Məhkəmə qərarları › İş №2(002)-3557/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3557/2024

19.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3557/2024 19.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi 41 saylı evin 33 saylı mənzilinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi 41 saylı evin 33 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının həyat yoldaşı X6 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi 41 saylı evin 33 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehlər Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə qızıdır. Qızı Cavabdeh2 6 ildir ki, ailə quraraq ona məxsus evdən daimi olaraq köçüb getmişdir və hal-hazırda da ərinə məxsus evdə yaşayır. Ona məxsus evlə heç bir əlaqəsi yoxdur. Oğlu Cavabdeh1 isə 7 ildən artıqdır ki, ona məxsus evdən daimi olaraq köçüb getmişdir, başqa ünvanda ev almışdır və hal-hazırda özünə məxsus evdə yaşayır. Lakin formal olaraq qeydiyyatda olduğu, ona məxsus evdən qeydiyyatdan çıxmaq istəmir. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra çətinliklər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddiaçının həyat yoldaşı, cavabdehlər isə övladlarıdır. Həqiqətən övladları illər öncə qeydiyyatda olduqları evi tərk edərək daimi yaşamaq üçün başqa ünvanlara köçmüşlər. Belə ki, oğlu, özünə ev almış, həmin evə köçmüş, daha sonra isə yaşamaq üçün xaricə getmişdir. Qızı isə ailə quraraq, ər evinə gəlin köçmüşdür və daimi olaraq orada yaşayır. Bu səbəbdən, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və 3-cü şəxsin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, şahid X7 ifadəsində bildirdi ki, iddiaçı onun bacısının yoldaşıdır. Sahil qəsəbəsində yaşayır. İddiaçının qızı Yasamalda ailəsi ilə yaşayır. 5-6 ildir gəlin köçüb. Valideynlərinin yanına gəlib-getmir. Toyunda olmuşdur. X10 Kurbanovna ifadəsində bildirdi ki, 3-cü mərtəbədə yaşayır. İddiaçının oğlu evlənib, qızı da evlənib köçüblər. 5 ildir ki, görmür. Başqa yaşayış yerləri barədə məlumatı yoxdur. İş materiallarına əlavə olunmuş: - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 23 noyabr 2001-ci il tarixli ÖM seriyalı 095303 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi 41 saylı evin 33 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına 1186 saylı reyestr kitabının 178204 saylı səhifəsində qeydə alınmışdır. - xx.xx.2024-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi 41 saylı evin 33 saylı mənzilində qeydiyyatdadırlar. - "xxxx" MMMC tərəfindən verilmiş 22 aprel 2020-ci il tarixli 09 saylı arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Məhəmməd Xiyabani küçəsi 192B saylı evin 4 saylı mənzilində (3 girişli 19 mərtəbəli yaşayış binasının 3-cü blok 16-cı mərtəbəsində yerləşən 1 otaqlı mənzil) yaşayır. - Qonşular tərəfindən tərtib, 119 saylı MKİS-in rəisi tərəfindən təsdiq olunmuş 09 dekabr 2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh1 Səngəçal qəsəbəsində 2 otaqlı evi var, bundan əlavə Sahil qəsəbəsində «Rifaq» marketin üstündə 2 otaqlı evi var, 10 ildən artıqdır ki, valideynləri ilə yaşamır. Cavabdeh2 6 ildən çoxdur ki, rəsmi nikaha daxil olaraq ailə qurub, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Məhəmməd Xiyabani küçəsi 192B saylı evin 4 saylı mənzilində yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən «Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.» Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar «Uolson İsveçrəyə qarşı» məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi baxımından şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarindan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmədə toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdehlər iddiaçının ailə üzvləridirlər. Onlar iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatdadırlar, daimi əsaslarla başqa ünvanlara köçmüşlər, iddiaçıya məxsus mənzildə yaşamırlar. Belə olan halda cavabdehlərin iddiaçıya məxsus mənzilinə istifadə hüququnun əldə edilməsini zəruri edən əsas da artıq mövcud deyildir. Bu əsasın mövcud olmaması isə mahiyyət etibarı ilə onların yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilməsini istisna etmir. Bundan başqa, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsasdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi 41 saylı evin 33 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi 41 saylı evin 33 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar