Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-639/2023 28.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X12 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ş.Xəlilov küçəsi, ev 4, 3 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ş.Xəlilov küçəsi, ev 4, 3 saylı mənzil anasına məxsus olmuş, anası vəfat etdikdən sonra atası X15, qardaşı Cavabdeh1, bacısı Cavabdeh2 həmin mənzilə dair miras paylarını notarial qaydada ona bağışlamış, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən həmin mənzil qeyd olunan tarixdən tam pay üzrə onun mülkiyyətindədir. Onunla birlikdə yaşayan atası 2021-ci ildə vəfat etmişdir. Cavabdeh1 10 min manat pul vermişdir, İlqar da 2-3 ildir ki, bütün əşyaları ilə birlikdə Xırdalanda yerləşən evinə köçüb yaşayır, həmin vaxtdan mənzillə bütün əlaqəsi kəsilmişdir. Cavabdeh2 12 min manat pul verilmişdir, Ayna 10 ildən çoxdur ki, Lökbatanda torpaq sahəsi alaraq tikdiyi ikimərtəbəli evdə ailəsi ilə birgə yaşayır. Cavabdeh3 və azyaşlı X12 həmin bacısının uşaqlarıdır. Cavabdeh2 20 min manat pul ödəməli olması barədə aralarında hər hansı razılaşma olmamışdır, bu barədə Aynanın məhkəmədə verdiyi izahat həqiqətə uyğun deyildir. Göründüyü kimi, cavabdehlər on ildən artıqdır ki, ona məxsus mənzildə yaşamırlar və daimi olaraq yaşamaq üçün özlərinə məxsus evlərə köçüb getmişlər. Hazırda cavabdehlərin ona məxsus mənzillə hər hansı əlaqələri yoxdur. Lakin formal olaraq ona məxsus mənzildə qeydiyyatda qalmışlar. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mülkiyyətçi kimi mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, həqiqətən o, mənzillə bağlı öz miras payını iddiaçıya bağışlamış, iddiaçı tərəfindən ona 10 min manat pul verilmiş, 2-3 ildir ki, bütün əşyaları ilə birlikdə Xırdalanda yerləşən evinə köçüb getmişdir. İddiaçıya məxsus mənzillə bağlı hər hansı tələbi yoxdur, sadəcə olaraq yaşadığı evin sənədləşməsi tam başa çatmadığına görə qeydiyyatdan çıxa bilməmişdir. İddiaçı ilə aralarında digər məsələlərə görə narazılıqlar yaranmışdır. Belə ki, SOCAR-dan ev almaqla və atasının vəfatına görə maddi yardım almaqla bağlı iddiaçıdan bəzi sənədləri tələb etmiş, lakin iddiaçı onun xahişini yerinə yetirməmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, digər cavabdeh olan Ayna öz razılığı ilə ona etibarnamə vermiş və miras payının Vüqara bağışlanması barədə müqavilənin bağlanılması səlahiyyətini ona həvalə etmişdir. Ayna ilə Vüqar arasında hansı məzmunda razılaşma olması barədə dəqiq məlumatı olmamışdır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsinə etirazı yoxdur. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ş.Xəlilov küçəsi 4 saylı evin 3 saylı mənzili məhrum anası X2 məxsus olmuşdur. Anası 2008-ci ildə vəfat etmiş, anasının vəfatından sonra həmin mənzildə vərəsəlik şəhadətnaməsinə əsasən 1/4 hissədə onun, qardaşları İddiaçı, X5 və atası X6 payları müəyyən edilmişdir. Vüqarla aralarında olan razılaşmaya əsasən ona payının əvəzinə görə pul verilməliydi. O, Ukraynaya getdiyinə görə qardaşı Əbdülov İlqara etibarnamə vermişdir. Həmin etibarnamə əsasında onun xəbəri olmadan qardaşı İlqar heç bir pul almadan onun payını İddiaçı vermiş və Vüqar mənzili öz mülkiyyətinə keçirmişdir. Belə ki, aralarında olan razılaşmaya əsasən iddiaçı tərəfindən ona 20000 (iyirmi min) manat məbləğində pul verilməli olduğu halda, atası tərəfindən 10000 manat, iddiaçı tərəfindən 2000 manat olmaqla, cəmi 12000 (on iki min) manat pul verilmişdir. Qalan məbləği Vüqar indiyə kimi ödəməmişdir. İddiaçı onun 10 il həmin mənzildə yaşamadığını qeyd edir, bununla bağlı bildirir ki, onu qardaşları uşaqları ilə birlikdə evdən qovmuşlar və həmin mənzildə yaşamaqlarına imkan verməmişlər. O isə 10 ildir ki, Lökbatan qəsəbəsində torpaq sahəsi alaraq ev tikib ailəsi ilə birlikdə orada yaşamaq məcburiyyətində qalmışdır. Torpağa sənədi olsa da, tikdiyi evi tam sənədləşdirə bilməmişdir. Ötən dövr ərzində Vüqarın ona qalan 8 min manatı verəcəyini gözləmiş, lakin indiyə kimi ona qarşı iddia qaldırmamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh3 cavabdeh anası Cavabdeh2 izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, 1986-cı ildən yaxın qonşuluq münasibətindədirlər. Mübahisəli mənzildən Ayna 10 ildən çoxdur ki, köçüb, Lökbatanda ev tikib yaşayır. İlqar isə 2-3 ildir ki, köçüb Xırdalanda yaşayır. Vüqar atası ilə yaşayıb. Qonşusu Ənvər vəfat etmədən əvvəl ona deyib ki, mənzili oğlu Vüqara verib, İlqara və Aynaya isə ev tikməyə kömək ediblər. Hazırda mənzildə iddiaçı yaşayır, cavabdehlər uzun müddətdir orada yaşamır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, iddiaçı ilə 30 ildən çoxdur ki, qonşudurlar. Ayna 10 ildən çoxdur ki, həmin mənzildə yaşamır, özünə Lökbatanda ev tikib, uşaqları ilə birlikdə orada yaşayır. Cavabdeh1 isə 2-3 ildir ki, həmin mənzildə yaşamır, mənzildə hazırda Vüqar yaşayır, atasına da Vüqar qulluq edirdi. Məhkəmə, izahatları və şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Şahin Xəlilov küçəsi, ev 4, 3 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa X13, X12, Cavabdeh3, X10, X14, Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. İş materiallarında olan X15 ilə İddiaçı arasında bağlanmış miras əmlakın bağışlanması barədə xx.xx.2012-ci il tarixli sazişin surətindən görünür ki, X15 xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 8 saylı DNK tərəfindən verilmiş 2V-1-544 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2008-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildən ona məxsus ¼ hissə payını oğlu İddiaçı bağışlamışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzilin ona məxsus hissəsini (1/4 hissə, 83,59 kv/m, 4 otaq) İddiaçı bağışlamışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzilin ona məxsus hissəsini (1/4 hissə, 83,59 kv/m, 4 otaq) İddiaçı bağışlamışdır. Həmin müqaviləni Cavabdeh2 adından etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 imzalamışdır. İş materiallarında olan ƏN-İ seriyalı 536282 saylı xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək və digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Şahin Xəlilov küçəsi, ev 4, 3 saylı mənzil İddiaçı tam pay üzrə xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə xx.xx.2015-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan qonşular Əkbərova Zenfira, Əlibəyova Sonaxanım, Məmmədov Namiq tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən Ş.Xəlilov küçəsi, ev 4, mənzil 3-də qeydiyyatda olan Cavabdeh2, X12, Cavabdeh3, Cavabdeh1 bu mənzildə 10 (on) ildir ki, yaşamırlar, öz evlərində yaşayırlar. Onların gəlib-getməyini görməmişlər. İş materiallarında olan Qarada rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 40 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Qaradağ rayon, Lökbatan qəsəbəsi, Ş.Xəlilov küçəsi, ev 4, mənzil 3-də qeydiyyatdadır və yaşayır. Həmin ünvanda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X12 qeydiyyatdadırlar, lakin yaşamırlar. Beləliklə, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Şahin Xəlilov küçəsi, ev 4, 3 saylı mənzilin mülkiyyətçisi, cavabdehlər isə həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olan, lakin faktiki olaraq uzun müddətdən bəri həmin mənzildə yaşamayan və daimi yaşayışlarını özlərinə məxsus başqa ünvanda təmin edən qardaşı, bacısı və bacısı uşaqlarıdır. Qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Həmin Qərarda qeyd olunur ki, bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki işin hallarından göründüyü kimi, cavabdehlərin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquqları qeydə alınmadığından, habelə onlar mülkiyyətçi olan iddiaçının qanunda nəzərdə tutulan ailə üzvləri olmamaqla onunla birgə yaşamadıqlarından, onların hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir. Ona görə də faktiki olaraq uzun müddətdən bəri iddiaçıya məxsus mənzildə yaşamayan və daimi yaşayışlarını özlərinə məxsus başqa yaşayış yerində təmin edən cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia əsaslı hesab olunmalıdır. Digər tərəfdən, cavabdehlərin iddiaçıya məxsus mənzildə faktiki yaşamadan qeydiyyatda qalmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X12 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ş.Xəlilov küçəsi, 4 saylı evin 3 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-639/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-639/2023
28.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver