Məhkəmə qərarları › İş №2(002)-90/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-90/2025

02.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-90/2025 02.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüquqlarına kompensasiya verilməsi yolu ilə xitam verilməsi» tələbinə dair ilk iddia ərizəsi; Cavabdeh1 İddiaçı qarşı «payın naturada ayrılması, mümkün olmadıqda paya uyğun kompensasiya verilməsi, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçilərinin arasında paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 – ayzaşlı, 2010-cu il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi 66 saylı evin 9 saylı mənzilindən (yeni qaydalarla: ünvan 1 ünvandan) istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi 66 saylı evin 9 saylı mənzili (yeni qaydalarla: ünvan 1) daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir. Cavabdeh1 onun qızıdır. Cavabdeh2, Cavabdeh3 və X3 isə nəvələridir. Qızı 20 ildən artıqdır ki, ailə qurmuş, daimi olaraq mənzildən köçüb getmişdir. Qızı hazırda başqa ünvanda yaşayır və mənzillə heç bir əlaqələri yoxdur. Lakin bu günə kimi qeydiyyatdan çıxmamışlar. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 azyaşlı övladı X1 qanuni nümayəndəsi kimi işə cəlb edilməsi, Cavabdeh1 – ayzaşlı, 2010-cu il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi 66 saylı evin 9 saylı mənzilinə (yeni qaydalarla: ünvan 1 ünvana) olan istifadə hüquqlarına xitam verilməklə itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 azyaşlı övladı X1 qanuni nümayəndəsi kimi işə cəlb edilməsi, Cavabdeh1 10.000 manat məbləğində kompensasiya ödənilməklə onun paylı mülkiyyətində olan mənzildən mülkiyyət hüququna xitam verilməsi, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi 66 saylı evin 9 saylı mənzilinə (yeni qaydalarla: ünvan 1 ünvana) olan istifadə hüquqlarına xitam verilməklə itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 həmçinin azyaşlı övladı X1 qanuni nümayəndəsi qismində tanınmışdır. Cavabdeh1 İddiaçı qarşı «payın naturada ayrılması, mümkün olmadıqda paya uyğun kompensasiya verilməsi, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçilərinin arasında paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi 66 saylı evin 9 saylı mənzilinin (yeni qaydalarla: ünvan 1) 1/4 hissəsinə naturada payının ayrılması, bu mümkün olmadıqda payına uyğun kompensasiyanın verilməsi, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçilərinin arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia əsassızdır. Belə ki, mübahisəli mənzilin 3/4 hissəsi İddiaçı, 1/4 hissəsi isə onun xüsusi mülkiyyətindədir. Belə olduğu halda, ilk iddia üzrə iddiaçı onun mülkiyyətçisi olduğu mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsini tələb edə bilməz. İddiaçı ilə hazırda münasibətləri yaxşı deyil və hazırda düşünür ki, o, övladları ilə bu mənzildə yaşaya bilməyəcək. Belə olan təqdirdə mübahisəli mənzil naturada bölünməlidir ki, mənzildə paylarına uyğun yaşasınlar, əgər bu da mümkün olmayacağı təqdirdə, qanunun tələbinə əsasən, mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsi zəruri olacaqdır. İddiaçı öncəki məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə etdi, ilk iddianı qəbul etmədi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi 66 saylı evin 9 saylı mənzilinin (yeni qaydalarla: ünvan 1) 3/4 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alınmışdır. X2 aid 1/4 hissəsi açıq saxlanılmışdır. Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi 66 saylı evin 9 saylı mənzilinin (yeni qaydalarla: ünvan 1) 3/4 hissəsi İddiaçı adına, ¼ hissəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alınmışdır. "xxxx" MMC-nin 27 sentyabr 2024-cü il tarixli 113/Mİ/24 saylı qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi 66 saylı evin 9 saylı mənzilinin (yeni qaydalarla: ünvan 1) 27 sentyabr 2024-cü il tarixə orta bazar dəyəri 108.000 manat, İddiaçı 3/4 hissədə payına uyğun dəyəri 81.000 manat, Cavabdeh1 1/4 hissədə payına uyğun dəyəri 27.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli 10/8391 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi 66 saylı evin 9 saylı mənzilinin (yeni qaydalarla: ünvan 1) tikililərinin planlı yerləşməsini, yardımçı otaqlarının sayını, yəni mənzil üzrə bir ayaqyolu tikilisinin, bir hamamın, bir dəhlizin olmasını, mənzilin yaşayış binasının beşinci mərtəbəsində yerləşməsini, eləcə də, həmin mənzilə giriş-çıxışın pilləkən qəfəsinə açılan bir qapı vasitəsi ilə olduğunu nəzərə alaraq, tədqiq olunan mənzilin tikililərinin tərəflərin 1/4 və 3/4 paylarına uyğun iki ayrı-ayrı təcrid mənzil şəklində, naturada bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7-ci bəndlərinin, eləcə də metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Ödəniş qəbzlərindən görünür ki, ilk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinin tələbinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair) ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan mənzilin tərəflər arasında paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyil. Bu səbəbdən, payın naturada ayrılması mümkün olmadığından, ayrılan mülkiyyətçi kimi Cavabdeh1 (ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı) öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçisi olan İddiaçı (ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən ona ödənilməsi hüququna malikdir. Mübahisəyə müvafiq hüquqi qiymətin verilməsinə tətbiq edilməli olan, yuxarıda sadalanmış maddi hüquq normalarının tələblərindən göründüyü kimi, qarşılıqlı iddia qismən təmin edilməli, mənzilin 1/4 hissəsinin dəyəri olan 27.000 manat İddiaçı tutularaq Cavabdeh1 ödənilməli, Cavabdeh1 mənzilin 1/4 hissəsinin üzərində olan mülkiyyət hüququna xitam verilməli, pul kompensasiyasının ödənilməsi ilə mülkiyyət hüququna xitam verilməsi eyni anda icra edilməlidir (xronoloji ardıcıllığa görə kompensasiya ödəniləndən dərhal sonra mülkiyyət hüququna xitam verilməlidir). Eləcə də, məhkəmə vurğulayır ki, qarşılıqlı iddia üzrə iddiaçının yetkinlik yaşına çatmamış, həmçinin yetkinlik yaşına çatmış ailə üzvlərinin analarına münasibətdə törəmə hüquq kimi mənzildən istifadə hüquqları olduğundan, həmin hüquqlara da xitam verilməlidir. Qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçı ona 27.000 manat kompensasiya verilməklə mənzilin özünə düşən 1/4 hissəsindən mülkiyyət hüququna xitam verilməsinə, həmçinin yetkinlik yaşına çatmış və çatmamış ailə üzvlərinin törəmə hüquqları olan mənzildən istifadə hüquqlarının itirilməsinə razıdır. Qalan hissədə qarşılıqlı iddia təmin edilməməlidir. Qarşılıqlı iddianın qismən təmin edilməsi ilk iddianın təmin edilməsini aradan qaldırdığından, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüquqlarına kompensasiya verilməsi yolu ilə xitam verilməsi» tələbinə dair ilk iddiası təmin edilməməlidir. Məhkəmə ilk iddia üzrə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizəni (F.Quliyev, S.Hacıyev, A.Zərbəliyeva tərəfindən imzalanmış) mötəbər sübut kimi qəbul etmir. Belə ki, mülkiyyətçinin mülkiyyətində olan evdə, yaxud mənzildə yaşamaması onun mülkiyyət hüququna xitam verilməsinə, mülkiyyətində olan evdən, yaxud mənzildən istifadə hüququnun itirilməsinə əsas vermir. Bu səbəbdən, ərizədə qeyd olunan hal mövcud olmuş olsaydı belə, həmin ərizənin ilk və qarşılıqlı iddiaya müvafiq hüquqi qiymət verilməsinə hər hansı təsiri olmayacaqdı. Eləcə də, məhkəmə hesab edir ki, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 İddiaçı qarşı «payın naturada ayrılması, mümkün olmadıqda paya uyğun kompensasiya verilməsi, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçilərinin arasında paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi 66 saylı evin 9 saylı mənzilinin (yeni qaydalarla: ünvan 1) 1/4 hissəsinin dəyəri olan 27.000 manat İddiaçı tutularaq Cavabdeh1 ödənilməli, Cavabdeh1 mənzilin 1/4 hissəsinin üzərində olan mülkiyyət hüququna, həmçinin onun yetkinlik yaşına çatmış və çatmamış ailə üzvlərinin törəmə hüquqları olan mənzildən istifadə hüquqlarına xitam verilməli, pul kompensasiyasının ödənilməsi ilə mülkiyyət hüququna (həmçinin törəmə hüquq olan istifadə hüquqlarına) xitam verilməsi eyni anda icra edilməlidir (xronoloji ardıcıllığa görə kompensasiya ödəniləndən dərhal sonra mülkiyyət hüququna və istifadə hüquqlarına xitam verilməlidir). Qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüquqlarına kompensasiya verilməsi yolu ilə xitam verilməsi» tələbinə dair ilk iddiası rədd edilməlidir. İlk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməlidir. Eləcə də, ilk iddia tələbinin qiymətinə (10.000 manat) mütənasib olaraq ödənilməli olan 120 manat dövlət rüsumunun ödənilməmiş 20 manat hissəsi ilk iddia üzrə İddiaçı, qarşılıqlı iddia tələbinin qiymətinə (27.000 manat) mütənasib olaraq ödənilməli olan 171 manat dövlət rüsumunun ödənilməmiş 71 manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh1 İddiaçı qarşı «payın naturada ayrılması, mümkün olmadıqda paya uyğun kompensasiya verilməsi, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçilərinin arasında paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi 66 saylı evin 9 saylı mənzilinin (yeni qaydalarla: ünvan 1) 1/4 hissəsinin dəyəri olan 27.000 (iyirmi yeddi min) manat İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. Cavabdeh1 mənzilin 1/4 hissəsinin üzərində olan mülkiyyət hüququna, həmçinin onun yetkinlik yaşına çatmış (Cavabdeh2, Cavabdeh3) və yetkinlik yaşına çatmamış (X3) ailə üzvlərinin törəmə hüquqları olan mənzildən istifadə hüquqlarına xitam verilsin. Pul kompensasiyasının ödənilməsi ilə mülkiyyət hüququna (həmçinin törəmə hüquq olan istifadə hüquqlarına) xitam verilməsi eyni anda icra edilsin (xronoloji ardıcıllığa görə kompensasiya ödəniləndən dərhal sonra mülkiyyət hüququna və istifadə hüquqlarına xitam verilsin). Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. 100 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüquqlarına kompensasiya verilməsi yolu ilə xitam verilməsi» tələbinə dair ilk iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. İlk iddia tələbinin qiymətinə (10.000 manat) mütənasib olaraq ödənilməli olan 120 manat dövlət rüsumunun ödənilməmiş 20 manat hissəsi ilk iddia üzrə İddiaçı, qarşılıqlı iddia tələbinin qiymətinə (27.000 manat) mütənasib olaraq ödənilməli olan 171 manat dövlət rüsumunun ödənilməmiş 71 manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar