Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-98/2022 20.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Qaradağ rayon İcra Şöbəsinə və Cavabdeh2 MMC-yə qarşı «hesabatın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Qaradağ rayon İcra Şöbəsinə və Cavabdeh2 MMC-yə qarşı «hesabatın etibarsız hesab edilməsi və yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsində yerləşən 14 «D» saylı fərdi yaşayış evinin qiymətləndirilməsinin nəticələri haqqında 03 may 2021-ci il tarixli, 73/21 saylı hesabatının etibarsız hesab edilməsi və yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsində yerləşən 14 «D» saylı fərdi yaşayış evinin qiymətləndirilməsinin nəticələri haqqında 03 may 2021-ci il tarixli, 73/21 saylı hesabatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.10.2017-ci il tarixli, 2(103)-10376/2017 saylı qətnaməsi ilə "xxxx" QSCnin X1 və İddiaçı qarşı təmin edilmiş iddiasının icrası və borcun ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsində yerləşən 14 «D» saylı fərdi yaşayış evinə və X1 məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Osmanov prospektində yerləşən 58 saylı evin 3 saylı mənzilinə yönəldilməsi barədə qətnamə qanuni qüvvəsini aldığından icraya yönəldilmiş və icra üçün Cavabdeh1nə göndərilmişdir. Cavabdeh1 İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsində yerləşən 14 «D» saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün qiymətləndirici olaraq Cavabdeh2 MMC-yə göndərmişdir. Cavabdeh2 MMC 03 may 2021-ci il tarixli, 73/21 saylı Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat hazırlayaraq Cavabdeh1nə təqdim etmişdir. Hərracın təşkilatçısı Respublika Xammal və Əmtəə Birjasının «Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi»nin 08 iyun 2021-ci il tarixli 01/1774 saylı bildirişlə hərracın 06.07.2021-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyini bildirmişdir. Qiymətləndirici təşkilatın yuxarıda göstərilən hesabatının olmasından Cavabdeh1nə dəvət edilərkən və onlara Respublika Xammal və Əmtəə Birjasının «Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi»nin 08 iyun 2021-ci il tarixli, 01/1774 saylı bildirişi təqdim edildikdən sonra məlumatları olmuşdur. Aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh2 MMC-nin Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı onun əmlakının real bazar qiymətini əks etdirmir və bu səbəbdən əsassız hesab edilərək ləğv edilməlidir. Belə ki, qiymətləndirmə aparılarkən əmlakın ümumi vəziyyəti düzgün nəzərə alınmamış, fərdi yaşayış evinin yeri, hazırkı təmir vəziyyəti və aşınması barədə heç bir qeyd aparılmamışdır ki, bu da ümumi bazar qiymətinin xeyli aşağı olmasına təsir etmiş, likvid qiyməti barədə ümumiyyətlə heç nə göstərilməmişdir. Digər tərəfdən, qiymətləndirmə aparılarkən tətbiq edilən norma və metodlar sadalansa da, qiymətləndirilən evin bu günkü real bazar qiyməti 350-400.000 manat olduğu halda, qiymətləndirici tərəfindən 260.000 manat (təxminən 153.000 ABŞ dolları) qiymət qoyulması reallığı əks etdirmir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Qaradağ rayon İcra Şöbəsinə və Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki: - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.10.2017-ci il tarixli, 2(103)- 10376/2017 saylı icra sənədi üzrə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsində yerləşən 14 «D» saylı fərdi yaşayış evinə tutma yönəldilməli və hərracdan satılmalıdır; - Qaradağ rayon İcra şöbəsinin 27.03.2021-ci il tarixli, 62290/10 saylı sifarişinə əsasən Cavabdeh2 MMC tərəfindən həmin əmlakın qiymətləndirilməsi həyata keçirilmişdir; - Cavabdeh2 MMC-nin 03.05.2021-ci il tarixli 73/21 saylı rəyindən görünür ki, əmlaka həmin tarixə bazar dəyərinin 260.000 manat olması müəyyən edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, hazırki mübahisə İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan, bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında bank qarşısında olan öhdəliklərin icrasının təmin edilməsi üçün tutma yönəldilməsi qət edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatla bağlı olmaqla, iddiaçı həmin hesabatın ləğv edilməsini tələb edir və tələbinin əsası kimi ipoteka ilə yüklü edilmiş əmlakın qiymətləndirmə rəyində ifadə edilmiş qiymətinin real qiymətinə uyğun olmamasına istinad edir. Cavabdeh2 MMC-nin 03.05.2021-ci il tarixli, 73/21 saylı rəyinə nəzər yetirdikdə görünür ki, iddiaçının iddia tələbi əsaslıdır. Çünki, rəydə daşınmaz əmlakın dəyərinin təyin edilməsinə təsir edən parametrləri (xüsusiyyətləri) ətraflı araşdırılmamışdır. Bundan başqa, daşınmaz əmlakın bazar qiyməti real dəyərindən aşağı müəyyən edilsə də, likvid dəyəri ümumiyyətlə müəyyən edilməmişdir. Təsadüfi deyildir ki, "xxxx" MMC-nin 01 iyul 2021-ci il tarixli, PR-466/2021 saylı qiymətləndirmə hesabatında ipoteka predmeti olan əmlakın bazar dəyəri (01.07.2021-ci il tarixə) 350.000 manat, likvid dəyəri 315.000 manat müəyyən edilmişdir. Bundan başqa, işə tam, hərtərəfli və obyetiv baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(002)-2371/2021 saylı qərardadına əsasən müvafiq qiymətləndirmə (ekspertiza) təyin edilmişdir. Həmin qərardada əsasən "xxxx" MMC tərəfindən tərtib olunmuş 15 fevral 2022-ci il tarixli, 05 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ipoteka predmeti olan daşınmaz əmlakın 15 fevral 2022-ci il tarixə bazar dəyəri 330.000 manat, likvid dəyəri 315.000 manat təşkil edir. Göründüyü kimi, hər bir halda, ipoteka predmeti olan daşınmaz əmlakın bazar və likvid dəyərləri Cavabdeh2 MMC-nin 03.05.2021-ci il tarixli, 73/21 saylı rəyi ilə müəyyən olunmuş dəyərdən əhəmiyyətli dərəcədə fərqlidir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş «İcra haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsində yerləşən 14 «D» saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair Cavabdeh2 MMC-nin 03.05.2021-ci il tarixli, 73/21 saylı rəyi (hesabatı) ləğv edilməlidir. Məhəkəmə hesab edir ki, yaşayış evinin qiymətləndirilməsi ilə bağlı məhkəməyə hesab-faktura təqdim edilmədiyindən, müvafiq qiymətləndirmə ilə bağlı mütəxəssisə əlavə olaraq pul vəsaiti ödənilə, habelə çəkilmiş xərclər tərəflərə aid oluna bilməz. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsində yerləşən 14 «D» saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair Cavabdeh2 MMC-nin 03.05.2021ci il tarixli, 73/21 saylı rəyi (hesabatı) ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-98/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-98/2022
20.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver