Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3206/2023 06.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları xx.xx.2014cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X8 ilə birlikdə ona məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi B.Əliyev küçəsi 59 saylı evin 45 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X8 ilə birlikdə ona məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi B.Əliyev küçəsi 59 saylı evin 45 saylı mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi B.Əliyev küçəsi 59 saylı evin 45 saylı mənzili xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət kimi onun adına hüquqi qeydiyyatdan keçmişdir. Cavabdeh 09 oktyabr 2012-ci il tarixdə oğlu X10 ilə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Mehdi və xx.xx.2015-ci il tarixdə Damla adlı iki övladları doğulmuşdur. Oğlu ilə gəlini arasında olan nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar analarının himayəsinə verilmişdir. Cavabdeh gəlini olduğuna görə onun mülkiyyətində olan evə qeydiyyata düşmüşdür. Lakin hazırda oğlu ilə ailə münasibətləri pozulmuş, uşaqları ilə birlikdə ona məxsus evdən daimi olaraq köçüb getmişlər. Göründüyü kimi, cavabdeh artıq onların ailə üzvü deyildir, cavabdehin ona məxsus evlə heç bir əlaqəsi yoxdur və həmin mənzildən daimi olaraq köçüb getmişlər. Həmçinin ailə qurarkən mənzil onun xüsusi mülkiyyətində olduğundan cavabdehin mənzilə istifadə hüququ da yaranmamışdır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh (o həm də yetkinlik yaşına çatmamış, mənzildə qeydiyyatda olan şəxslərin qanuni nümayəndəsidir) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(002)-96/2020 saylı qətnaməsindən görünür ki, X5 X2 qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, X10 ilə X6 arasında 09 oktyabr 2012-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 945 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X8 anaları X1 yanında saxlanılmış, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X4 hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. Bakı şəhəri İHBA Tİ və MHQİ tərəfindən tərəfindən verilmiş 11 avqust 1995-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi B.Əliyev küçəsi 59 saylı evin 45 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 442 saylı reyestr kitabının 63994 saylı vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdeh və yetkinlik yaşına çatmamış övladları ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktik sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçının ailə üzvü deyil, cavabdehin qeyd edilən mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onlarla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Cavabdeh sadəcə olaraq həmin mənzilə qeydiyyata alınmışlar. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan mənzilə qeydiyyata alınması «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, cavabdehin, eləcə də qanuni nümayəndəsi olduğu övladlarının yuxarıda qeyd olunan mənzildən istifadə hüququ yoxdur. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmamış övladları xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi B.Əliyev küçəsi 59 saylı evin 45 saylı mənzilindən istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qətnamə cavabdehin və yetkinlik yaşına çatmamış övladlarının mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmamış övladları xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi B.Əliyev küçəsi 59 saylı evin 45 saylı mənzilindən istifadə hüquqlarının olmaması müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3206/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3206/2023
06.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver