Məhkəmə qərarları › İş №2(002)-2937/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2937/2021

13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2937/2021 13.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Pəhliva oğlu və Cavabdeh2 tərəfindən vurulmuş maddi ziyana görə 600 (altı) yüz manat, mənəvi zərərin əvəzi qismində 1060 (min altmış) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi və cavabdehlər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsi üzrə xüsusi qərar qəbul edilərək aidiyyatı istintaq orqana göndərilməsi barədə qətnamə qəbul edəsilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə təqdim edərək, “iddia ərizəsinin “xahiş etdi” hissəsindən cavabdehlər barəsində Cinayət məcəlləsinin 221-ci maddəsi üzrə xüsusi qərar qəbul edilərək adiyyatı orqana göndərilməsi tələbindən imtina etmiş və digər hissədə iddiasını müdafiə edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 13.07.2021-ci il tarixində günorta saatlarında 20 Yanvar metrostansiyasınm yaxınlığında Lökbatan qəsəbəsi Qobu-Park yaşayış massivinə gedən gedən 1 manatlıq taksi ilə arxa sol oturacaqda əyləşərək Lökbatan qəsəbəsi istiqamətində yola düşmüşəm Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu yolu, Qobu Park yaşayış kompleksinə gedən döngəli yolda Cavabdeh1 idarə etdiyi “Chevrolet Aveo” markalı, 99UA633 dövlət qeydiyyat nişanlı maşınla Cavabdeh2 idarə etdiyi “Toyota Carolla” markalı, 99VE986 dövlət qeydiyyat nişanlı minik avtomobil toqquşmuşdur.Yol-nəqliyyat nəticəsində baş və bədənin sol hissəsindən bir sıra ağır xəsarətlər almışam. Cavabdeh sürücülərin heç biri ağır vəziyyətimdə yardım etməmiş, təcili tibbiyardım maşını ilə Lökbatan qəsəbəsində yerləşən 19 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılmış və əməliyyat olmuşam. Başımdakı yaralar tikilmiş, USM VƏ rentgenoloji müayinələr aparılmışdır. Daha sonra “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alm-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, döşqəfəsinin əzilməsi” diaqnozu ilə Bakı şəhəri 3 saylı Sabunçu Xəstəxanasına aparılmışam. Sabunçu Xəstəxanasmdakı vəziyyət, müayinə şərtləri məni qane etmədiyi üçün müayinə və müalicədən imtina edərək iltizam yazmış və ev şəraitində müalicəyə davam etmişəm.Yol-nəqliyyat hadisəsi baş verdiyi vaxtdan yalnız dörd gün sonra Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə ilə əlaqədar izahatım alınmışdır. Araşdırma nəticəsində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 14 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Cavabdeh1 AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilmişdir Həmçinin Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 14 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda dərəcəsinə görə ümmilikdə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edildiyi qeyd edilmişdir. Halbuki yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə gün huşsuz vəziyyətdə olmuş, əməliyyatdan sonra isə uzun müddət müalicəm (dərmanlar, sistemlər və s.) davam etdirilmişdir.Onu da qeyd etmək lazımdır ki, yol-nəqliyyat hadisəsi nəticəsində mənə maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, ev şəraitində müalicəmin davam etdirilməsi, mütəmadi sistemlərin köçürülməsi baş vermiş, uzun müddət ağır vəziyyətdə olmuşam Bütün bu müddət ərzində cavabdehlərin heç biri mənə yardım etməmiş, mənimlə maraqlanmamış, polis əməkdaşları isə əsassız və qanunsuz olaraq cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhz cavabdehlərin etdiyi yol nəqliyyat hadisəsi nəticəsində ona maddi və mənəvi ziyanın vurulduğunu, müalicəsi üçün xərc çəkdiyini, həmin xərclə bağlı yalnız dərman reseptinin olduğunu, başqa hər hansı sübutunun olmadığını, həmin dərmanların da bahalı olduğunu, onların heç bir dəfə də olsu onunla maraqlanmadıqlarını bildirərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, həmin hadisə nəticəsində onun özü də ziyan çəkmiş, yol nəqliyyat hadisəsinin törədilməsində isə onun günhaı olmamış, bundan əlavə bu xanımın xəstəxanaya aparılması, onun xərcinin ödənilməsində iştirak etdiyini, həkimlə danışdığını, hətta taksi pulunu da verdiyini, heç kim istəməzdi ki, belə bir hadisə baş versin, o xanıma bilərkdən heç bir xəsarət yetirilməmiş, heç bir ziyan vurulmamışdır, o xanımla yanaşı orda olan hamı özü də xəsarət almış, bütün bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsi ilə bağlı qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-in TŞ-in 14.08.21-cil tarixli qərarına əsasən, Qərarın tasviri hissəsində göstərilənlərə əsaəsn səməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, “Toyota Carolla” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü vət. Cavabdeh2 hərəkərlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğuna görə və baş vermiş yol-nəqaliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü Cavabdeh1 və sərnişin qismində əyləşmiş vət. İddiaçı və X3 yüngül dərəcəli bədən xəsarəti aldıqları üçün sürücü vət. Cavabdeh2 əməlində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinin tərkib əlaməti vardır. Ona görə onun barəsində inzibati qaydada ölçü götürülməsindən ötrü toplanmış material Qaradağ RPİ DYPŞ-ə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan X2 13.07.2021-ci il 027N-li Xəstəlik haqqında çıxarışın sürətindən görünür ki, İddiaçı 13.07.2021-ci il tarixində travma almış, qəbulunda olmuş və müayinədən keçmiş, “qapalı kəllə,beyin travması, basbeyin zədələnməsi,alın nahiyəsində əzilmiş yarası təyin edilmişdir” diaqnoz qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1117-ci maddəsinə Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuº qaydalar üzrə ödənilir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehlərin hərəkətləri nəticəsində ona qeyd edilən məbləğdə maddi ziyan vurulması, müalicə üçün qeyd edilən məbləğdə xərcin çəkilməsi, mənəvi ziyan vurulması kimi halları sübut etməlidir. Həmçinin, məhkəmə onu qeyd edir ki, Cavabdeh2 tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 və İddiaçı Sərhad qızının yüngül dərəcəli bədən xəsarəti almaları halı hər iki tərəf təsdiq etməklə, habelə müvafiq qərarda qeyd edilməklə, qeyd edilən hal işin mübahisəsiz halıdır. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Cavabdeh2 aid olan hissədə müəyyən edilməli olan hal Cavabdeh2 hərəkətləri nəticəsində iddiaçının sağlamlığının pozulması ilə bağlı ona hansı məbləğdə maddi ziyan vurulması, habelə pozulmuş sağlamlığın bərpa edilməsi üçün hansı məbləğdə xərcin tələb edilməsi halıdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qeyd edilən halların müəyyən edidlməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqim edilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı Cavabdeh2 aid hissədə iddia tələbinin əsası kimi istinad edilən halların (iddiaçıya qeyd edilən məbləğdə maddi ziyanın vurulması, habelə sağlamlığın bərpa edilməsi üçün qeyd edilən məbləğdə xərcin tələb edilməsinə dair halların) müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2n aid hissəsədə vurulmuş maddi ziyanın ödənilməsitələbində əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Cavabdeh1 aid olan hissəsə müəyyən eidlməli olan hal məhz həmin cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi ziyan vurulması, vurulmuş maddi ziyanla onun hərəktləri arasında səbəbli əlaqənin olması halıdır. Lakin ididaçı tərəfindən qeyd edilən hallarla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı Cavabdeh1 münasibətdə məhz həmin cavabdehin hansı təqsirli hüquqazidd hərəkətləri və ya hərəkətsiliyi nəticəsində ididaçıya qeyd edilən məbləğdə maddi ziyan vurulması və vurulmuş maddi ziyanla həmçin cavabdehin hərəkətləri arasında əsbəbli əlaqənin olması halının müəyyən eidlməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissə də əsassız olmaqla təmin eidlməməlidir. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyann ödənilməsi hisssəi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin eidlməməlidir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı ona mənəvi zərərin vurulduğuna görə 1060 manat məbləğində pul vəsaitinin cavbdehlərdən onun xeyrinə tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar, iztirab keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində əsassız olmaqla, təmin olunmamalıdır. Məhkəmə bununla əlaqədar onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabd Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdlər Cavabdeh1 və Cavabdeh2 oğlua qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar