Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-90/2021 19.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz qoyulmuş çənin cavabdehlərin hesabına sökülməsi və əkilmiş ağacların budaqlarının kəsilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz qoyulmuş çənin cavabdehlərin hesabına sökülməsi və əkilmiş ağacların budaqlarının kəsilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən evinin divarına bitişik qoyulmuş çənin cavabdehlərin hesabına sökülməsi və Cavabdeh1 oğunun evinin arxsında əkdiyi ağacların onun evinin üzərinə düşən budaqlarının kəsilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayonu Korgöz qəsəbəsi, AZNS-103 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ev 1963-cü il tarixli inventarlaşdırma zamanı mərhum ataları Abbasəli Məhəmmədəli oğlunun adına qeydiyyata alınmışdır. Hazırda həmin mülkdə o, cavabdehlər qardaşı İbrahim və əmisi oğlu Cavabdeh2 yaşayırlar. Hasar çəkməklə mülk aralarında bölünmüşdür. Hər kəs öz yaşayış evindən istifadə edir. Lakin cavabdehlər birləşərək hamam tikməklə evinin divarına bitişik 25-30 tonluq neft şirkətindən qanunsuz əldə edilmiş çən qoyulmuşdir ki, həmin çəndən də daimi su axaraq yaşadığı evin divarlarını nəmləndiriməklə evin özülünün sıradan çıxmasına səbəb olurlar. Bu isə gələcəkdə ağır nəticələrə gətirib çıxara bilər. Bundan başqa qardaşı evinə bitişik ağaclar əkmişdir ki, həmin ağacların budaqları külək əsərkən tez-tez evinin damındakı şiferləri sındırır. Bütün bunlarla bağlı cavabdehləri dəfələrlə xəbərdarlıq etsə də bunun heç bir nəticəsi olmamışdır. Onların hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı və onun nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 16.08.2021-ci il tarixdə məhkəmənin ünvanına ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini və iclasın təxirə salınmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əvvəlki məhkəmə iclasında artıq ağacların kəsildiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 1963 –cü il tarixli şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu Korgöz qəsəbəsi, AZNS-103 ünvanda yerləşən mənzili X1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi AZNS-103 mənzilində qeydiyyatdadır və yaşayır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1419 saylı 09 iyul 2021-ci il tarixli rəyindən (məhkəmənin qərardadı ilə təyin edilmiş ekspertizasına əsasən) görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi AZNS-103 ünvanında yerləşən iddiaçıya məxsus tikilinin(yaşayış evinin) divarlarına bitişən su çəni iddiaçıya məxsus tikilinin divarına (nəm yaratmaqla) ziyan vurmadığı (tədqiqatın 1-ci sualı üzrə) və Qaradağ rayonu, Korgöz qəsəbəsi AZNS-103 ünvanında yerləşən iddiaçıya məxsus tikilinin(yaşayış evinin) arxasında cavabdeh tərəfindən əkilmiş ağacların budaqları iddiaçıya məxsus mənzilin dam örtüyünə ziyan vurmadığı müəyyən edilir.(tədqiqatın 2-ci sualı üzrə). Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil etmişdir. İş materiallarına iddiaçının yaşadığı mənzilin arxasında əkilmiş ağacların və iddiaçıya məxsus mənzilin divarına bitişik çənin fotoşəkilləri əlavə edilmişdir. İşin hallarını nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı cavabdehlərin istifadəsində olan çənin sökülməsini və ağacların kəsilməsini tələb edir və tələbinin əsası kimi, mənzilinə bitişik olan çənin onun mənzilində nəm yaratdığını və ağacların isə məzilin dam örtüyünə ziyan vurduğunu qeyd edir. Lakin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyinin nəticəsi olaraq iddiaçıya məxsus tikilinin(yaşayış evinin) divarlarına bitişən su çəni iddiaçıya məxsus tikilinin divarına (nəm yaratmaqla) ziyan vurmadığı və ağacların budaqları iddiaçıya məxsus mənzilin dam örtüyünə ziyan vurmadığı barədə rəy verilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən halları sübut edən başqa sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliyə görə mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir . Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz qoyulmuş çənin cavabdehlərin hesabına sökülməsi və əkilmiş ağacların budaqlarının kəsilməsi” tələbinə dair iddiası rədd edilməlidir. 100 (yüz) manat ekspertiza xərci İddiaçı tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməlidir. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçıaid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz qoyulmuş çənin cavabdehlərin hesabına sökülməsi və əkilmiş ağacların budaqlarının kəsilməsi” tələbinə dair iddiası rədd edilsin. 100 (yüz) manat ekspertiza xərci İddiaçı tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-90/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-90/2021
19.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver