Məhkəmə qərarları › İş №2(002)-276/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-276/2021

19.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-276/2021 19.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 8000 manat əsas borcun, 5000 manat dəymiş ziyanın, 30 manat dövlət rüsumunun və 200 manat hüquqi xidmət üçün ödənilmiş məbləğin, ümumilikdə isə 13230 manat məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, o, fermer təsərrüfatı ilə məşğul olur. Fermer təsərrüfatının əsasını qoyunçuluq təşkil edir. Hər il qış mövsümünü keçirmək üçün ona qışlaq lazım olur. 2019-cu ilin sentyabr ayının sonlarında yeni qışlaq sahəsinə ehtiyacı olduğu üçün tanıdığı şəxslərdən belə bir sahənin kimdən əldə edilməsi barədə soraqlaşmış və ona Cavabdeh otlaq sahəsi olduğunu bildirmişlər. O, həmin şəxslə görüşmüş və birlikdə həmin qışlaq sahəsinə getmişlər. Göstərilən qışlaq sahəsi “Mərişqə” adlanır. Sahə ilə tanış olduqdan sonra cavabdehlə razılaşmış, 2019-cu ilin noyabr ayından 2020-ci ilin aprel ayına kimi 10 000 manat məbləğində pulu Cavabdeh ödəmiş, yalnız bundan sonra özünə məxsus xırda buynuzlu heyvanları “Mərişqə” qışlağına yerləşdirmişdir. Ertəsi gün isə həmin ərazinin böyük hissəsində müxtəlif şəxslər tərəfindən otlaq sahəsi kimi istifadə edlidiyinin şahidi olmuş, ərazinin cəmi 362 ha hissəsini 3 gün ərzində istifadə edə bilmişdir. Həmin günlər ərzində ərazi çatışmazlığı, eləcə də yem çatışmamazlığı səbəbindən heyvanlar düzgün qidalana bilmədikləri üçün aclıqdan iki baş ana qoyun ölmüş, 14 baş qoyun və 8 baş keçi isə balasını itirmişdir. O, cavabdehlə əlaqə saxlayaraq razılaşmanı pozduğunu və ona təhvil verdiyi ərazidən başqa şəxslərin otlaq sahəsi kimi istifadə etdiyini bildirdə də, o, buna məhəl qoymamış, nə gəlib həmin ərazidən digər şəxsləri çıxarmış, nə də ona başqa otlaq sahəsi vermişdir. İddiaçı görmüşdür ki, belə getsə heyvanların çoxunu itirəcək tez heyvanları həmin ərazidən çıxarmış və cavabdehlə görüşüb verdiyi 10.000 manatın geri qaytarmasını tələb etmişdir. O, isə müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışdır. Əlacı kəsiləndən sonra cavabdeh barəsində Qaradağ Rayon Polis İdarəsinə şikayət etmişdir. Şikayətə baxılan müddət ərzində cavabdeh ona iki dəfə, hər dəfə 1000 manat olmaqla, cəmi 2000 manat pulu geri qaytarmışdır. Bundan əlavə, iddiaçı qeyd edir ki, 2019-cu ilin oktyabr ayından hal-hazıra qədər yəni bir il ərzində cavabdehin 8000 manat əsas borca qarşı heç bir ödəniş etməyərək, ona maddi ziyan vurmuşdur. Cavabdehin ona vurduğu zərər üç gün ərzində heyvanlara dəymiş ziyana görə 2 000 manat olmaqla, cəmi 5 000 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia tələbini müdafiə edib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının məhkəməyə təqdim etdiyi “CD DİSK”də olan videogörüntu və səs yazıları qanunsuz yolla əldə edildiyinə görə sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə iddiaçı X2 və Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 14.02.2020-ci il tarixli qərarının surətindən görünür ki, X2 Cavabdeh qarşı verdiyi şikayət ərizəsi araşdırılmış və toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddənin məzmunundan göründüyü kimi, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007 -ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar 5 qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiacı İddiaçı Cavabdeh 8000 manat məbləğində pulun verdiyini göstərsə də, bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı borc müqaviləsinin tərəflər arasında şifahi bağlanıldığına və borc pulun şahidlərin yanında verdiyini qeyd etmişdir. Mülki Məcəllənin 739, 740-cı maddələrinin mənasına görə borc müqaviləsi şifahi bağlanıla bilər. Bu faktın müəyyən edilməsi üçün tərəflər şahid ifadələrinə istinad edə bilərlər. Lakin iddiaçı tərəf borcun verilməsini təsdiq edən şahidlərini sübut növü kimi məhkəməyə təqdim etməmişdir. Mülki iş materiallarından da görünür ki, iddiaçı cavabdehin ona borclu olması ilə bağlı məhkəməyə “CD disk” təqdim etsə də, həmin diskdə iddiaçı X2 Cavabdeh arasında telefon danışığı dinlənilən zaman İddiaçı Cavabdeh qarşı şikayət ərizəsi ilə Qaradağ Rayon Polis İdarəsinə şikayət olunduğu məlum olsa da, cavabdehin iddiaçıya hər hansı məbləğdə borcunun olması müəyyən olunmur. Digər tərəfdən İddiaçı ilə Cavabdeh arasında borcun verilməsini təsdiq edən yazılı formada müqavilə bağlanılmamışdır. Göründüyü kimi, iddianı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında hər hansı öhdəliyin əmələ gəlməsi məhkəmə araşdırılmaları zamanı müəyyən edilməmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində iddiaçının iddiasının təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Ona görə də, məhkəmə yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iş üzrə iddiaçı iddianın dəlillərini əsaslandıra bilməmiş, işin nəticəsinə təsir edən iş üçün əhəmiyyəti olan halları sübut edə bilməmişdir. Ona görə də İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə dəymiş ziyan və hüquqi xidmət üçün ödənilmiş məbləğin ödənilməsi ilə bağlı iddia tələbləri ilə bağlı bildirir ki, əsas borcun ödənilməsi ilə bağlı iddia tələbi təmin edilmədiyindən, həmin tələblər də təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddia rədd edildiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar