Məhkəmə qərarları › İş №2(002)-785/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-785/2021

09.02.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-785/2021 09.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2000-ci il tarixdə tərtib edilmiş İ-AZ № 200251 saylı doğum haqqında akt qeydinə düzəliş edilərək, soyadının “Ağayev” kimi yazılması və yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Həmin Qaydaların 5.4-cü maddəsinə əsasən soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. Həmin Qayadaların 5.10-cu bəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndinə əsasən həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan qanunvericiliyin təhlilindən aydın olur ki, yetkinlik yaşına çatmış şəxsin soyad sonluğunun dəyişdirilməsi qaydaları v prosedura qanunvericilikdə dəqiq və birmənalı şəkildə qeyd olunmuşdur. belə ki, həmin qanunvericiliyin normalarının məzmunundan görünür ki, 18 yaşına çatmış hər bir vətəndaş onun mövcud soyadının sonluğunun dəyişiklik edilməsi bağlı müvafiq ərizə ilə qeydiyyat şöbəsinə müraciət etməklə, soyadının sonluğuna dəyişiklik edə bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə ərizəçinin iddia tələbi doğum akt qeydində soyadının Ağayev kimi yazılması və buna dair yeni şəhadətnamə verilməsindən ibarətdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçının hazırda soyadı Ağazadədir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının iddia tələbi məhz soyad sonluğunun dəyişdirilməsi tələbindən ibarətdir. Mülki prosessual qanunvericiliyin təhlilindən aydın olur ki, məhkəmə xüsusi icraat qaydasında məhz vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı kitablarında qeydin düzgün olammasının müəyyən edilməsi haqqında işlərə baxır. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçının iddia tələbi doğum akt qeydinin düzgün olmamamsının müəyyən edilməsi ilə deyil, məhz onun doğum şəhadətnaməsində soyadının sonluğunun dəyişdiirlməsi ilə bağlıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı onun doğum haqqında şəhadətnaməsində soyadının “Ağazadə” kimi deyil məhz “Ağayev ” kimi yazılmasına dair tələb irəli sürmüşdür. Qedy olunan qanunvericiliyin təhlilindən aydın olur ki, vətəndaşın soyad sonluğunu dəyişdirilməsi ilə bağlı məsələlər üzrə səlahiyyətli orqan qismində məhz müvafiq qeydiyyat şöbələri çıxış edir. Ona görə də həmin məsələ ilə bağlı şəxs ilk növbədə müvafiq ərizə ilə qeydiyyat şöbəsinə müraciət etməli, bundan imtina olunduğu halda həmin iznibati orqanın hərəkət və ya hərəkətsizliyindən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Qeyd olunan halları nəzərə alaraq, müvafiq qanunvericiliyin normalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi icraata qəbul edilə bilməz və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qayatrılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını və mülki prosessual qanunvericiliyinin tələblərini əsas götürərək, hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsina dair hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilə bilməz və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, ərizəçiyə izah olunmalıdır ki, onun doğum haqqında şəhadətnaməsində onun soyadına (və ya soyadının sonluğuna) dəyişiklik edilməsi bağlı tələbi olduğu halda, həmin dəyişikliklərin aparılması ilə bağlı ilk növbədə yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə müraciət etməli, həmin dəyişikliyin aparılmasından imtina olunduğu halda yaranmış mübahisənin həlli məqəsdilə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə "vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar