Məhkəmə qərarları › İş №2(002)-2785/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2785/2023

23.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2785/2023 23.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı «mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi və əmlakların çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi və əmlakların çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşağı xx.xx.2007-ci il təvəllüdlü X8 ilə birlikdə ona məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov prospekti 43 saylı evin 44 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh məxsus olan taxt, divan kreslo dəsti, şifonyer və dolabçadan ibarət əmlakın ona məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov prospekti 43 saylı evin 44 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı X3 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşağı xx.xx.2007-ci il təvəllüdlü X8 ilə birlikdə ona məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov prospekti 43 saylı evin 44 saylı mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və Cavabdeh məxsus olan taxt, divan kreslo dəsti, şifonyer və dolabçadan ibarət əmlakın ona məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov prospekti 43 saylı evin 44 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov prospekti 43 saylı evin 44 saylı mənzili xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Cavabdeh 2006-cı ildə oğlu X6 ilə faktiki nikaha daxil olmuş, nikahlarını xx.xx.2007-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahdan xx.xx.2007-ci il tarixdə Nuray və xx.xx.2009-cu il tarixdə Emin adlı iki uşaqları doğulmuşdur. Onların aralarında olan nikah Qaradağ rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2007-ci il təvəllüdlü Nuray anasının himayəsinə verilmişdir. Cavabdeh onun gəlini olduğuna görə mülkiyyətində olan evə qeydiyyata düşmüşdür. Lakin hazırda oğlu ilə münasibətləri pozulmuş, uşağı ilə birlikdə ona məxsus evdən daimi olaraq köçüb getmişlər. Göründüyü kimi, cavabdeh artıq onların ailə üzvü deyil, cavabdehin ona məxsus evlə heç bir əlaqəsi yoxdur və həmin mənzildən daimi olaraq köçüb getmişlər. Həmçinin ailə qurarkən mənzil onun xüsusi mülkiyyətində olduğundan cavabdehin mənzilə istifadə hüququ da yaranmamışdır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur. Həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Eyni zamanda, cavabdeh uzun müddət ona məxsus evdə yaşamasa da, cavabdehə məxsus taxt, divan keslo dəsti, şifonyer və dolabçalar ona məxsus evdə qalmışdır. Dəfələrlə həmin əşyaları götürməsini bildirsə də, cavabdeh götürmək istəməmiş və həmin əşyların ona lazım olmamasını bildirmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 27 iyul 2004-cü il tarixli ÖM seriyalı 196673 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi 43 saylı evin 44 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X2 adına 1333 saylı reyestr kitabının 200222 saylı vərəqində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş digər sənədlərdən görünür ki, Cavabdeh iddiaçının oğlu X7 ilə ailə quraraq, öncə faktiki ailə münasibətlərində olmuş, daha sonra nikahları rəsmiləşdirilmişdir. Sonuncuların bu nikahdan iki övladları doğulmuşdur. Cavabdeh ilə Vüqar Mustafayevin münasibətləri pisləşdiyindən nikahları məhkəmə qaydasında pozulmuş, uşaqlardan xx.xx.2007-ci il təvəllüdlü Nuray anasının yanında saxlanılmışdır. 27 iyul 2023-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh və övladı xx.xx.2007-ci il təvəllüdlü X8 iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. İddiaçının bildirdiyinə görə, nikah pozulandan sonra cavabdeh azyaşlı övladı ilə birlikdə mənzili tərk edərək, başqa yaşayış yerinə köçmüş, iddia ərizəsində qeyd edilən əşyalarını özü ilə aparmamış, cavabdehdən həmin əşyaları götürməsini xahiş etsə də, sonuncu həmin əşyaları götürməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin və eləcə də, övladı xx.xx.2007ci il təvəllüdlü X5 yuxarıda qeyd edilən mənzildən istifadə hüququ yoxdur. Bu səbəbdən, iddia cavabdehin və övladının mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair hissədə əsaslıdır. İddianın mənzildə qalmış əşyaların çıxarılması tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan mənzildə olan, cavabdehə məxsus əşyaların mənzildən çıxarılmasını sonuncudan tələb etsə də, cavabdeh həmin əşyaları götürmür. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulur və o, özünə məxsus mənzildən sərbəst şəkildə istifadə edə bilmir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçının qanunla təminat altında olan mülkiyyət hüququ qorunmalı, cavabdehə məxsus əşyalar həmin mənzildən çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh azyaşlı uşağı xx.xx.2007-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi 43 saylı evin 44 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilməli, həmin mənzildə yerləşən və Cavabdeh məxsus olan taxt, divan kreslo dəsti, şifonyer və dolabçadan ibarət əşyalar həmin mənzildən çıxarılmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh azyaşlı uşağı xx.xx.2007-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi 43 saylı evin 44 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilsin. Həmin mənzildə yerləşən və Cavabdeh məxsus olan taxt, divan kreslo dəsti, şifonyer və dolabçadan ibarət əşyalar həmin mənzildən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar