Məhkəmə qərarları › İş №2(002)-89/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-89/2024

15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-89/2024 15.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Renault Megane» minik markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmiri və bərpasına çəkilmiş 3.490 manat xərc, ödənilmiş 65 manat dövlət rüsumu və mənəvi ziyana görə 1.000 manat olmaqla, cəmi 4.555 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «Renault Megane» minik markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Ziya Bünyadov prospektində 20 Yanvar dairəsi istiqamətindən metronun Koroğlu stansiyasına doğru istiqamətdə «Çermet» körpüsü adlanan körpünün üzərində hərəkət zamanı «Ford Cargo 3430D» markalı, **-UY- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ara məsafəsinə riayət etmədən vuraraq maddi ziyan və xəsarət yetirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı DİN 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verilmişdir. Bakı şəhəri Nərimanov RPİ Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Mirsənan Ağalarov xx.xx.2023-cü il tarixli 1 saylı HK-639 nömrəli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsini araşdıran Bakı şəhəri Nərimanov RPİ DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kapitanı X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən Cavabdeh təqsirli bilərək xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli tənbeh vermə haqqında qərarla 40 manat məbləğində inzibati qaydada cərimə etmişdir. Qərar qanuni qüvvəsini almış, inzibati cərimə ödənilmişdir. Məhkəmə tibbi-ekspertizasının 140M saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən xəsarətlərinin olması öz təsdiqini tapmışdır. Bundan başqa, onun avtomobilinə yolnəqliyyat hadisəsi zamanı X4 verdiyi arayışa əsasən ümumi olaraq 3.490 manat maddi ziyan vurulmuşdur. Yəni avtomobili bərpa etmək üçün bu qədər xərc tələb olunur. Hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində ona 3.490 manat maddi, 1.000 manat isə mənəvi ziyan vurulmuşdur. Zərər iki hissədən ibarətdir, real zərər və əldən çıxmış fayda, həm də avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərin, yol-nəqliyyat hadisəsi avtomobilin alıcılıq (bazar) qiymətinin aşağı düşməsinə səbəb olmuşdur. Real zərər qismində maddi ziyanın məbləği 3.490 manat, əldən çıxmış fayda qismində 1.000 manat – iddiaçının sağlamlığının pozulması ilə əlaqədar gəlir əldə edə bilmədiyi müddətdə yaranan məbləğ çıxış edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, avtomobilinə vurulmuş maddi ziyanın 1.000 manatlıq hissəsi cavabdeh tərəfindən ona ödənilmişdir. Qeyd olunan xüsusatı bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, eləcə də, qətnamə qəbul edilərkən cavabdeh tərəfindən maddi ziyanın 1.000 manatlıq hissəsinin ödənilməsini nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 29 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi, sürücü Cavabdeh xx.xx.2023-cü il tarixdə özünə məxsus olan «Ford Cargo 3430D» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü metronun «Koroğlu» stansiyası istiqamətində 2 zolaqdan ibarət və avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş körpünün üzərində sağdan 1-ci zolaqla saatda 50-55 km sürətlə düzünə hərəkətdə olan zaman ehtiyatsızlıq edərək düzgün ara məsafəsi seçmədiyinə görə onunla eyni zolaqda qarşıda hərəkətdə olan sürücü İddiaçı məxsus olan «Renault Megane» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən, sonuncu avtomobil isə qarşısında olan sürücü X3 məxsus olan idarə etdiyi «Renault Scenic» markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi törətmişdir. Nərimanov RPİ TŞ-nin təhqiqatçısı, polis baş leytenantı M.Ağalarov tərəfindən həmin qərarda göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, sürücü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərarın icra olunması üçün Nərimanov RPİ DYPŞ-yə göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və inzibati tənbehvermə haqqında qərardan görünür ki, yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə (yol-nəqliyyat hadisəsi) görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. «Kaspi Merkuri» firmasına aid avtoservis tərəfindən verilmiş arayışdan görünür ki, avtomobilin təmir edilməsi üçün ehtiyat hissələrinin alınmasına və işlərin görülməsinə cəmi 3.490 manat pul vəsaiti tələb olunur. Məhkəmə mülki işə obyektiv, hərtərəfli və tam şəkildə baxılması üçün müvafiq məhkəmə ekspertizası təyin edərək, ekspert qarşısında avtomobilə vurulmuş ziyanın məbləği ilə bağlı zəruri suallar qoymuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2023-cü il tarixli, 9/7936 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş «Kaspi Merkuri» firmasına aid avtoservis tərəfindən tərtib edilmiş 056 nömrəli qüsur aktına əsasən 2007-ci il buraxılışlı «Renault Megane» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3.395 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Cavabdeh qeyd olunan avtomobilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı bildirdiyinə görə, cavabdeh tərəfindən ona vurulmuş ziyanın bir hissəsi, 1.000 manatı ödənilmişdir və məhkəmədən qətnamə qəbul edilərkən bu xüsusatın nəzərə alınmasını xahiş etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 2.395 manat pul vəsaiti və ödənilmiş 65 manat dövlət rüsumunun 50 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən ona mənəvi ziyan vurulmasına dair hallara istinad etsə də, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, mənəvi zərərin məbləğinin hansı səbəblərdən 1.000 manat müəyyən olunmasını təsdiq edən hallarla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu ondan irəli gəlir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ciddi xəsarət almamış, həkimə və yaxud tibb ocağına, təcili-tibbi yardım stansiyasına müraciət etməmiş, uzunmüddətli müalicə almamış, dərman və sair müalicə vasitələrinə əhəmiyyətli vəsait xərcləməmiş, ona mənəvi iztirab verəsi hər hansı hal yaşanmamışdır. Cavabdeh tərəfindən iddiaçıya qeyri-adekvat münasibət nümayiş olunmamış, yol-nəqliyyat hadisəsi səlahiyyətli orqan tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş, cavabdeh tərəfindən səlahiyyətli orqanların qərar və aktları mübahisələndirilməmiş, iddiaçının özünün də qeyd etdiyi kimi cərimə məbləği cavabdeh tərəfindən ödənilmiş, bundan başqa, cavabdeh iddiaçıya vurulmuş maddi ziyanın 1.000 manat hissəsini iddiaçıya ödəmişdir. Göründüyü kimi, hazırki halda cavabdeh tərəfindən iddiaçıya hər hansı mənəvi zərərin vurulması halı mövcud deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 2.395 manat pul vəsaiti və ödənilmiş 65 manat dövlət rüsumunun 50 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar