Məhkəmə qərarları › İş №2(002)-3345/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3345/2022

20.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3345/2022 20.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi və əşyaların mənzildən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yektkinlik yaşına çatmamış uşaqları X3 və X4 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Səfərov küçəsi 6 saylı evin 30 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nəsrullayevnanın ona məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Səfərov küçəsi 6 saylı evin 30 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi və ona məxsus evdə yerləşdirilmiş əşyalarının Cavabdeh Nəsrullayevnanın hesabına mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Səfərov küçəsi 6 saylı evin 30 saylı mənzili iş yerindən ailə tərkibinə əsasən növbəlilik qaydasında atası Rasim Talıbova verilmişdir. Həmin mənzil atası Rasim Talıbovun mülkiyyətində olmuş, atasının ölümündən sonra vərəsəlik qaydasında əvvəlcə anası İ.Talıbovanın, sonra isə onun mülkiyyətinə keçmişdir. Cavabdeh xx.xx.2005-ci il tarixdə qardaşı Talıbov Aynur ilə rəsmi nikaha daxil olaraq evlənmiş və yaşadıqları ünvana gəlin gəlmişdir. Mübahisəli ünvanda yaşayarkən xx.xx.2006-cı il tarixdə Elvira, xx.xx.2014cü il tarixdə isə Emilya adlı iki uşaqları olmuşdur. Əvvəlcə münasibətləri normal olsa da, sonradan nikahları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(002)-2954/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Hələ məhkəmə qətnaməsindən qabaq cavabdeh hər iki uşağında götürüb yaşamaq üçün mənzildən çıxıb başqa ünvana getmiş və bir daha geri qayıtmamışdır. Cavabdeh onun ailə üzvü deyildir. Hazırda cavabdehin və uşaqlarının mülkiyyətində olan mənzilində qeydiyyatda olması mülkiyyət hüquqlarını məhdudlaşdırır. Qeyd etdiyi kimi, cavabdeh onun ailə üzvü deyil, birgə təsərrüfat aparmırlar, bu səbəbdən cavabdehin mənzildən istifadə hüququna xitam verilməlidir. Bundan başqa, yuxarıda göstərilən mənzil ona məxsus olmaqla beş otaqdan ibarətdir. Cavabdeh uzun müddət həmin mənzildə yaşamasa da, cavabdehə məxsus əmlak mənzilin bir otağına yerləşdirilmişdir və otağın qapısı bağlanmışdır. Cavabdehə məxsus əşyaların həmin otaqda olması səbəbindən onlar otaqdan istifadə edə bilmirlər. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş hüquqmüəyyənedici sənədlərdən (1988-ci il tarixli 245150 saylı order; xx.xx.2005-ci il tarixli ÖM seriyalı 232524 saylı qeydiyyat vəsiqəsi; xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış; xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Səfərov küçəsi 6 saylı evin 30 saylı mənzili 1988-ci ildə iddiaçının atasına (7 nəfər ailə tərkibində) Qaradağ rayon XDS İK-nın müvafiq qərarına əsasən verilmiş, mənzil xüsusi mülkiyyət kimi iddiaçının atasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, iddiaçının atası vəfat edəndən sonra mənzil vərəsəlik qaydasında iddiaçının anasının, iddiaçının anası vəfat etdikdən sonra isə eyni qaydada mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyatdan keçirilmişdir. İddiaçının Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Səfərov küçəsi 6 saylı evin 30 saylı mənzilinin tam pay üzrə mülkiyyətçisi olması işin təkzibedilməz və aşkar halıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(002)-2775/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh X1 qarşı onun azyaşlı övladları ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Səfərov küçəsi 6 saylı evin 30 saylı mənzilinə köçürülməsi və həmin mənzildə yaşamaq hüququnun təmin edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Yuxarıda qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir və qətnamədə müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Səfərov küçəsi 6 saylı evin 30 saylı mənzilindən istifadə hüququ yaranmamışdır, istifadə hüququ olmadığından həmin mənzilə köçürülə bilməz. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdehin və yetkinlik yaşına çatmayan övladlarının yuxarıda qeyd olunan mənzildən istifadə hüququnun olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bu səbəbdən, məhkəmə hesab edir ki, hazırki iddia Cavabdeh yektkinlik yaşına çatmamış uşaqları X3 və X4 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Səfərov küçəsi 6 saylı evin 30 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə cavabdehin yetkinlik yaşına çatmamış ailə üzvləri ilə yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddianın cavabdehə məxsus əşyaların (daşınar əmlakın) mənzildən çıxarılması tələbinə dair hissəsini əsaslı hesab edən məhkəmə qeyd edir ki, bu hissədə iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. İş materiallarından göründüyü kimi, cavabdehin həmin mənzildən istifadə hüququ olmasa da, cavabdehə məxsus əşyalar iddiaçıya məxsus mənzilin 1 otağına yığılaraq həmin otağın qapısı qıfıllanmış, bunun nəticəsində iddiaçı öz mülkiyyətində olan mənzildən istədiyi kimi, azad şəkildə istifadə edə bilmir. İddiaçının mülkiyyətçi kimi hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh məxsus olan əşyalar (6 qapılı şifonyer, güzgülü trümo, sandıq, 2 çarpayı, sokülmüş vəziyyətdə olan «qorka», xalça) İddiaçı mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Səfərov küçəsi 6 saylı evin 30 saylı mənzilindən çıxarılmalıdır. İddia - Cavabdeh yektkinlik yaşına çatmamış uşaqları X3 və X4 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Səfərov küçəsi 6 saylı evin 30 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair hissədə rədd edilməlidir. Hazırkı qətnamə cavabdehin yetkinlik yaşına çatmamış ailə üzvləri ilə yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məxsus olan əşyalar (6 qapılı şifonyer, güzgülü trümo, sandıq, 2 çarpayı, sokülmüş vəziyyətdə olan «qorka», xalça) İddiaçı mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Səfərov küçəsi 6 saylı evin 30 saylı mənzilindən çıxarılsın. İddia - Cavabdeh yektkinlik yaşına çatmamış uşaqları X3 və X4 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Səfərov küçəsi 6 saylı evin 30 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair hissədə rədd edilsin. Hazırkı qətnamə cavabdehin yetkinlik yaşına çatmamış ailə üzvləri ilə yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar