Məhkəmə qərarları › İş №2(002)-331/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-331/2025

15.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-331/2025 15.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhər XDS İK tərəfindən tərəfindən verilmiş xx.xx.1985-ci il tarixdə 226181 saylı orderə əsasən ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 5, mənzil 79 38.05 kv.m ümumi sahədən ibarət mənzil X1 istifadəsinə verilmişdir. Ailə tərkibi dörd nəfərdən ibarət göstərilmişdir: Mustafayeva Almaz, Mustafayev Zaur, İddiaçı və Cavabdeh qeyd edilmişdir.

2. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsi, ev 5, 79 saylı mənzil xüsusi mülkiyyət formasında X1 adına xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır.

3. X4 ilə X7 arasında notariat qaydasında təsdiqlənmiş, xx.xx.2009-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X4 ünvan 1 ünvanında yerləşən 38.05 kv.m. yaşayış sahəsi olan 3 otaqlı mənzili tam hissədə X6 hədiyyə etmişdir.

4. Cavabdeh tərəfindən yazılmış xx.xx.2009-cu il tarixli ərizəyə əsasən, X2 məxsus olan ünvan 1-un bağışlanılmasına razıdır, etirazı yoxdur.

5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* №-li xx.xx.2009-cu il tarixli çıxarışa əsasən, ümumi sahəsi 60.84 m2 olan ünvan 1 xüsusi mülkiyyət formasında X5 adına qeydiyyata alınmışdır.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsini 2(002)-1925/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə X4 arasında xx.xx.1982-ci il tarixdə Qaradağ rayon VVADQ şöbəsində bağlanmış və 395 nömrəsi ilə qeydə alınmış nikah pozulması qət edilmişdir. İddia tələbi

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsi, 5 saylı evin 79 saylı mənzilinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı məhkəmə iclasında iddianın dəqiqləşməsi barədə ərizə verərək Cavabdeh ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsi, 5 saylı evin 79 saylı mənzilinə istifadə hüququna xitam verilməsini xahiş etmişdir.

9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsi, 5 saylı evin 79 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh onun atası olmaqla ona məxsus evdə yaşamışdır. Sözügedən ev anasının adına olmuş, 2009-cu ilin avqustun 27-si anası X4 tərəfindən Bağışlama Müqaviləsi əsasında ona bağışlanmışdır. Eyni zamanda bildirir ki, Bağışlama Müqaviləsi bağlanarkən atasıda bağışlamağa razılıq vermiş və etirazının olmadığını bildirmişdir. Atasının hazırda mübahisəli mənzillə heç bir əlaqəsi yoxdur. Cavabdeh ona məxsus mənzildə qeydiyyatda olsa da, 1 ildən çoxdur ki, ona məxsus evdə yaşamır öz evində yaşayır. Cavabdeh ona məxsus evdə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

10. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 152.5, 228, 228.5, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddələrinə, istinad etmişdir.

11. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edərək, cavabdeh atasıdır. Evi anası ona bağışlama müqaviləsi ilə bağışlayıb. Anası evi 1985-ci ildə alıb. Ev əvvəl orderli olub. Cavabdeh 2023-cü ilə qədər evdə yaşayıb. Cavabdeh yaşlı vaxtında anasından ayrılıb, anasını və onu nalayiq ifadələrlə ittiham edib, yeni qadınla münasibət qurub. Cavabdeh ayrılmışdır və 2023-cü ilin oktyabr ayına qədər həmin evdə yaşamışdır. Hazırda bir mülkiyyətçi kimi cavabdehin mənzildə yaşayış yeri üzrə qeydiyyatına son vermək həmçinin cavabdehin gələcəkdə evə gəlməsini istəmədiyi hazırkı iddianı qaldırmışdır. Evi dövlət anasına verib, anası da evi ona verib, bu zaman cavabdehin yazılı razılığı olmuşdur. Hesab edir ki, cavabdeh istifadə hüquququnu itirmişdir.

13. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etməyərək, evdə 1985-ci ildən 2023-cü ilə qədər evdə yaşamışdır. Evi o təmir etmiş, evin əşyalarını özü almışdır. İddiaçının anası ona xəyanət edib, o da evdən getməli olmuşdur. Evdən 2023-cü ilin noyabr ayında çıxmağa iddiaçını və anasını öldürməmək üçün məcbur qalıb çıxmışdır. 42 il həmin evə görə əziyyətlər çəkmişdir. Evdə yaşamağı qeyri-mümkündür. Cavabdeh hazırda atasının evində yaşadığını bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin mövqeyi Tətbiq edilən hüquq:

14. Azərbaycan SSR xx.xx.1982-ci il tarixli Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinı əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Hədi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 87-ci maddəsinə görə, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1-ci maddəsinə əsasən, bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Əsaslandırma

17. İddia əsaslıdır.

18. İşin faktiki halları bundan ibarətdir ki, cavabdeh iddiaçının atasıdır. İddiaçının bağışlama müqaviləsinə əsasən mülkiyyət hüququ əsasında əldə etdiyi mənzildə cavabdeh yaşayış yeri üzrə qeydiyyatda qalmağa davam edir. İddiaçı bu halın onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırdığını qeyd edərək cavabdehin həmin mənzildə istifadə hüquqlarına xitam verilməsini xahiş edir.

19. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinə qiymət verilməsi üçün cavabdehin yaşayış sahəsindən istifadə etmək hüququnun hansı əsasla yaranmasının (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu) və hansı qanunvericiliyin tətbiq edilməli olmasını aydınlaşdırmaq zəruridir.

20. İşin mübahisəsiz hallarından aydın olur ki, cavabdeh mübahisəli mənzilə dair iddiaçının anası Almaz Mustafayevaya məxsus orderdə (1985-ci il tarixli) ailə üzvü kimi qeyd edilməklə həmin mənzildə icrədarın razılığı ilə yaşadığından onun mənzildən həmin dövrdə qüvvədə olan 1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin tələblərinə əsasən istifadə hüququ yaranmışdır.

21. İş materiallarından görünür ki, mənzilin mülkiyyətçisi xx.xx.2009-cu il tarixli bağışlama müqaviləsi əsasında dəyişmiş və mənzilin İddiaçı bağışlanmasına cavabdeh yazılı notarial qaydada təsdiqlənmiş razılıq vermişdir.

22. Məhkəmə göstərilən razılığı cavabdehin 1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinə əsasən əldə etdiyi istifadə hüququnun itirilməsi kimi qiymətləndirir.

23. Lakin işin faktiki hallarından görünür ki, cavabdeh bağışlama müqaviləsindən sonra qızına məxsus evdə yaşamaqda davam etmişdir. Mülkiyyətçinin dəyişməsi xx.xx.2009-cu il tarixdə baş verdiyindən, məhkəmə hesab edir ki, bu tarixdən sonra cavabdehin mənzildən istifadə hüququnun yaranması və ya itirilməsi məsələsinə Mülki Məcəlləsinin 228-ci maddələri tətbiq edilməlidir.

24. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, cavabdehin mülkiyyətçinin valideyni olmaqla mənzildən istifadə hüququ onlar arasında yazılı notarial müqavilənin bağlanma şərti olmadan yaranmışdır.

25. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına əsasən, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.

26. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə dair istifadə hüququ mövcud olduğundan, kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsinin mümkünlüyü barədə məsələyə hüquqi qiymət verilməlidir.

27. Məhkəmə araşdırması zamanı cavabdeh kompensasiya tələb etmiş, lakin iddiaçı kompensasiya ödəməyə razı olmamış, cavabdehin onu və anasını tərk edərək getdiyi, ailə münasibətləri kökündən sarsıldığı üçün ona kompensasiya verməyəcəyini bildirmişdir.

28. Bununla bağlı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.

29. Məhkəmə bu istiqamətdə araşdırma apararaq müəyyən etmişdir ki, cavabdehlə iddiaçının anası arasında olan nikah pozulmuş, bununla bağlı, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Cavabdehin mübahisəli mənzildə 2023-cü ildən bu günədək yaşamaması hər iki tərəfin izahatları ilə təsdiqini tapmışdır. Cavabdeh iddiaçı və keçmiş həyat yoldaşı ilə bir evdə yaşamasının mümkünsüz olması səbəbindən evdən ayrıldığını, yoldaşının ona xəyanət etdiyini, iddiaçı da öz növbəsində atasının onun yaşlı anasını və onu nalayiq ittihamlarla el içində biabır etdiyini və mübahisəli evi 2023-cü ilin oktyabr ayından etibarən könüllü tərk etdiyini bildirmişdir.

30. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzili tərk etməsi məcburiyyət nəticəsində baş verməmiş, onun yaşayış sahəsindən istifadəsini mümkünsüz edən hallar olmamış, əksinə cavabdeh özü ailəsindən ayrılmaq qərarına gələrək nikahın pozulmasına dair məhkəmədə iddia qaldırmış, tərəflər arasında ailə münasibətləri faktiki dağılmış, cavabdeh 2023-cü ildən sonra daimi olaraq yaşayış sahəsinə ehtiyacını öz izahatında bildirdiyi kimi atasının evində həyata keçirmişdir. Bundan əlavə, cavabdeh bu günədək mübahisəli mənzilə köçürülmə barədə tələblə məhkəməyə müraciət etməmiş və ya mənzildə yaşamaq niyyətini hər hansı formada ifadə etməmişdir.

31. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi üçün əsaslar hazırkı işdə tam əksini tapmış və həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxmışdır. Əks yanaşma mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılmasına səbəb olardı.

32. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

34. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013cü il tarixli Qərarı).

35. Göstərilənlərə əsasən, habelə mülkiyyət hüququnun müdafiəsi prinsipini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsi, 5 saylı evin 79 saylı mənzilinə dair istifadə hüquqununa xitam verilməlidir.

36. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsi, 5 saylı evin 79 saylı mənzilində istifadə hüququna kompensasiya ödənilmədən xitam verilsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar