Məhkəmə qərarları › İş №2(002)-6/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-6/2025

06.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-6/2025 06.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Rakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.415 manat maddi ziyan, 3.000 manat mənəvi ziyan və ödənilmiş 115 manat dövlət rüsumunun Cavabdeh MMCdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən torpaq sahəsində təmir və tikinti işlərinin aparılması barədə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh işin icraçısı kimi qeyd olunan sahədə 331,2 m2 evin tikinti işlərinin aparılması və hovuzun qurulması, hasarın tikilməsi, içməli su hovuzunun tikilməsi, nasosxananın tikilməsi, şanbonun tikilməsini öz üzərinə götürmüşdür və bunun müqabilində cavabdehə 93.000 manat pul vəsaiti ödəmişdir. Təəssüflər olsun ki, cavabdeh bu müqaviləyə uyğun olaraq 2021-ci il yanvar ayına bütün bu işləri təhvil verə bilməmiş, 2021-ci ilin sentyabr ayına qədər tikinti və təmir işlərini tamamlaya bilməmiş, üstəlik evin ikinci mərtəbəsindəki eyvanı iki yerdən beton konstruksiyası çat vermişdir. Dəfələrlə, təkidlə onun tərəfindən deyildikdən sonra, binanın fasadında ümumi (layihədə əks olunduğu kimi) görüntünü pozaraq, eyvanın yaxın zamanda uçması təhlükəsi olduğundan tumbaları tikməklə əlavə möhkəmləndirici işlər görmüşdür. Binanın kirəmit dam örtüyü nəzərdə tutulmuş vaxtdan səkkiz ay sonra gecikmələrlə təhvil verilməsinə baxmayaraq, həmin dam örtüyünün hər tərəfindən ikinci mərtəbədəki otaqlara su dammışdır. Mənim mütəmadi müraciətlərimdən sonra cavabdeh damı da iki dəfə sökərək nöqsanları aradan qaldırmaqla yenidən damı yığmışdır. Lakin bundan sonra da damdan su ikinci mərtəbəyə dammağa davam etmişdir. Həmçinin, dam örtüyünə qoyulan kirəmitin qalınlığı nəzərdə tutulan qalınlığa uyğun deyil, zəif küləkdən və təzyiqdən əyilən materialdan istifadə olunmuşdur. Bu ifadələri o və cavabdeh tərəfindən gətirdiyi ustalar da qeyd etmişdir. Qarajda, arxa hamamda və dam örtüyündə keyfiyyətsiz işlər görülmüş (dam tikinti qaydasına uyğun olmayaraq), onlar da təkrar təmir edilmişdir. Bütün yuxarıda qeyd olunanların foto, video görüntüləri, təmir edən ustaların danışığı və ifadələri var. Keyfiyyətsiz görülmüş işlərin, ən əsası damın keyfiyyətsiz tikintini aradan qaldırmaq cavabdehdən xahiş olunmuşdur, lakin cavabdeh bu işləri görməmiş, onun zənglərinə cavab verməmiş, onunla görüşməkdən imtina etmişdir. Bu səbəbdən, o, pretenziya məktubu yazaraq cavabdehdən ödədiyi vəsaiti geri istəmişdir. Təəssüflər olsun ki, bu müraciəti də cavabsız qalmışdır. Hazırda o, damın təmir olunması üçün ekspert dəvət etmiş və ekspert damın keyfiyyətli təmir olunması üçün ona 6.415 manatdan ibarət smeta təqdim etmişlər. Eyni zamanda, nəzərə alınsa ki, cavabdeh tərəfindən inşaat işləri 2021-ci ilin yanvar ayında tamamlanmalı olduğu zaman əslində 2021-ci ilin sentyabr ayında hissəvi tamamlanmışdır, damdan su buraxılması isə həmin bağa artıq ikinci yay sezonu ailəsi ilə bağa köçə bilməmişdir, ailəsi yay aylarında bağ istirahətindən məhrum qalmışdır. O, bir ata, ailə başçısı kimi böyük sarsıntılar keçirmişdir. Nəticədə ona mənəvi ziyan dəymişdir. İddiaçı oğlu öncəki məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh MMC qeyd edilən evi təmir etmiş və iddiaçıya təhvil vermişdir. Bu səbəbdən, cavabdeh tərəfindən iddiaçıya hər hansı ödəniş edilməli deyil. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, mübahisə predmeti olan evə yerində baxış keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid X8 məhkəmə iclasında bildirdi ki, o, 1973-cü ildən tikinti sahəsindədir. 2022-ci ildə mübahisəli evin damına baxış keçirmişlər. Onun rəhbərliyi və göstərişi ilə damı dəyişdirmişlər. X2 yığmış, hesablamanı isə özü aparmışdır. X1 ilə məhkəmə iclası zalında telefon bağlantısı ilə əlaqə saxlanıldı. Şahid telefonla bağlantı zamanı bildirdi ki, notariat qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət etmişdir . Həmin ərizə onun tərəfindən yazılmışdır, ərizəni bir daha təsdiq edir. Materialı İddiaçı oğlu almışdır. Damı isə o yığmışdır. Mübahisə predmeti olan evə yerində baxış keçirilən zaman müəyyən edildi ki, ev iddiaçıya təhvil verildikdən sonra cavabdeh tərəfindən aparılmış təmir işləri keyfiyyətsiz icra edildiyindən, evə yağıntı sularının sızması davam edir, evin dəhlizində olan divar kağızlarının nəm çəkməsi və təmirin yararsız hala düşməsi aşkar şəkildə müşahidə olunur. Məhkəməyə təqdim edilən CD formatlı daşıyıcıda olan audiovizual materiala məhkəmə iclası zalında baxış keçirilərkən müəyyən olundu ki, evin dam örtüyü cavabdeh tərəfindən quraşdırılandan sonra bir neçə dəfə təmir işləri aparılmışdır. Təmir işləri aparılmamışdan öncə su sızıntısının olub-olmaması, varsa damın hansı hissələrindən sızıntı hallarının müəyyən edilməsi üçün dama su səpilmiş, həqiqətən dam quraşdırma işinin keyfiyyətsiz icra edildiyi, evin ikinci mərtəbəsinə damdan su sızması hallarının olması müşahidə olunmuşdur. İş materiallarına əlavə olunmuş 20 sentyabr 2020-ci il tarixli Aİ 01-02/20 saylı müqavilədən görünür ki, sifarişçi İddiaçı oğlu ilə icraçı Cavabdeh MMC arasında xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən sifarişçi ünvan 2 ünvanda yerləşən torpaq sahəsində tikinti və təmir işlərinin aparılmasını sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada tikinti və təmir işlərini görməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 saylı Əlavədən görünür ki, evin tikinti işlərinin aparılması üçün 70.000 manat, hovuzun qurulması, hasarın tikilməsi, içməli su hovuzunun tikilməsi, nasosxananın tikilməsi, şamponun tikilməsi üçün 23.000 manat, cəmi 93.000 manat qiymət təyin edilmişdir. 16 may 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı oğlu Cavabdeh MMC-yə müraciət edərək, iddia ərizəsinin məzmununa uyğun xəbərdarlıq məktubu göndərərək, evin damının lazımi səviyyəyə gətirilməsi üçün sərf olunacaq 6.415,70 manat vəsaitin ona ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını cavabdehin nəzərinə çatdırmışdır. X3 notarial qaydada təsdiq edilmiş 19 aprel 2025-ci il tarixli 8İ-5793 reyestr saylı ərizəsindən görünür ki, İddiaçı oğluna məxsus olan Bakı şəhəri Sabunçu rayonu Ləhic bağ sahəsi 27 saylı saylı BTK-nın 4098 saylı bağ sahəsində yerləşən bağ evində Kamran Məlikovun dəvəti ilə usta kimi işləmişdir. Lakin ondan öncə evin tikintisi zamanı dam örtüklərinin qurulması keyfiyyətsiz aparıldığı üçün ev sahibinin istəyinə uyğun olaraq dam örtüklərini söküb yenidən qurmuşdur. Təmir zamanı qismən köhnə və yeni materiallardan istifadə etmişdir. Təmir işləri zamanı bütün xərcləri İddiaçı oğlu qarşılamışdır. Onun zəhmət haqqını İddiaçı oğlu tam ödəmişdir. xx.xx.2022-ci il tarixli smetadan görünür ki, 12,5 x 13,5 = 168,75 ölçülü dam örtüyünün təmir edilməsinə ümumilikdə 6.847 manat pul vəsaiti tələb olunur. xx.xx.2025-ci il tarixli smetadan görünür ki, 11 x 12 = 158,40 ölçülü dam örtüyünün təmir edilməsinə ümumilikdə 8.418 manat pul vəsaiti tələb olunur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Mülki Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Mülki Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Mülki Məcəllənin 767.1-ci maddəsinə əsasən əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 768.1, 768.1.1, 768.1.2, 768.1.3-cü maddələrinə əsasən podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. Mülki Məcəllənin 768.2-ci maddəsinə əsasən əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 772.1-ci maddəsinə əsasən görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Mülki Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu biləbilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Mülki Məcəllənin 776.2-ci maddəsinə əsasən əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Toplanmış və tədqiq olunmuş sübutlardan görünür ki, icraçı Cavabdeh MMC şifarişçi ilə bağladığı 20 sentyabr 2020-ci il tarixli Aİ 01-02/20 saylı müqavilədə adı çəkilən bağ sahəsində tikinti işləri aparmış, inşa işləri gecikmələrlə icra edilməkdən başqa, evin damı keyfiyyətli inşa edilməmiş, nəticədə bağ evinə su sızması halları baş vermişdir. Hazırda damın təmir edilməsi üçün əlavə pul vəsaiti tələb olunur. Məhkəməyə təqdim edilmiş pretenziya məktubundan və iddiaçının izahatından göründüyü kimi, o, damın keyfiyyətli təmir edilməsi üçün pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İddiaçı bildirir ki, eyni icraçı tərəfindən bağ evinin damının təmir edilməsinin müsbət effekti olmayacaq. Düşünür ki, damın təmir, yaxud yenidən qurulması işləri yenə də keyfiyyətsiz icra olunacaq, ona görə də, təmir işlərinə ödənilməli olan vəsaitin cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, 6.415 manat maddi ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə vurğulayır ki, iddiaçı sonradan məhkəməyə ikinci dəfə tərtib olunmuş smetanı təqdim edərək, təmir işlərinə 6.847 manat pul vəsaiti tələb olunduğunu bildirsə də, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmədiyindən, məhkəmə hazırki mübahisəyə vurulmuş maddi ziyanın ödənilməsinə dair hüquqi qiymət verərkən məhkəməyə təqdim edilmiş birinci smeta əsas götürülməlidir. Vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər – inamsızlıq, narahatlıq, məyusluq hislərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə vurğulayır ki, cavabdehin müqavilə öhdəliklərini keyfiyyətli şəkildə və vaxtında icra etməməsi nəticəsində pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edən iddiaçının insana məxsus təbii hislər olan əsəb, stres, narahatlıq, öz ailə üzvlərinin qarşısında məyusluq hislərini yaşaması istisna edilmədiyindən, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 500 manat tutulmalıdır. Qeyd edilən məbləğ ağlabatan və ədalətli olmaqla iddia tələbi mənəvi ziyanın tutulmasına dair hissədə qismən təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 115 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, maddi ziyana görə 6.415 manat, mənəvi ziyana görə 500 manat, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 89,15 manat dövlət rüsumu olmaqla, cəmi 7.004,15 manat pul vəsaiti Cavabdeh MMC-dən iddiaçı X4 xeyrinə tutulmalıdır. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi ziyana görə 6.415 manat, mənəvi ziyana görə 500 manat, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 89,15 manat dövlət rüsumu olmaqla, cəmi 7.004,15 manat pul vəsaiti Cavabdeh MMC-dən iddiaçı X4 xeyrinə tutulsun. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar