Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3089/2022 24.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşağı xx.xx.2016-cı il təvəllüdlü X3 ilə birlikdə ona məxsus Bakı şəhəri,ünvan 1ov pr. 43a saylı evin 24 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,Cavabdeh münasibətdə istifadə hüququnun olmaması kimi müəyyən edilməsi, qalan hissədə olduğu kimi saxlanılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri,ünvan 1ov prospekti,43A saylı evin 24 saylı mənzili xx.xx.2014-cü il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir.Cavabdeh 19 sentyabr 2016-cı il tarixdə oğlu X4 ilə ailə qurmuş və onların birgə nikahdan 16 mart 2016cı il tarixdə Ömər adlı bir uşaqları doğulmuşdur.Onların aralarında olan nikah Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2016-cı il təvəllüdlü X3 anasının himayəsinə verilmişdir.Cavabdeh onun gəlini olduğuna görə mülkiyyətində olan evə qeydiyyata düşmüşdür.Lakin hazırda oğlu ilə ailə münasibətləri pozulmuş,uşağı ilə birlikdə ona məxsus evdən daimi olara köçüb getmişlər.Cavabdeh artıq onların ailə üzvü deyildir,cavabdehin ona məxsus evlə heç bir əlaqəsi yoxdur və həmin mənzildən daimi olaraq köçüb getmişlər.Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır.Onun mənzil üzərində sahiblik,sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur,həmçinin əlavə kommunal xərvci ödəmək məcburiyyətində qalır.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında cavabdehin onun keçmiş gəlini olduğunu, həmin evi 1995-ci ildə aldığını, 2014-cü ildə yeni Çıxarış aldığını, gəlini ilə oğlunun 2014-cı ildə sentyabr ayında evləndiklərini, həmin evə 2014-cü ildə o evə gəlin kpçdüyünü, 2019-cu ildə boşansalar da, 2018-ci ildən o evi tərk etdiyini, həmin evə 2016-cı ildə nəvəsi ilə birlikdə qeydiyyata düşdüyünü, atası evində yaşadığını bildirərək, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə və maraqlı şəxs qismində işə cəlb edilmiş Qaradağ Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri,ünvan 1ov prospekti,43A saylı evin 24 saylı mənzil xüsusi mülkiyyət formasında İddiaçı adına xx.xx.2014-cı il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(002)-722/2019 saylı qətnaməsinin surətindən görünür ki, X4 ilə Məmmədova (İbrahimli) Nigar Süleyman qızı arasında 19 sentyabr 2014-cü il tarixdə Ağsu rayon Qaraqoyunlu kənd İnzibati ərazi 16 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2016-cı il təvəlüdlü X1 Cavabdeh himayəsində saxlanması qət edilmişdir. 5599374 nömrəli arayışın məzmunundan görünür ki, X2,X3,X4 və Cavabdeh Bakı şəhəri,ünvan 1ov prospekti,43A saylı evin 24 saylı mənzil ünvanında qeydiyyatındadırlar. xx.xx.2022-ci il tarixli 119 saylı MKİS tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, İddiaçı adına ünvan 1ov prospekti,43A saylı evin 24 saylı mənzil üzrə xx.xx.1995-ci ildə şəxsi hesab açılmış, mənzil xüsusi mülkiyyətçisi İddiaçı olduğu, özü, həyat yoldaşı, oğlu 1995-ci ildən, Cavabdeh, X3 2016-cı ildən pasport qeydiyyatındadır. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə cavabdeh mübahisə predmeti olan mənzilə 2014-cü ilin sentyabr ayından köçüb yaşadığından və 2016-cı ildə daimi pasport qeydiyyatına düşdüyündən tərəflər arasında həmin mənzillə bağlı yaranmış mübahisəli hüquq münasibətləri 1 oktyabr 2009-cu il tarixli Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə mübahisə ilə bağlı ilk növbədə onu qeyd edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil 1995-ci il tarixdən xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla, 2014-cü ildən həmin evdə yaşamış, 2016-cı ildə həmin evə dair pasport qeydiyyatına düşmüş, xx.xx.2019-cu il tarixli müvafiq məhkəmə qətnaməsi ilə iddiaçının oğlu ilə cavabdeh arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahdan olan övladı cavabdehin himayəsində saxlanılmışdır, hazırda həmin evdə yaşamır. Məhkəmə ilk növbədə onu qeyd edir ki, mənzil və ailə qanunvericiliyinin tələbinə əsasən cavabdeh həmin evdə köçüb yaşasa da, iddiaçının ailə üzvi qismində çıxış etmədiyindən, cavabdehin həmin evə dair istifadə hüququ yaranmamışdır. Həmçinin, məhkəmə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında mübahisə predmeti olan yaşayış sahəsinə dair istifadə hüququnun yaranması ilə bağlı hər hansı notarial razılaşma olması halı və bu hüququnun dövlət reyestrindən qeydiyyatdan keçməsi halı aşkar edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin mübahisə predmeti olan yaşayış sahəsinə dair istifadə hüququ yaranmadığından, iddia tələbi qeyd edilən hissədə əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin azyaşlı uşağa aid hissəsi ilə bağlı onu qeyd edir ki, mənzil və ailə qanunvericiliyinin tələbinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X3 iddiaçının nəvəsi olmaqla, həmin evdə pasport qeydiyyatında olmaqla, həmin evdə yaşadığından, onun həmin evə dair istifadə hüququ yaranmışdır. Həmçinin, məhkəmə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı müvafiq məhkəmə qətnaməsi əsasında uşağın cavabdehin himayəsində saxlanması halı müəyyən edildiyindən, habelə mülki qanunvericiliyin tələbinə əsasən azyaşlı uşağın yaşayış yeri valideynlərinin yaşayış yeri hesab edildiyindən, indiki halda azyaşlı uşaq cavabdehin himayəsində olduğundan, onun yaşayış yeri məhz cavabdeh valideyninin yaşayış yeri olduğundan, cavabdehlə birgə başqa yaşayış sahəsində yaşadığından, mübahisə predmeti olan yaşayış sahəsində yaşamadığından, habelə cavabdehə aid hissədə iddia tələbi təmin edildiyindən, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri,ünvan 1ov prospekti,ev 43A ,24 saylı mənzilinə dair istifadə hüquqlarının olmaması halı müəyyən edilməli, xx.xx.2016-cı il təvəllüdlü X1 Bakı şəhəri,ünvan 1ov prospekti,ev 43A ,24 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri,ünvan 1ov prospekti,ev 43A ,24 saylı mənzilinə dair istifadə hüquqlarının olmaması halı müəyyən edilsin. xx.xx.2016-cı il təvəllüdlü X1 İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri,ünvan 1ov prospekti,ev 43A ,24 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-3089/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3089/2022
24.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver