Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-69/2024 22.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı İrzabala qızının Cavabdeh qarşı «yaşayış evinin və torpaq sahəsinin faktiki istifadədə olan vəziyyətə uyğun olaraq naturada ayrılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İrzabala qızı Cavabdeh qarşı «yaşayış evinin və torpaq sahəsinin faktiki istifadədə olan vəziyyətə uyğun olaraq naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Sali Süleyman küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinin mülkiyyət hüquqlarındakı paylar nəzərə alınmaqla (ona 2 otaq, yaşayış sahəsi 36,4 m2, Cavabdeh 1 otaq, yaşayış sahəsi 19,1 m2) Cavabdeh ilə faktiki istifadələrində olan vəziyyətə uyğun olaraq yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İrzabala qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun və Cavabdeh xüsusi mülkiyyətlərində ümumi sahəsi 83,50 m2 olan ortaq fərdi yaşayış evləri vardır. Həmin yaşayış evi ünvan 1 ünvanda yerləşir. Qeyd olunan yaşayış evi ilə bağlı mülkiyyət hüquqları reyestr nömrəsi **********51 olan çıxarışla müəyyənləşir. Belə ki, ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən verilən çıxarışa görə, yaşayış evinin hüquq sahiblərinin hüquqları 27 mart 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Nəzərdə tutulan çıxarışda ona 2 otaq, yaşayış sahəsi 36,4 m2, Cavabdeh 1 otaq, yaşayış sahəsi 19,1 m2 olan pay müəyyənləşdirildiyi öz əksini tapmışdır. Hazırda öz paylarına uyğun olaraq fərdi yaşayış evində real bölgü aparmaqla ayrı yaşayırlar. Odur ki, mülkiyyətlərindəki paylar nəzərə alınmaqla, real vəziyyətə uyğun payların naturada ayrılmasını tələb edir. Məsələnin həllinə nail olmaq üçün məhkəmədən kənar qaydada çalışsa da, mübahisə öz həllini tapmamışdır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, ekspertin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən evin 1 otağı (yaşayış sahəsi 19,1 m2 olan) Cavabdeh, 2 otağı (yaşayış sahəsi 36,4 m2 olan) isə İddiaçı İrzabala qızının mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən həmin evə dair 24 mart 2023-cü il tarixdə texniki pasport tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə evin real bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2024-cü il tarixli, 10/7446, 9/7516 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasında naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89*-un 1.1, 2.2, 2.4cü bəndlərində və Məhkəmə Tikinti-X1 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Belə ki, fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasındakı faktiki bölgü qaydası dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin bölünmüş hissələrinə ayrı-ayrılıqda hüquqmüəyyənedici sənədlər (çıxarış, texniki pasport) verildikdən sonra həmin tikililərin və torpaq sahəsinin dəyəri müəyyən edilə bilər. Mülki iş materiallarında olan (səhifə 4) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (reyestr № **********51-10301) mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin tərəflər arasındakı payları qeyd edilmədiyindən həmin torpaq sahəsinin tərəflər arasında paylar üzrə istifadə qaydasının müəyyən edilməsi mümkün olmamışdır. Lakin, qeyd olunan torpaq sahəsinin tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolları olduğunu nəzərə alaraq faktiki bölgü qaydası dəyişdirilmədən istifadə edilə bilər. Aparılmış tədqiqatının dəyəri 50 manat təşkil edir. X2 məhkəmə iclasında ifadəsində bildirdi ki, məhkəmənin qərardadına əsasən müvafiq ekspert rəyi vermişdir. Bir daha qeyd edir ki, fərdi yaşayış evinin faktiki bölgüsü dəyişdirilmələdən saxlanılmalıdır. Həmin evdə hər hansı dəyişiklik olunsa idi, sxem tərtib olunacaqdı. Fərdi yaşayış evinin payları müəyyən olunub. Torpaq sahəsinin payları isə müəyyən olunmayıb. Rəy verdiyi dönəmdə, texniki pasport iş materiallarına əlavə edilməmiş və tədqiq olunmamışdı. Hazırda məhkəmədə həmin texniki pasport ona təqdim olunmuşdur. Texniki pasportdan görünür ki, həmin pasportda torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğun olaraq tərəflər arasında ayrılmışdır. Ona görə də, texniki pasport əsas götürülərək torpaq sahəsi tərəflər arasında naturada bölünə bilər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, əlavə ekspertiza təyin edilməsinə zərurət yoxdur. Çünki, məhkəməyə təqdim olunmuş texniki pasportda tərəflərin mülkiyyətində olan torpaq sahəsinin parametrləri tərəflərin arasında faktiki istifadə vəziyyətinə uyğun olaraq təsbit olunmuşdur. Məhkəmənin qənaətinə görə, torpaq sahəsi tərəflər arasında naturada bölünərkən həmin texniki pasportda əks olunan faktiki istifadə vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, paylı mülkiyyətdə olan fərdi yaşayış evinin, eləcə də torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada ayrılması mümkündür. Göründüyü kimi, tərəflər arasında fərdi yaşayış evinin və torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə uyğun bölünməsinə cavabdehin heç bir etirazı yoxdur, o, iddianı etiraf edir, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddi hüquq normalarının tələblərindən göründüyü kimi, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi tərəflər arasında naturada bölünməli, bu zaman fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasındakı faktiki bölgü qaydası dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatı xərcinin 25 manatı İddiaçı İrzabala qızından, 25 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi tərəflər arasında naturada bölünsün. Bu zaman fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasındakı faktiki bölgü qaydası dəyişdirilmədən saxlanılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatı xərcinin 25 manatı İddiaçı İrzabala qızından, 25 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-69/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-69/2024
22.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver