Məhkəmə qərarları › İş №2(002)-2836/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2836/2024

16.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2836/2024 16.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixə yetkinlik yaşına çatmamış ailə üzvləri xx.xx.2006-cı il təvəllüdlü X2 ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi M.İ.Həsənov küçəsi 2A saylı evin 19 saylı mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, inzibati icraat qaydasında məhkəməyə müraciət etməli olduğundan hazırki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə ictaata xitam verilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə müəyyən edir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 160779 saylı Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 həmin mənzildə qeydiyyatda olmaqla, mülkiyyətçi olan iddiaçının öz ərizəsində qeyd etdiyi kimi onun razılığı olmadan həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Məhkəmə qeyd edir ki, iddia tələbi mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi kimi irəli sürülsə də, iddiaçının hüquqi marağı iddia ərizəsinin məzmunundan göründüyü kimi, cavabdehlərin mənzildə olan formal qeydiyyatına son qoymaqdır. Belə ki, bu vəziyyət onun mülkiyyət hüquqlarını tam həyata keçirməsinə mane olur. İşdə olan sənədlərdən aydın olur ki, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 hazırda həmin mənzildə yaşamırlar, daşınmaz əmlak faktiki olaraq iddiaçının istifadəsindədir və cavabdehlərin həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatı məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərlən mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə işlər şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Hazırkı mübahisə isə yuxarıda adı çəkilən plenum qərarında aydınlıq gətirilmiş məsələ ilə eynilik təşkil edir, yəni mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmasalar belə həmin plenum qərarında göstərildiyi kimi, mənzilə istifadə hüququ olmayan və həmin yaşayış sahəsində faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlıdır. Odur ki, qeydiyyata mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməli, bu müraciətdən imtina edildiyi halda isə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyulması barədə tələblə inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu onun özünə qaytarılmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsini mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iş üzrə ictaata xitam verir və iddiaçıya qeyd edilən mübahisə ilə bağlı inzibati orqana müraciət etmək, inzibati orqan tərəfindən imtina edildikdə isə inzibati orqanın üzərinə öhdəlik qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olduğunu izah edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi» tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Dövlət büdcəsindən ona qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar