Məhkəmə qərarları › İş №2(002)-3460/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3460/2021

20.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3460/2021 20.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı Cavabdehnə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icraata başlamaq haqqında qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icraata başlamaq haqqında qərarın ləğv edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra məmuru X1 2(002)-42/2020-029 nömrəli, 30.11.2020-ci il tarixli işin icrası ilə bağlı hərəkətlərinin, qanunun tələblərinin pozulması ilə həyata keçirildiyi və 21.09.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarında qeyd edilmidşir ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı).Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən görünür ki, müvafiq icra sənədi üzrə icraat məhkəmə araşdırmasının davamı olmaqla, həmin məhkəmə araşdırmasının tərkib hissəsi qismində çıxış edir. Bu halda, müvafiq icra sənədi üzrə icra icraatı nəticəsində pozulmuş hüquq və mənafelərin səmərəli müdafiəsi məhz icra icraatı qaydasında təmin edilməlidir. Başqa sözlə, həmin mərhələdə pozulmuş hüquqların müdafisəsi ilə bağlı ərizələrə məhkəmədə icra icraatı qaydasında baxılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə iddiaçının tələbi müvafiq məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icrata başlamaq haqqında qəraraın ləğv eidlməsindən ibarətdir. Göründüyü kimi, hazırki mülki iş üzrə iddia tələbinin predemetini məhz icra icraatı ilə bağlı hüquq münasibətləri təşkil edir. İndiki halda isə iddiaçı tərəfindən qeyd edilən məsələnin həlli ilə bağlı icra icraatı qaydasında ərizə ilə mürcaiət etməli olduğu halda,o, iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə mürcaiət etmişdir. Ona görə də məhkəmə qeyd edilən qanunvericiliyin normalarını rəhbər tutaraq, hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbinin predmetini təşkil edən məsələ iddia icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçıya qedy edilən məsələnin həlli ilə bağlı icra icraatı qaydasında ərizə ilə yenidən məhkəməyə mürcaiət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icraata başlamaq haqqında qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar