcud olmadığı halda isə iddiaçının həmin tələbin rədd edilməsinə dair hissədə iddiası təmin oluna bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri 45 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 8İ-2953 reyestr saylı icra qeydi ləğv edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh2 ASC-dən tutularaq İddiaçı verilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh2 ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri 45 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 8İ- 2953 reyestr saylı icra qeydi ləğv edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh2 ASC-dən tutularaq İddiaçı verilsin. 100 manat ekspertiza xərci Cavabdeh2 ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-27/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-27/2023
23.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver