Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-489/2023 29.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsi, ev 38, 36 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsi, ev 38, 36 saylı mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Belə ki, qeyd olunan mənzil 1997-ci il tarixli orderə əsasən nənəsinə verilmiş, 2014-cü ildə qeydiyyatda olan bütün şəxslərin razılığı ilə onun adına özəlləşdirilmiş və ona çıxarış verilmişdir. Cavabdeh onun əmisi olmaqla 2004-cü ildə həmin mənzilə qeydiyyata alınmış, lakin həmin mənzildə heç vaxt yaşamamışdır və hal-hazırda da yaşamır. Cavabdehin ona məxsus mənzildə formal olaraq qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mülkiyyətçi kimi mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsi, ev 38, 36 saylı mənzil onun anası X1 məxsus olmuşdur. Həmin mənzil ailə üzvləri nəzərə alınmaqla order əsasında anasına verilmiş, həmin mənzildə qeydiyyata alınmış və yaşamışdır. Lakin iddiaçının valideynləri onun həmin mənzildə yaşamağına imkan verməmişlər. 1992-cü ildən 2004-cü ilə kimi Ağdamda yaşamışdır, 2004-cü ildən Sulutəpə qəsəbəsində həyət evində kirayədə yaşayır. 2017-ci ilə qədər həmin mənzilə gedib gəlmişdir. İddiaçının 2014-cü ildə mənzili öz adına necə keçirməsindən xəbəri olmamışdır. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, 1996-cı ildən iddiaçı ilə yaxın qonşuluq münasibətindədirlər. O, cavabdehin heç vaxt mübahisəli mənzildə yaşadığını görməmişdir. Cavabdehin iddiaçının əmisi olduğunu bilir. Məhkəmə, izahatları və şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsi, ev 38, 36 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa Cavabdeh və digər şəxslər qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsi, ev 38, 36 saylı mənzil İddiaçı tam pay üzrə xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə xx.xx.2014-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan X2, X4 və X6 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onlar Cavabdeh yaxından tanıyırlar. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsi, ev 38, 36 saylı mənzildə qeydiyyatda olmasına baxmayaraq heç vaxt həmin ünvanda yaşamamışdır və hal-hazırda da yaşamır. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 109 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsi, ev 38, 36 saylı mənzildə xx.xx.2004-cü ildən qeydiyyatdadır, lakin yaşamır. İş materiallarında olan 025508 saylı xx.xx.1997-ci il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Mədən küçəsi, ev 38, 36 saylı mənzil Nəsibova Məleykəyə verilmişdir, ailə üzvləri 7 (yeddi) nəfərdən ibarət olmuşdur, ailə tərkibində və orderin verilməsinə əsas olan xx.xx.1996-cı il tarixli sərəncamda Cavabdeh adı qeyd olunmamışdır. İş materiallarında olan Cavabdeh tərəfindən Azərbayca Respublikası ƏMDK yanında DƏDRX Bakı Ərazi İdarəsinə verilmiş xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsi, ev 38, 36 saylı mənzilin İddiaçı adına özəlləşməsinə razıdır, etirazı yoxdur. Cavabdeh imzasının həqiqiliyi notarial qaydada təsdiq edilmişdir. Beləliklə, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsi, ev 38, 36 saylı mənzilin mülkiyyətçisi, cavabdeh isə həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan və daimi yaşayışını başqa ünvanda təmin edən əmisidir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mülki işin hallarından göründüyü kimi, cavabdehin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququ qeydə alınmadığından, habelə o, mülkiyyətçi olan iddiaçının qanunda nəzərdə tutulan ailə üzvü olmamaqla onunla birgə yaşamadığından, onun hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir. Cavabdehin mənzilin özəlləşməsindən xəbərsiz olması barədə dəlili isə onun notarial qaydada təsdiq edilmiş xx.xx.2014cü il tarixli ərizəsi ilə təkzib olunur. Ona görə də faktiki olaraq uzun müddətdən bəri iddiaçıya məxsus mənzildə yaşamayan və daimi yaşayışını başqa yaşayış yerində təmin edən cavabdehin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələbi əsaslı hesab olunmalıdır. Digər tərəfdən, cavabdehin iddiaçıya məxsus mənzildə faktiki yaşamadan qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsi, ev 38, 36 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-489/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-489/2023
29.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver