Məhkəmə qərarları › İş №2(002)-602/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-602/2020

26.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-602/2020 26.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və “xxxx” MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və “xxxx” MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş ümumilikdə 98x2000=196000 (yüz doxsan altı min) manat məbləğində maddi və 30000 (otuz min) manat məbləğində mənəvi zərərin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbini dəqiqləşdirərək, 2019-cu ilin sentyabr və oktyabr aylarında ona ödənilən 4000 (dörd min) manatın tələb olunan məbləğdən çıxılaraq 192000 (yüz doxsan iki min) manat məbləğində maddi və 30000 (otuz min) manat məbləğində mənəvi zərərin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən, onun xüsusi mülkiyyətində olan 177,8 kv.m. qeyri-yaşayış sahəsinin hüquqi ünvanı və yeganə giriş-çıxış yolu olan ünvan 1 ünvanından gediş-gəliş məqsədi ilə sərbəst istifadə etməsinə maneçiliyin yaradılmasının “xxxx” MMC-yə və onun direktoru Cavabdeh qadağan edilməsi, onun xüsusi mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin hüquqi ünvanı və yeganə giriş-çıxış yolu olan ünvan 1 ünvanından istifadə qaydasının giriş-çıxış darvazasından müəyyən edilməsi və həmin darvazanın açarlarının bir nüsxəsinin ona verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, lakin hal-hazıradək cavabdehlər tərəfindən icra edilməmişdir. Bir dəfə qanunsuz olaraq icra sənədi üzrə icraata xitam verilmiş, sonradan onun şikayəti əsasında icra sənədi yenidən icraya yönəldilmiş və hal-hazırda da icra şöbəsinin icraatındadır. Cavabdeh tərəf dəfələrlə ona açar veriləndən sonra darvazanı və ya açarı dəyişərək onun obyektdən istifadəsinə tam mane olmuş, cavabdehin maneçiliyi xx.xx.2018-ci il tarixli aktla və inzibati cərimə barədə xx.xx.2018-ci il tarixli qərarla da təsdiq edilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixdən sonra ona açarın verilməsi barədə izahatı isə tamamilə yalandır, nə cavabdeh, nə də icra məmuru həmin tarixdən sonra ona açar verməmişdir. Nəticədə cavabdehlərin icra sənədini icra etməməsi və maneçiliyi nəticəsində öz əmlakından istifadə edə və ondan gəlir götürə bilməmişdir. Belə ki, ünvan 2 ünvanında yerləşən ona məxsus 177,8 kv.m. qeyri-yaşayış sahəsini aylıq 2000 manata icarəyə verməklə gəlir əldə etmək məqsədi ilə xx.xx.2011-ci il, xx.xx.2013-cü il, xx.xx.2016-cı il və xx.xx.2019cu il tarixlərində icarəyə götürən şəxslərlə icarə müqaviləsi bağlamışdır. Lakin cavabdehlər tərəfindən yaradılan maneçiliyə görə icarəçilər ona məxsus 177,8 kv.m. qeyri-yaşayış sahəsini işlədə bilmirlər və bu səbəbdən müqaviləni pozaraq gedirlər. Sonuncu müqavilə üzrə ona cəmi iki aylıq ödəniş edilmiş, ona görə də iddia tələbinin həcmini azaltmışdır. Sonuncu icarəçini də müqaviləni pozmağa cavabdeh onun balonlarını çölə tökərək məcbur etmiş, icarəçinin fəaliyyətinə hər cür maneçilik yaratmışdır. Beləliklə, öz qeyri-yaşayış sahəsindən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneçilik nəticəsində ona xx.xx.2011-ci il tarixdən başlamaqla hər ay 2000 manat məbləğində əldən çıxmış fayda qismində maddi ziyan dəymişdir. Həmçinin ona mənəvi ziyan dəymişdir. Ümumilikdə iddia ərizəsi üzrə 192 min manat maddi və 30 min manat mənəvi ziyan tələb etməkdədir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iddaçı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iddiaçının izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh, eyni zamanda digər cavabdeh “xxxx” MMC-nin qanuni təmsilçisi Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbinə qəti etiraz edir. Belə ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli 4/142 saylı qərarı ilə “Polimer” kooperativinə Bakı şəhəri, Nizami rayonu, 2-ci Köndələn küçəsi, 2 saylı ünvanda 0,2 ha torpaq sahəsi ayrılmış, xx.xx.1990-cı il tarixli tikinti-inşaat pasportu tərtib edilmiş və 90/234 saylı ayrıc aktı çizgisi əsasında 0,2 ha torpaq sahəsi “Polimer” kooperativinə təhvil verilmişdir. O vaxtdan bu günədək Bakı şəhəri, Nizami rayonu, 2-ci Köndələn küçəsi, 2 saylı ünvanda 0,2 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki tikililər onun sərəncamında və sahibliyindədir. Məhkəmə qərarı ilə iddiaçının iddia etdiyi tikililərə giriş-çıxış yolu çöl darvazasından istifadə edilməklə müəyyən edilmiş və buna heç vaxt maneə törətməmişdir. 2019-cu ilin əvvəllərində çöldən içəri girmək üçün giriş-çıxış üçün istifadə olunan darvazanın köhnəlməsi səbəbindən həmin darvaza çıxarılaraq yerində yeni darvaza qoyulmuş, darvaza quraşdırıldıqdan sonra onun tərəfindən icra məmuruna yeni darvazanın açarı iddiaçıya təhvil verilməsi üçün təqdim edilmişdir. Bundan əlavə, xx.xx.2011-ci il, xx.xx.2013-cu il, xx.xx.2016-cı il, xx.xx.2019-cu il tarixli icarə müqavilələri eyni şəxlə bağlanmış, qanunda nəzərdə tutulmuş qaydada notariat kontorunda qeydiyyatdan keçməmişdir, ona görə də həmin müqavilələr sübut kimi qəbul edilə bilməz. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Ceyhun Mustafayevin xx.xx.2020-ci il tarixli məktubunda əks edilənlərin həqiqətə uyğun olmaması Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin rəisi Rəşad Hacıyevin xx.xx.2020-ci il tarixli məktubu və həmin məktuba əlavə edilmiş icra işinin surəti ilə tam təkzib olunur. Belə ki, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin rəisi Rəşad Hacıyevin xx.xx.2020-ci il tarixli məktubunun və həmin məktuba əlavə edilmiş icra işinin surətindən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədi icra edilməsi üçün xx.xx.2012-ci il tarixdə şöbəyə daxil olmuş, müvafiq qərarla icra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə cavabdehə xx.xx.2012-ci il tarixdə bildiriş təqdim edilmiş, xx.xx.2013-cü il tarixdə icra sənədi tam icra edilmiş, Nizami Rayon Məhkəməsinin 8(007)-542 saylı, xx.xx.2013-cü il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. İcra işinə xitam verildikdən üç il sonra tələbkarın şikayəti əsasında Nizami Rayon Məhkəməsinin 8(007)-542 saylı, xx.xx.2013-cü il tarixli qərardadı ləğv edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraat təzələnmiş, həmin icra vərəqəsi xx.xx.2017-ci il tarixdə icraya yönəldilmiş, xx.xx.2017-ci il tarixdə icraata daxil olmuş, həmin gün icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə tələbkar ərizə ilə müraciət edərək müalicə alması ilə əlaqədar icra sənədinin icrasının 2017-ci ilin sentyabr ayınadək dayandırılmasını xahiş etmiş, xx.xx.2017-ci il tarixdə icra təyin edilmiş, giriş-çıxış darvazasının açarının bir nüsxəsi tələbkar İddiaçı təhvil verilmiş, lakin həmin ünvandan istifadə qaydalarının müəyyən edilməsi üçün mütəxəssis rəyinə ehtiyac olduğundan icra sənədinin icrası müvəqqəti təxirə alınmış, mütəxəssisin dəvət olunması ilə bağlı xx.xx.2017-ci il tarixdə qərar qəbul edilərək DƏDRX-nə göndərilmiş, öz tərəfindən xx.xx.2018-ci il tarixdə mütəxəssisin baxış keçirməsinə icazə verilməmiş, bununla əlaqədar izahatı alınmış və barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat cərimə olunmuşdur. Daha sonra xx.xx.2018-ci il tarixə icra təyin edilmiş, həmin tarixdə akt tərtib edilərək icra sənədi icra edilmiş və giriş-çıxış darvazasının açarının bir nüsxəsi tələbkara təhvil verilmiş, lakin tələbkar icra sənədi icra edildikdən bir gün sonra darvazadan içəri daxil olmaq üçün maneçilik yaratdığını iddia etdiyindən barəsində cinayət işinin başlanması üçün xx.xx.2019-cu il tarixdə təqdimat göndərilmiş, hərəkətlərində qərəz aşkar edilmədiyindən təqdimat geri qaytarılmış, xx.xx.2019-cu il tarixdən sonra giriş-çıxış darvazasının açarının bir nüxsəsi şöbəyə təqdim edilmiş və bu barədə tələbkara məlumat verilmişdir. Göründüyü kimi, iddiaçının birinci icarə müqaviləsini bağladığı xx.xx.2011-ci il tarixdə ümumiyyətlə icra işi olmamış, ikinci icarə müqaviləsi bağladığı xx.xx.2013-ci il tarixdə artıq icraya xitam verilmiş, üçüncü icarə müqaviləsi bağladığı xx.xx.2016-cı il tarixdə icra şöbəsində icra işi olmamış, xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağladığı zaman artıq icra sənədi icra edilərək xx.xx.2019-cu ildə giriş-çıxış darvazasının açarı tələbkara təhvil verilməsi üçün icra məmuruna verilmişdir. Belə olan halda, qanunda nəzərdə tutulmuş qaydada bağlanmamış, notariat kontorlarında qeydiyyatdan keçməmiş, icra sənədi icra edildikdən sonra və ya icra işi olmadığı müddətlərdə tərtib edilmiş icarə müqavilələrinə istinad edilməklə külli miqdarda maddi və mənəvi zərərin ödənilməsinə dair tələb əsassız və qanunsuz hesab edilməklə rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, iddianın qanunsuz və əsassız hesab edilməklə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil cavabdehin izahatına uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X2 arasında yazılı formada bağlanmış xx.xx.2011-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilənin surətindən görünür ki, icarəyə verən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2-ci Köndələn küçəsi, 2G ünvanında yerləşən 177,8 kv.m. qeyri-yaşayış sahəsini icarəçi X1 icarəyə vermişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, icarəyə verilən sahə üçün icarəçi hər ay 2000 manat icarə haqqı ödəməlidir. Müqavilə iki il müddətinə bağlanmışdır. İş materiallarında olan İddiaçı ilə X2 arasında yazılı formada bağlanmış xx.xx.2013-cü il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilənin surətindən görünür ki, icarəyə verən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2-ci Köndələn küçəsi, 2G ünvanında yerləşən 177,8 kv.m. qeyri-yaşayış sahəsini icarəçi X1 icarəyə vermişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, icarəyə verilən sahə üçün icarəçi hər ay 2000 manat icarə haqqı ödəməlidir. Müqavilə üç il müddətinə bağlanmışdır. İş materiallarında olan İddiaçı ilə X2 arasında yazılı formada bağlanmış xx.xx.2016-cı il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilənin surətindən görünür ki, icarəyə verən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2-ci Köndələn küçəsi, 2G ünvanında yerləşən 177,8 kv.m. qeyri-yaşayış sahəsini icarəçi X1 icarəyə vermişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, icarəyə verilən sahə üçün icarəçi hər ay 2000 manat icarə haqqı ödəməlidir. Müqavilə üç il müddətinə bağlanmışdır. İş materiallarında olan İddiaçı ilə “X4 AZERBAİJAN” MMC-nin arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2-ci Köndələn küçəsi, 2G ünvanında yerləşən 177,8 kv.m. qeyri-yaşayış binasını “X4 AZERBAİJAN” MMC-yə icarəyə vermişdir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, icarəyə verilən sahə üçün icarəçi hər ay 2000 manat icarə haqqı ödəyir. Müqavilə 11 (on bir) ay müddətinə bağlanmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(007)-315/2011 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddianın qismən təmin edilərək İddiaçı xüsusi mülkiyyətində olan 177,8 kv.m. qeyri-yaşayış sahəsinin hüquqi ünvanı və yeganə giriş-çıxış yolu olan ünvan 1 ünvanından gediş-gəliş məqsədi ilə sərbəst istifadə etməsinə maneçiliyin yaradılmasının “xxxx” MMC-yə və onun direktoru Cavabdeh qadağan edilməsi, İddiaçı xüsusi mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin hüquqi ünvanı və yeganə giriş-çıxış yolu olan ünvan 1 ünvanından istifadə qaydasının giriş-çıxış darvazasından müəyyən edilməsi və həmin darvazanın açarlarının bir nüsxəsinin İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(102)-1291/12 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1291/12 saylı, xx.xx.2012-ci il tarixli qərarı ilə İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və xx xxxxxx 2011-ci il tarixli qətnamə xx.xx.2012-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Nizami rayon İcra şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyevin xx.xx.2012-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadının surətindən görünür ki, təqdimat təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Nizami rayon İcra şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyevin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, icra sənədi yenidən icraya yönəldilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən icra sənədi üzrə icraata yenidən başlanılmışdır. İş materiallarında olan Nizami rayon İcra şöbəsinin əməkdaşları İ.Cəfərquliyev və M.Zeynalov, DƏDRX-nin Bakı şəhəri ərazi idarəsinin mühəndisi İ.Hüseynov, borclu Cavabdeh, hal şahidləri M.Atazadə, A.İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, tələbkar İddiaçı xüsusi mülkiyyətində olan 177,8 kv.m. qeyri-yaşayış sahəsini ölçmək istəyərkən Cavabdeh qəti olaraq həmin yerin ölçülməsinə icazə verməmiş və aktda icazə vermədiyini təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-595/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2-ci Köndələn küçəsi, 2G ünvanında yerləşən 177,8 kv.m. qeyriyaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2-ci Köndələn küçəsi, 2C ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə “xxxx” MMC-nin xüsusi mülkiyyətindədir və bu barədə 18 nömrəli reyestr kitabının 1738 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2016cı il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli məktubların surətlərindən görünür ki, qeyri-yaşayış sahəsində idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-404/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “X4 Azerbaijan” MMC-nin cavabdeh İddiaçı qarşı xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı 4000 manat məbləğində pulun tutularaq “X4 Azerbaijan” MMC-yə ödənilməsi tələbinə dair iddia təmin edilməmişdir. Həmin qətnamə ilə xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı qanuni əsasın olmadığı müəyyən edilmiş, tərəflərin izahatlarında həmin ünvanda müqavilənin icrası üçün maneələrin mövcudluğu qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin rəis müavini C.Mustafayevin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə zəruri icra tədbirləri həyata keçirilir, nəticəsi barədə məlumat veriləcəkdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin rəisi R.Hacıyevin Bakı şəhəri 5 saylı Vəkil Bürosuna ünvanladığı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(007)-4523/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi üzrə icra sənədi xx.xx.2012-ci ildə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar-bildiriş borclu “xxxx” MMC-yə və onun direktoru Cavabdeh göndərilmiş, xx.xx.2013-cü il tarixdə icra sənədi tam şəkildə icra olunmuş və Nizami Rayon Məhkəməsinin 8(007)-542 saylı, xx.xx.2013-cü il tarixli qərardadı ilə icra işinin icraatına xitam verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-542 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə Nizami Rayon Məhkəməsinin 8(007)-542 saylı, xx.xx.2013-cü il tarixli qərardadı ləğv olunmuş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4523 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraat təzələnmiş, həmin icra vərəqəsi xx.xx.2017-ci il tarixdə yenidən icraya yönəldilmiş, xx.xx.2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş borclunun poçt ünvanına göndərilmişdir. xx.xx.2017-ci il tarixdə tələbkar ərizə ilə müraciət edərək müalicə alması ilə əlaqədar icra sənədinin icrasının 2017-ci ilin sentyabr ayına kimi dayandırılmasını xahiş etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2017-ci il tarixdə icra təyin olunmuş, icra zamanı giriş-çıxış darvazasının açarının bir nüsxəsi tələbkar İddiaçı verilmiş, lakin həmin ünvandan istifadə qaydalarını müəyyən etmək üçün mütəxəssis rəyinə ehtiyac olduğundan icra sənədinin icrası müvəqqəti təxirə salınmışdır. Mütəxəssisin dəvət olunması ilə bağlı xx.xx.2017-ci il tarixdə qərar qəbul edilərək Azərbaycan Respublikası ƏM DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş, xx.xx.2018-ci il tarixdə “xxxx” MMC-nin direktoru Cavabdeh mütəxəssisin baxış keçirməsinə icazə vermədiyi üçün icra sənədinin icrası baş tutmamış və bu barədə müvafiq akt tərtib edilərək icra işinə əlavə edilmişdir. xx.xx.2018-ci il tarixdə borclu Cavabdeh şöbəyə dəvət olunmuş, icra sənədi ilə bağlı izahatı alınmış, icra sənədini icra etmədiyi üçün xx.xx.2018-ci il tarixdə barəsində AR İXM-nin 528.1ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(007)-595 saylı, xx.xx.2018-ci il tarixli qərarı il borclu 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2018-ci il tarixə icra təyin olunmuş, həmin tarixdə akt tərtib olunaraq icra vərəqəsi icra olunmuş və giriş-çıxış darvazasının açarının bir nüsxəsi tələbkara təhvil verilmiş, lakin tələbkar İddiaçı xx.xx.2018-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək icra sənədi icra olunandan dərhal sonra Cavabdeh onun içəri daxil olmasına maneçilik yaratdığını bildirmiş və barəsində tədbir görülməsini xahiş etmişdir. Bundan sonra icra sənədi üzrə borclu Cavabdeh cinayət məsuliyyətinə cəlb olunması üçün xx.xx.2019-cu il tarixli təqdimat icra baş idarəsinə göndərilmiş, borclunun hərəkətlərində qərəz aşkar edilmədiyindən təqdimat baxılmadan geri qaytarılmışdır. xx.xx.2019-cu il tarixdə borclu Cavabdeh icra sənədinin icrası ilə bağlı darvazanın giriş-çıxış açarının təqdim edilməsi ilə bağlı bildiriş göndərilmiş, həmin tarixdən sonra “xxxx” MMC-nin direktoru giriş-cıxış açarının bir nüsxəsini şöbəyə təqdim etmiş, bu barədə tələbkara məlumat verilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddia tələbi əldən çıxmış fayda kimi maddi zərərin tutulması hissəsində qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, həmin tələblə bağlı təqdim edilmiş sübutlar arasında notarial qaydada bağlanmış xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsinin mövcudluğu, həmçinin həmin müqavilənin qanuni olduğunun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-404/2020 saylı qətnaməsi ilə müəyyən edilməsi, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qeyd olunan on bir aylıq müqavilə müddəti ərzində icarəyə verilməklə iddiaçının aylıq iki min manat gəlir əldə etmək imkanına malik olduğunu birmənalı olaraq təsdiq edir. Ona görə də iddiaçı həmin müqavilə müddəti üzrə məhrum olduğu (11- 2=9) aylıq icarə haqqı məbləğində pulu əldən çıxmış fayda qismində cavabdeh tərəfdən tələb etməkdə haqlıdır. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən faktiki istifadə imkanı Bakı Apellyasiya Məhkəməsinin 2(007)-4523/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edildiyindən və hazırda həmin qətnamə üzrə icra prosesi yekunlaşmadığından, eyni zamanda qətnamənin icra edilməməsinə görə cavabdeh tərəf məhkəmə qərarı ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edildiyindən, qeyd olunan məbləğin (9x2000=18000 manat) əldən çıxmış fayda qismində cavabdehlərdən tutulması əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Buna baxmayaraq, məhkəmə iclasında müəyyən edildi ki, əldən çıxmış fayda qismində maddi zərər tələbi üzrə təqdim edilmiş xx.xx.2011-ci il, xx.xx.2013-cü il, xx.xx.2016-cı il tarixli müqavilələr mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, daşınmaz əmlakın on bir aydan artıq icarəsi ilə bağlı olan həmin müqavilələr notarial qaydada bağlanmamış və dövlət qeydiyyatına alınmamış, həmin müqavilələrin bağlandığı tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin 2(007)-4523/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi ümumiyyətlə icra şöbəsinin icraatında olmamış, habelə müqavilələr adi yazılı formada eyni fiziki şəxslə bağlanmaqla formal xarakter daşımışdır (çünki ilk icarə müqaviləsinin icrasının mümkünsüzlüyünü görən şəxsin yenidən iki dəfə eyni məzmunlu müqaviləni bağlaması şübhə doğurur). Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində əsassızdır. Belə ki, iddiaçı mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, qanunsuz hərəkət ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarının 8-ci bəndində izah olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və “xxxx” MMC-dən müştərək qaydada maddi zərərin əvəzi kimi 18000 (on səkkiz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar