Məhkəmə qərarları › İş №2(002)-2732/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2732/2025

06.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2732/2025 06.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Vəzirağa qızına, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh8 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Vəzirağa qızına, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh8 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 Vəzirağa qızının, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh8 yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X8, xx.xx.2023-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X9 ilə birlikdə ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 16, 16 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 16, 16 saylı mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzil xx.xx.2009-cu il tarixli çıxarışa əsasən, daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir. Cavabdehlər onun qızları Kəmalə və Şəlalə, onların övladları, eləcə də digər qızının övladı Rahimdir, iddia ərizəsində qeyd olunan azyaşlılar isə cavabdehlərin uşaqlarıdır. Cavabdehlər uzun müddətdir ki, ona məxsus mənzildə yaşamırlar, yalnız formal olaraq qeydiyyatdadırlar, cavabdehlərin öz yaşayış yerləri vardır. Belə ki, qızı Şəlalə gənc yaşında ailə qurduqdan sonra onun evindən köçüb getmişdir, Qobustanda evi vardır, ailə üzvləri ilə birlikdə orada yaşayır, 15 ildən çoxdur ki, ona məxsus mənzildə yaşamır. Könül, Vüsalə, İlahə də onun qızlarıdır. Həmçinin, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan mənzilini xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən qızı Kəmaləyə bağışlamışdır, onun da övladları ilə birgə yaşamağa evi vardır, Nizami və Elmir də onun uşaqlarıdır. Nəvəsi Rahim isə 3-4 ildən çoxdur ki, Rusiyaya köçüb getmişdir. Cavabdehlərin ona məxsus mənzildə formal olaraq qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, cavabdehlərin əvəzinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır, həmçinin bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlərdən Cavabdeh2, Cavabdeh1 Vəzirağa qızı, Cavabdeh7 məhkəməyə ərizə ünvanlayaraq, başqa ünvanda yaşadıqlarını, iddia tələbini qəbul etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdehlərin faktiki olduğu yer məlum olmadığından və onların məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, uzun illərdir ki, iddiaçı ilə qonşuluq münasibətindədir. İddiaçının qızı Şəlalə ailə qurandan sonra köçüb getmişdir, 15-16 ildən çoxdur ki, həmin mənzildə yaşamır, qızı Kəmaləyə isə iddiaçı ayrıca mənzil bağışlamışdır. Cavabdeh Rahim isə iddiaçının nəvəsidir və 3-4 ildir ki, Rusiyaya köçüb getmişdir. Həmin mənzildə uzun müddətdir ki, iddiaçıdan başqa heç kim yaşamır. Məhkəmə, izahatı və şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, 16 saylı evin 16 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 1055 nömrəli reyestr kitabının 95083 nömrəli vərəqində xx.xx.2009-cu il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 16, 16 saylı mənzildə iddiaçıdan başqa Cavabdeh1 Vəzirağa qızı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh8, xx.xx.2021-ci il təvəllüdlü X8, xx.xx.2023-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X9 qeydiyyatdadırlar. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Fizuli küçəsi, ev 44, 41 saylı mənzili Cavabdeh2 mülkiyyətinə vermişdir. İş materiallarında olan Qaradağ rayon MKTB 132 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025ci il tarixli arayışdan görünür ki, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, 16 saylı evin 16 nömrəli mənzilində hal-hazırda heç kim yaşamır. Beləliklə, mülki iş üzrə sübutlara (o cümlədən izahata, şahid ifadəsinə, bəzi cavabdehlərin yazılı etirafına, iş materiallarında olan yazılı sübutlara) əsasən məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 16, 16 saylı mənzilin mülkiyyətçisi, cavabdehlər isə həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan, lakin faktiki olaraq uzun müddətdən bəri orada yaşamayan və daimi yaşayışlarını başqa ünvanda təmin edən qızları və nəvələridir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mülki işin hallarından göründüyü kimi, cavabdehlərin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquqları qeydə alınmadığından, habelə onlar mülkiyyətçi olan iddiaçı ilə birgə yaşamadıqlarından, onların hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir. Ona görə də faktiki olaraq uzun müddətdən bəri iddiaçıya məxsus mənzildə yaşamayan və daimi yaşayışlarını başqa yaşayış yerində təmin edən cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələbi əsaslı hesab olunmalıdır. Digər tərəfdən, cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Vəzirağa qızının, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh8 yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X8, xx.xx.2023-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X9 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 16, 16 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar