Məhkəmə qərarları › İş №2(002)-898/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-898/2023

19.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-898/2023 19.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və yetkinlik yaşına çatmayan uşaqlar X1 və X4 ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 37 saylı evin 53 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 37 saylı evin 57 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Belə ki, həmin mənzili o, X3 02 dekabr 2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən almışdır. Hal-hazırda mənzildə o və ailə üzvləri yaşamaqla istifadə edir. Evi alarkən X6 ailə üzvləri ilə birlikdə tez bir zamanda mənzildən çıxacağını vəd etsələr də, hazırki vaxta qədər ona məxsus mənzildə, mənzilin keçmiş sakinləri qeydiyyatdadırlar. Dəfələrlə cavabdehlərdən ona məxsus mənzildə qeydiyyatdan çıxmalarını bildirsə də, onların qeydiyyatda düşməyə yerləri olmadığından qeydiyyatda qalmışlar. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmaları onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, istifadə, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər məcburiyyətində qalır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə xx.xx.2013-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan AN-İ № ******* saylı 02 dekabr 2013-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 X6 tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X6, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, X7, X5 və Cavabdeh3 on ildən artıqdır ki, həmin mənzildə yaşamırlar, mənzil satılıb, yeni sahibi İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in məlumat bazasına əsasən ASAN Xidmət (3 saylı ASAN) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5, X7 ünvan 1 ünvanında rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iş üzrə sübutlara əsasən müəyyən edir ki, mənzilin əvvəlki sakinləri olan cavabdehlər hazırda iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatdadırlar, faktiki olaraq orada yaşamırlar. Cavabdehlər həmin mənzildə formal olaraq qeydiyyatda qaldığından, iddiaçı onların əvəzinə kommunal xidmətlərə görə əlavə xərc çəkir, eyni zamanda mülkiyyətçi kimi hüquqları məhdudlaşdırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, iş üzrə sübutlara məcmu halıda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və yetkinlik yaşına çatmayan uşaqlar X1 və X4 ünvan 1 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar