Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3177/2023 03.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü X1 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 29 saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 29 saylı ev xx.xx.2021-ci il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir və xüsusi mülkiyyətindədir. Həmin ev əvvəllər atasına məxsus olmuş, 2021-ci ildən isə onun mülkiyyətinə keçmişdir. Cavabdeh1 onun qardaşı qızı, digər cavabdehlər isə sonuncunun uşaqlarıdır. Təranə 1996-cı ildə Həzrətquliyev Azərlə ailə quraraq ona məxsus evdən daimi olaraq köçüb getmiş və övladları olan digər cavabdehlərlə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yaşayırlar. Ona məxsus evdə cavabdehlərə məxsus heç bir əşya yoxdur və cavabdehlərin ona məxsus evlə heç bir əlaqələri yoxdur. Cavabdehlərin ona məxsus evdə qeydiyyatda qalmaları onun üçün bir sıra problemlər yaradır, belə ki, bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, o, iddia tələbinə etiraz edir. Belə ki, 1996-cı ildə ailə qurduqdan sonra Abşeron rayonu, Qobu qəsəbəsinə köçmüşdür, hal-hazırda da Qobu qəsəbəsində ailəsi ilə birgə yaşayır. İddiaçı onun bibisidir, bibisinə məxsus evdə onun heç bir əşyası yoxdur. Belə ki, gəlin köçməmişdən əvvəl bibisinin evi ilə eyni həyətdə yerləşən, valideynlərinə məxsus digər sənədiz evdə yaşamışdır, lakin gəlin köçdükdən indiyə kimi həmin sənədsiz evə gedib-gəlir, öz qardaşı həmin evi hazırda sənədləşdirməyə çalışır, lakin onları ora qeydiyyata alacağına söz vermir. Qobu qəsəbəsində yaşadıqları ev də sənədsiz olduğundan, övladları ilə birlikdə həmin evə qeydiyyata düşə bilmirlər. Ona görə də qeydiyyatda qalmaq istəyir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahat verərək bildirdi ki, o, iddia tələbinə etiraz edir. Belə ki, iddiaçı onun anasının bibisidir və o, heç vaxt iddiaçıya məxsus evdə yaşamamışdır. Hazırda Qobu qəsəbəsində yaşayır, lakin yaşadıqları ev sənədsiz olduğundan qeydiyyata düşə bilmirlər. Qeydiyyatdan məhrum olmaq istəmədiyinə görə iddia tələbinə etiraz edir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, iddiaçı onun xalası, cavabdehlərdən Təranə dayısı qızıdır. Cavabdeh Təranə uzun müddətdir ki, gəlin köçmüşdür və Qobuda yaşayır. İddiaçıya məxsus evlə cavabdehlərin heç bir əlaqəsi yoxdur. Məhkəmə, izahatları və şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 29 saylı ev İddiaçınun xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 44 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 29 saylı evdə qeydiyyatdadır. Həmin mənzildə özü, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və digər şəxslər qeydiyyatdadırlar. İş materiallarında olan qonşular X7, X6 və X3 öz imzaları ilə təsdiq etdikləri xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 29 saylı evdə yaşamış Hüseynova Təranə 1996-cı ildə Həzrətquliyev Azərlə rəsmi nikah qeydiyyatından keçməklə həyat yoldaşının evinə köçmüşdür. Hal-hazırda Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 29 saylı evdə Təranəyə məxsus heç bir əmlak yoxdur. Beləliklə, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 29 saylı evin mülkiyyətçisi, cavabdehlər isə həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olan, lakin faktiki olaraq uzun müddətdən bəri həmin evdə yaşamayan və daimi yaşayışlarını başqa ünvanda təmin edən qardaşı qızı və sonuncunun uşaqlarıdır. Qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mülki işin hallarından göründüyü kimi, cavabdehlərin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquqları qeydə alınmadığından, habelə onlar mülkiyyətçi olan iddiaçının qanunda nəzərdə tutulan ailə üzvləri olmamaqla onunla birgə yaşamadıqlarından, onların hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir. Ona görə də faktiki olaraq uzun müddətdən bəri iddiaçıya məxsus evdə yaşamayan və daimi yaşayışlarını özlərinə məxsus başqa yaşayış yerində təmin edən cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələbi əsaslı hesab olunmalıdır. Bundan əlavə, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87.2-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 aprel 2018-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə əsasən, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövrdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər. Digər tərəfdən, cavabdehlərin iddiaçıya məxsus evdə qeydiyyatda qalmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü X2 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 29 saylı evə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-3177/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3177/2023
03.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver