Məhkəmə qərarları › İş №2(002)-681/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-681/2023

12.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-681/2023 12.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair ilk iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş arxiv qovluğunda saxlanılan sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki: Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 172 nömrəli sərəncamı ilə X8 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, döngə 6, 8A saylı, 353,9 kv.m sahədə tikdirib başa çatdırdığı 3 otaqdan ibarət, yaşayış sahəsi 49.3 kv.m, köməkçi sahəsi 60,1 kv.m olan yaşayış evinin sənədləşdirilib şəxsi mülkü sayılması qərara alınmışdır; -xx.xx.2001-ci il tarixli 119846 nömrəli müqaviləyə əsasən X10 ünvan 1 ünvanında yerləşən əmlakı X1; - Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 140 nömrəli sərəncamından görünür ki, vətəndaş X2 Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 51 saylı sərəncamına əsasən Lökbatan qəsəbəsi, S.Orucov 6-cı döngə, 8a saylı 353,9 kv.m torpaq sahəsində əlavə tikdirdiyi masard sahəsi 448 kv.m, həyətdə qaraj sahəsi 30 kv.m hamam-tualet, anbar sahəsi 21 kv.m olan tikililər və əlavə 106 kv.m torpaq sahəsi qeydiyyata alınıb sənədləşdirilməsi, Qaradağ rayon İHB-nin sərəncamından çıxarışın qeydiyyat vəsiqəsi və texniki pasportda dəyişiklik edilməsi üçün Bakı şəhər Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinə göndərilməsi qərar alınmışdır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında X2 adına xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır; -27 mart 2022-ci il tarixli notarial təsdiq edilmiş müqaviləyə əsasən X5 Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən əmlakı İddiaçı bağışlamışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışdan görünür ki, ünvan 6 xüsusi mülkiyyət formasında İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın məzmunundan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatındadır.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı bölməyə etdiyi Cavabdeh qeydiyyatdan çıxarılması məsələsi barədə müraciət əsasında araşdırma aparılmış, qeyd edilən məsələnin mülki xarakterli olduğu müəyyən edilmiş, vətəndaşa aidiyyəti orqana müraciət hüququ izah edilmişdir.

İddia tələbi

5. İlk iddia tələbi üzrə İddiaçı ilk iddia tələbi üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 6-cı döngə, 8a saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İlk iddia tələbi üzrə iddiaçı ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 6-cı döngə, 8a saylı mənzili xx.xx.2022-ci il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. Cavabdeh onun bacısıdır. O öz şəxsi istəyi ilə ona məxsus olan evdən ayrılaraq köçüb getmiş və qeyd edilən ünvandan ayrılmışdır. Uzun müddətdir ki, göstərilən mənzillə heç bir əlaqəsi yoxdur və başqa ünvanda yaşayır. Bacısı ona məxsus yuxarıda qeyd etdiyi ünvanda qeydiyyatda olsada faktiki olaraq ona məxsus evdə yaşamır və mənzildən daimi olaraq köçüb getmişdir. Məlum olduğu kimi mülkiyyətçi kimi əmlak üzərində istifadə, sahiblik və sərəncam hüququ ona məxsusdur. Lakin yaranmış bu vəziyyət gələcəkdə mülkiyyətçi kimi onun mülki qanunvericilikdə nəzərdə tutulmuş bir sıra hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Bu barədə Qaradağ Rayon Polis İdarəsinə müraciət etsə də təmin edilməmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. İlk iddia tələbi üzrə iddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 152.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə istinad etmişdir.

8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün Bakı şəhəri, ünvan 3 saylı mənzildən istifadə hüququnun bərpa edilməsi və mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, iddianı təmin edib Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, döngə 6, 8a saylı evə istifadə hüququna 15000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, mənzildən istifadə hüququna xitam verilmə ilə kompensasiyanın verilməsinin eyni vaxtda icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, Xatirə Fərzəliyeva Bakı şəhəri, Qaradağ rayon Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 6-cı döngə, 8A saylı mənzilində 2002-ci il tarixdən yaşayır və həmin ünvanda qeydiyyatdadır. Belə ki, həmin tarixdən sözügedən mənzilə onun istifadə hüququ yaranmışdır. Qeyd etdiyi ünvandakı yaşayış evi 2002-ci il tarixdən atası X2 daşınmaz əmlakın dövlət reyestri qeydiyyatı üzrə mülkiyyətində olmuşdur. 13 aprel 2022-ci il tarixdə sözügedən mənzili atası öz adından çıxararaq qardaşı İddiaçı adına qeydiyyata keçirmişdir. Bildirirə ki, o heç vaxt ailə həyatı qurmamış,subay və hər zaman ailəsilə birgə həmin ünvanda yaşamışdır. Qardaşının iddia ərizəsində onun qeydiyyatda olduğu mənzildən guya ki, öz şəxsi istəyilə ayrılıb, köçüb getməyini və uzun müddətdir ki, orada yaşamadığının göstərilməsi yalandır. Belə ki qardaşı həmin mənzili 13.aprel 2022-ci il tarixdə öz adına reyester qeydiyyatına keçirdikdən bir neçə ay sonra onu yaşadığı evdən məcburi formada çıxarmışdır. Bununlada qardaşı İddiaçı onun həmin mənzildən istifadə hüquqlarını qanunsuz olaraq məhdudlaşdırmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hal hazırda onun qeydiyyatda olduğu həmin ünvandan başqa heç bir yerdə daimi yaşayış yeri yoxdur, kirayədə də yaşamağa maddi cəhətdən imkanları yoxdur. Qardaşı İddiaçı, ilkin iddia ərizəsində onun başqa ünvanda yaşadığını bildirib. Lakin qardaşı onun başqa ünvanda yaşadığını bildirirsə buna dair əsaslandırmış sübut-dəlillər də göstərməli idi. Bu isə mümkün deyil o səbəbdən ki onun başqa ünvanda yaşayış yeri yoxdur. O hal-hazırda acınacaqlı bir vəziyyətdədir çünki evindəneşiyindən qovularaq, məcburi çıxarılmışdır. Qışın bu sərt çağında qalmağa,yaşamağa,yatmağa bir yeri yoxdur. Bütün bunları nəzərə alaraq, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

11. Qarşılıqlı iddianın hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddələrinə istinad edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İlk iddia üzrə İddiaçı məhkəmənin hazırlıq iclasında iştirak edərək mübahisəli mənzilin 2001-ci ildən onun atası tərəfindən əldə edildiyini, həmin tarixdən ailələrinin həmin evdə yaşadığını, 2022-ci ildə isə mənzilin atası tərəfindən notarial qaydada ona bağışlandığını, bacısının evi özü tərk etdiyini, bu səbəbdən onun mənzilə istifadə hüququnun itirilməsi iddiası qaldırdığını bildirmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə göndərərək, qarşılıqlı iddia tələbinə etiraz etdiyini, bacısının istifadə hüququnun itirlməsi müqabilində 15000 manat tələbinin əsassız olduğunu bildirərək qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

13. İlk iddia üzrə cavabdeh X7 məhkəmə iclaslarında iştirak edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, mübahisəli mənzildə uşaqlıqdan, yəni atası o evi alandan yaşadığını, atası mənzili qardaşına bağışladıqdan sonra qardaşı olan ilk iddiaçının onu mənzildən qovub çıxardığını, onun mənzildən istifadə hüquqlarının olduğunu bildirmiş və mənzilə köçürülməsinin təmin edilməsini xahiş etmişdir.

14. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

15. İlk iddia üzrə iddiaçı Famil Fərzəlizadə iddia ərizəsinin geri götürülməsi barədə ərizə vermiş, məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ərizənin geri götürülməsinə etiraz edərək, ilk və qarşılıqlı iddialara birlikdə baxılaraq işin mahiyyəti üzrə həll olunmasını xahiş etdiyindən məhkəmə işin mahiyyəti üzrə baxılmasını davam etdirmişdir.

Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Konstitusiyası

15. 33-cü maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

16. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

18. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

19. 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

20. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

21. 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

22. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

23. 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

24. 30.7-ci maddəsinə görə, mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun

25. 1-ci və 3-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

26. 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

28. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

29. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

30. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

32. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

33. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

b) Əsaslandırma

37. İlk iddia əsassız, qarşılıqlı iddia isə qismən əsaslıdır.

38. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasındakı münasibətlər mahiyyət etibarilə mənzilə istifadə və köçürülmə hüququnun yaranma əsasları ilə bağlıdır. Şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi.

39. Hazırkı iddia tələbinə qiymət verilməsi üçün yaşayış sahəsindən istifadə etmək hüququnun hansı əsasla yaranmasının (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu) və hansı qanunvericiliyin tətbiq edilməli olmasını aydınlaşdırmaq zəruridir.

40. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

42. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında irəli sürülmüş Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

43. İşin mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər bacı-qardaşdırlar. Tərəflərin atası Famil Fərzəliyev alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, döngə 6, 8A saylı yaşayış evini almış, ilk iddia üzrə iddiaçı və cavabdeh məhz 2001-ci ildən orada yaşamağa başlamışlar. Bu fakt məhkəmə iclasında verilmiş suallara hər iki tərəfin cavabları ilə təsdiqini tapmışdır. Tərəflər qeyd edilən mənzilə köçüb yaşamağa başladıqları zaman yetkinlik yaşına çatmamışlar və qanunvericiliyin tələbinə əsasən onların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılmışdır. İşdə olan, Cavabdeh məxsus AZE6498678 nömrəli (qüvvədən düşmüş), AZE******** nömrəli şəxsiyyət vəsiqələrindən və yaşayış yeri üzrə arayışdan aydın olur ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, döngə 6, 8A saylı evdə 2008-ci ildən bu günədək qeydiyyatdadır. Bundan sonra xx.xx.2012-ci il tarixdə mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X2 adına qeydə alınmış, xx.xx.2022-ci il tarixli notarial təsdiq edilmiş müqaviləyə əsasən Famil Fərzəliyev həmin əmlakı oğlu iş üzrə ilkin İddiaçı bağışlamış və sonuncu həmin evə dair mülkiyyət hüququ dövlət qeydiyyatından keçmişdir.

44. Məhkəmə ilk iddia üzrə Cavabdeh mübahisə predmeti olan yaşayış sahəsində yaşamağa başladığı 2001-ci ildə mübahisəli evin onun atasına faktiki sahiblik və istifadə hüququ, 2012-ci ildən isə tam mülkiyyət hüququ üzrə məxsus olmasını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli qərarında ifadə olunan hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi və qüvvədə olan Mənzil Məcəlləsinin normaları və onların şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarları tətbiq olunmalıdır.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində və Mənzil Məcəlləsinin 30.1-ci maddəsində isə qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən etmiş və bura - əri, arvadı, valideynləri, uşaqları aid etmişdir.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin məzmununa görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qəraraına əsaən yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarına əsasən mülkiyyət hüququ mütləq hüquq deyil və məhdudlaşdırıla bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

49. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı).

50. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı).

51. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

52. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur.

53. Həmin Qərarda həm də qeyd edilir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur.

54. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

55. Qanunvericiliyin qeyd olunan normalarının təhlilindən aydın olur ki, mülkiyyətçinin onunla birgə yaşayan ailə üzvlərinin, yəni mülkiyyətçinin əri (arvadı), valideynləri və uşaqlarının müvafiq yaşayış sahəsinə dair mülkiyyətçi ilə bərabər istifadə hüququ yaranır və bu hüququn yaranmasının əsasında onlar arasında mövcud olan etibarlı ailə əlaqələri çıxış edir. Mülkiyyətçinin ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsində istifadə hüquqlarının yaranması üçün mülkiyyətçinin yazılı formada, notarial qaydada təsdiq olunmuş razılığı, habelə həmin hüququn müvafiq qayadada dövlət qeydiyyatına alınması tələb edilmir.

56. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil tərəflərin atası Famil Fərzəliyevə 2001-ci ildən sahiblik və istifadə hüququ, 2012-ci ildən 2022ci ilədək isə xüsusi mülkiyyət hüququ əsasında məxsus olmuş, ilk iddia üzrə cavabdeh Xatirə X3 olmaqla həmin tarixlər ərzində mübahisə predmeti olan mənzildə qeydiyyatda olmaqla yaşamış, 2022-ci ildə mənzil onun qardaşı İddiaçı mülkiyyətinə keçdikdən sonra da aralarında mübahisə düşən son aylara qədər həmin mənzildə yaşamağa davam etmişdir. Belə ki, tərəflərin izahatı, habelə ilk iddia üzrə iddiaçının etirafı əsasında müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabdeh son dövrlərədək mübahisəli mənzildə yaşamışdır. Eyni zamanda tərəflərin izahatından aydın olur ki, ilk iddia üzrə cavabdehin hazırda həmin evdə yaşamamasının səbəbi onun qardaşı ilə dalaşaraq evi tərk etməsi olmuşdur.

57. Məhkəmə hesab edir ki, həm Mülki Məcəllənin 228-ci maddəsinin, həm də Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə əsasən ilk iddia üzrə Cavabdeh mənzildə yaşamağa başlayan zaman (2001-ci ildə) həmin mənzil onun atasının sahibliyində və istifadəsində, 2012ci ildən isə atasının tam mülkiyyətində olduğundan və Cavabdeh atasının ailə üzvü hesab edildiyindən, mübahisə predmeti olan yaşayış sahəsinə dair istifadə hüququnun yaranması üçün onunla mülkiyyətçi arasında yazılı formada notarial qaydada təsdiq edilmiş razılaşmanın olması və bu hüquq qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb edilmirdi və ilk iddia üzrə Cavabdeh sözügedən mənzilə istifadə hüququ onun atasının ailə üzvü hesab olunmaqla etibarlı ailə əlaqələri nəticəsində yaranmışdır.

58. Bununla yanaşı, mübahisəli fərdi yaşayış evinin ilk iddia üzrə iddiaçının mülkiyyət hüququ üzrə keçdikdən sonra ilk iddia üzrə cavabdehin həmin evə istifadə hüququnun itirilməsi məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, ilk iddia üzrə Cavabdeh mübahisəli evə istifadə hüquqları həmin ev onun atasının mülkiyyətində olduğu vaxt yaranmışdır və Mülki Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir.

59. Göründüyü kimi, ilk iddia üzrə Cavabdeh ailə üzvi qismində 2022-ci ilədək atasının mülkiyyətində olan evdə ailəsi ilə birlikdə yaşaması və həmin yaşayış sahəsindən istifadə etməsi məhz onun həmin yaşayış sahəsinə olan ehtiyacının qarşılaması zərurətindən irəli gəlmişdir. İlk iddia üzrə iddiaçı Famil Fərzəlizadə məhkəmə araşdırması zamanı ilk iddia üzrə cavabdehin həmin yaşayış sahəsindən istifadə etmədiyini, həmin mənzildə könüllü yaşamadığını bildirsə də, ilk iddia üzrə Cavabdeh həmin yaşayış sahəsinə ehtiyacının olmamasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

60. Bu halda məhkəmə hesab edir ki, nə qədər ki, ilk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehin mübahisəli yaşayış sahəsinə olan ehtiyacının aradan qalxdığını sübut edə bilmir, deməli, ilk iddia üzrə cavbdehin həmin yaşayış sahəsindən istifadə etmək zərurəti aradan qalxmamışdır. Ona görə də, qeyd olunan halları əsas götürərək məhkəmə hesab edir ki, Cavabdeh mənzilə istifadə hüquqlarının itirilməsi barədə ilk iddia tələbi əsassız, onun mübahisəli mənzilə köçürülməsi barədə qarşılıqlı iddia tələbi isə əsaslı olmaqla təmin edilməlidir.

61. Məhkəmə qarşılıqlı iddia tələbinin “15000 manat kompensasiya verilməklə Cavabdeh istifadə hüququna xitam verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına əsasən ... Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür.

62. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə nəzərdə tutulmuş kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi istifadəçinin tələbi əsasında deyil, mülkiyyətçinin iradəsi əsasında irəli sürülən tələb olduğundan və Cavabdeh mülkiyyətçinin razılığı olmadan fərdi yaşayış evində istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələb irəli sürməyə subyektiv hüququ olmadığından qarşılıqlı iddia həmin hissədə təmin edilməməlidir.

63. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

64. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

65. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

66. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, ilk iddia üzrə cavabdehin qeyd edilən mənzildə mülkiyyət hüququnun olması, başqa yaşayış və qeydiyyat yerinin olmaması hallarını nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh ünvan 5 ünvanına köçürülməli, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməli, ilk iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia üzrə İddiaçı, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia tələbi üzrə cavabdeh X6 aid edilməlidir.

67. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İlk iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh ünvan 6 ünvanına köçürülsün. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlk iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və qarşılıqlı iddia üzrə iddiaçı X7 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar