Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-708/2024 26.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 16 saylı evin 39 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qətnamənin Cavabdeh həmin mənzildən qeydiyyatının ləğv edilməsi üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Cavabdeh azyaşlı – xx.xx.2018-ci il təvəllüdlü X1 qanuni nümayəndəsi kimi mülki işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 16 saylı evin 39 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin evdə o, ailəsi ilə birlikdə yaşayır. Cavabdeh isə onun mənzilində neçə ildir ki, formal olaraq qeydiyyatdadır. 109 saylı MKİS-in rəisi tərəfindən təsdiq olunmuş arayışdan da görünür ki, Cavabdeh ona məxsus mənzildə qeydiyyatda olmasına baxmayaraq, yaşamır. Belə ki, Cavabdeh onun köməkliyi ilə mənzil alaraq başqa bir ünvanda yaşayır. Dəfələrlə cavabdehə xəbər göndərmişdir ki, aldığı və yaşadığı evə qeydiyyata alınsın, lakin sonuncu bunu etmir və formal olaraq onun evində qeydiyyatda qalır. Cavabdeh onun evində pasport qeydiyyatında qalması mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Ona görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işləri apara bilmir. Bu da onun mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 14 fevral 2004-cü il tarixli ÖM seriyalı 180734 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 16 saylı evin 39 saylı mənzili xüsusi mülkiyyət kimi Şirinova (Məmmədova) Xəzəngül Hətəm qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. 04 fevral 2023-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanı üzrə qeydiyyatdadır. ünvan 224-cü il tarixli ərizədən görünür ki, Cavabdeh qeydiyyatda olduğu, iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasına etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Toplanmış və tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir ki, yuxarıda qeyd olunan mənzil iddiaçının mülkiyyətindədir. İş üzrə cavabdeh həmin mənzildə pasport qeydiyyatında olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və həmin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün hazırki mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürülməmiş, bununla əlaqədar tərəflər arasında hər hansı müqavilə bağlanmamışdır. Bu səbəbdən, cavabdehin azyaşlı övladı ilə birlikdə həmin mənzildən istifadə hüququnun olmaması müəyyən edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 16 saylı evin 39 saylı mənzilindən istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Hazırkı qətnamə cavabdehin azyaşlı övladı ilə birlikdə yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 16 saylı evin 39 saylı mənzilindən istifadə hüquqlarının olmaması müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Hazırkı qətnamə cavabdehin azyaşlı övladı ilə birlikdə yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-708/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-708/2024
26.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver