Məhkəmə qərarları › İş №2(002)-999/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-999/2024

13.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-999/2024 13.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1assiv 38 saylı mənzil (ümumi sahəsi 64.7 m2) xüsusi mülkiyyət formasında İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə Qeydiyyat haqqında ******* nömrəli arayışın məzmunundan görünür ki, Cavabdeh ünvan 1assiv 38 saylı mənzil ünvanında qeydiyyatındadır. İddia tələbi

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 onun mülkiyyətində olan ünvan 1assiv 38 saylı evə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə xahiş etmişdir.

4. İşin məhkəmədə baxılmağa hazırlanması ilə bağlı məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh X1 onun mülkiyyətində olan ünvan 1assiv 38 saylı evə (yeni qaydalarla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 100) istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1assiv 38 saylı ev mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh onun qızıdır. Şəfiqə 2000-ci il tarixdə ailə quraraq ona məxsus evdən daimi olaraq köçüb getmişdir. Hazırda da ailəsi ilə birlidkə Xəzər rayonu Binə qəsəbəsində özünə məxsus evdə yaşayır. Uzun müddətdir ki, ona məxsus evlə heç bir əlaqəsi yoxdur və başqa ünvanda yaşayır. Şəfiqə ona məxsus yuxarıda qeyd etdiyi ünvanda qeydiyyatda olsada faktiki olaraq ona məxsus evdə yaşamır və mənzildən daimi olaraq köçüb getmişdir. Məlum olduğu kimi mülkiyyətçi kimi əmlak üzərində istifadə sahiblik və sərəncam hüququ ona məxsusdur. Lakin yaranmış bu vəziyyət gələcəkdə mülkiyyətçi kimi onun mülki qanunvericilikdə nəzərdə tutulmuş bir sıra hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Bu barədə Qaradağ RPİ-ə müraciət etsə də təmin edilməmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

6. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2-ci maddələrinə, istinad etmişdir.

7. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

8. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, cavabdehin onun qızı olduğunu, evi 1988-ci ildən aldığını, cavabdehin uzun müddətdir orada yaşamadığını və evlənərək oradan köçdüyünü bildirmişdir.

9. Cavabdehə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

10. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

11. Maddə 29. İ və İİ. hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”sinin

12. Maddə 17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası

13. 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının 27 iyul 2001-ci il Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı

14. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi

15. 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

16. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

17. 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarı:

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki,Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

19. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

20. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

25. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir.

29. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. b) Əsaslandırma

30. İddia əsaslıdır.

31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1assiv 38 saylı ev iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının qızıdır, mübahisəli mənzildə yaşadığı dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə əsasən, həmin mənzildə istifadə hüququ əldə etmiş, lakin 2000-ci ildən etibarən uzun müddət yaşamamaqla yalnız orada yaşayış yeri üzrə qeydiyyatda qalmışdır.

32. Cavabdehin mənzildə yaşamaması işə əlavə edilmiş, Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş, iddiaçının qonşuları X3, X4, X2 tərəfindən imzalanmış akt ilə təsdiq edilir. Eyni zamanda məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməkdən imtina edərək iddia tələbində göstərilənlərə etiraz və etirazın dəlillərinə dair sübutlarını təqdim etməmişdir.

33. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən daimi əsaslarla mübahisəli mənzili tərk edərək orada yaşamamaqla cavabdeh istifadə hüququnu itirmişdir.

34. Bununla yanaşı, məhkəmə iddiaçı tərəfindən verilmiş ərizəyə (iddianın dəyişdirilməsi barədə) münasibətdə qeyd edir ki, iddiaçının hüquqi marağı iddia ərizəsində göstərildiyi kimi cavabdehin mənzilə dair istifadə hüquqlarının olmamasının müəyyən edilməsi yolu ilə müvafiq inzibati orqana müraciət edərək onun həmin mənzildə qeydiyyatdan çıxarılmasına nail olmaqdır. İddiaçı bu iradəsini məhkəmə iclaslarında izahatlarında da açıq ifadə etmişdir. Odur ki, məhkəmə formal əsaslara deyil, iddiaçının həqiqi iradə ifadəsinə hüquqi qiymət verməyi zəruri hesab edir. Məhkəmə onu da qeyd edir ki, cavabdehin istifadə hüququ itirilmiş olduğundan kompensasiya məsələsinin müzakirə olunması zərurəti aradan qalxır.

35. Əlavə olaraq qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarına əsasən mülkiyyət hüququ mütləq hüquq deyil və məhdudlaşdırıla bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

36. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı).

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

38. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı).

39. Göründüyü kimi, cavabdeh ünvan 1assiv 38 saylı mənzildə uzun müddətdir yaşamamaqla mənzil ehtiyacını başqa ünvanda qarşılayır. Buna baxmayaraq cavabdeh iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaqda davam edir. İddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. Digər tərəfdən, cavabdehin iddiaçıya məxsus mənzildə faktiki yaşamadan qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.

44. Göstərilənlərə əsasən, habelə mülkiyyət hüququnun müdafiəsi prinsipini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 3E saylı evin 14 saylı mənzilinə dair istifadə hüququnun olmaması müəyyən edilməlidir. Məhkəmə xərcləri

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

47. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh ünvan 1assiv 38 saylı evə (yeni qaydalarla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 100) istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar