Məhkəmə qərarları › İş №2(002)-2827/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(002)-2827/2024

25.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2827/2024 25.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid, 11 saylı evin 34 saylı mənzilindən yaşayış hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid, 11 saylı evin 34 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah 06 aprel 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Bu nikahdan iddiaçının Kəmaləddin Qənbərov və Ayxan Qənbərov adlı iki övladı var və hər iki uşaq iddiaçının himayəsindədir. Cavabdeh iki ildən çoxdur ki, ölkədə deyil və Rusiya Federasiyasında yaşayır. İddiaçı 2007-ci ildə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçiddə istifadədə olan 0,1135 ha torpaq sahəsində yerləşən 11 saylı 9 mərtəbəli binada yerləşən 50,47 m2 yaşayış sahəsidən ibarət 4 otaqlı 34 saylı mənzilə tam mülkiyyət hüququ əldə etmişdir. Həmin mənzildə 4 nəfər, iddiaçı, iki övladı və cavabdeh qeydiyyatdadırlar. Hazırda həmin mənzildə iddiaçı və iki övladı yaşayırlar. Cavabdeh isə formal olaraq həmin mənzildə qeydiyyatdadır. Mənzillə bağlı hüquqi işlər görüləndə cavabdehin iştirakı tələb edilir, o isə iki ildən çoxdur ki, ölkədə yaşamır. Sözügedən mənzilə isə heç bir iddiası yoxdur. Mənzildən qeydiyyatdan çıxması istəniləndə isə, məhkəmə ilə çıxarılmasını tövsiyə edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2827/2024 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 02 mart 2007-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X5 mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid, 11 saylı evin 34 saylı mənzilini İddiaçı 28.660 manata satmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 22 iyun 2007-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid, 11 saylı evin 34 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 453 saylı reyestr kitabının 42040 saylı vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-1116/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 27 iyun 2007-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 546 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X3 anaları X2 yanında saxlanılmaları qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 2 uşaqlarının olması, tərəflər arasında olan nikahın pozulması, uşaqların ananın yanında qalmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. 22 may 2021-ci il tarixli AZ-İ seriyalı 389487 saylı nikahın pozulması haqqında şəhadətnamədən göründüyü kimi, yuxarıda qeyd olunan qətnamə icra edilərək, tərəflər arasında bağlanmış nikaha xitam verilmiş, bu barədə 22 may 2021-ci il tarixdə 112 saylı akt qeydi aparılmışdır. Nikah pozulandan sonra qadına Ağayeva soyadı verilmişdir. 152 saylı MKİS tərəfindən verilmiş 02 avqust 2024-cü il tarixli 2 saylı forma üzrə arayışdan görünür ki, iddiaçı, iki övladı və keçmiş həyat yoldaşı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid, 11 saylı evin 34 saylı mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktik sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qeyd edilməlidir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 2013-cü il 8 oktyabr tarixli Qərarı). Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid, 11 saylı evin 34 saylı mənzili iddiaçının mülkiyyətində olmaqla, nikahdan öncə əldə olunmuşdur və birgə nikah dövründə əldə edilmiş əmlak deyil. İddiaçı cavabdehlə nikaha daxil olandan sonra cavabdeh həmin mənzilə qeydiyyata alınmış, iddiaçı və övladları ilə həmin mənzildə yaşamışdır. Sonradan tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur və hazırda cavabdeh iddiaçının ailə üzvü deyil. Belə olduğu halda, məhkəmə ehsab edir ki, cavabdeh iddiaçının keçmiş ailə üzvü olduğundan, hazırda RF-də yaşadığından, yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən göründüyü kimi məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid, 11 saylı evin 34 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid, 11 saylı evin 34 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar