Məhkəmə qərarları › İş №2(003)-114/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-114/2022

21.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-114/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçın nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, gələcəkdə həmin tikililərin aparılmasının qadağan edilməsi, həyətə açılmış pəncərələrin ləğv edilərək bağlanması və bağ sahəsi üzərində istifadə və sahibliyinin həyata keçirilməsinə olan maneçiliklərin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 0.05 ha sahəsi olan 86/4812 saylı bağ sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və gələcəkdə cavabdeh tərəfindən həmin ərazidə bu cür tikililərin aparılmasının qadağan edilməsi, cavabdeh tərəfindən onun həyətinə qanunsuz açılmış pəncərələrin ləğv edilərək bağlanması, onun bağ sahəsi üzərində istifadə və sahibliyinin həyata keçirilməsində olan maneçiliklərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşə 0,05 ha sahəsi olan 86/4812 saylı bağ sahəsi 11.12.2008-ci il tarixli MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin sahədə tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Həmin ünvanda cavabdehə məxsus 0,05 ha bağ sahəsi onun sahəsi ilə yanaşıdır. Səhhəti ilə əlaqədar torpaq sahəsinə nəzarət edə bilmədiyi üçün 2021-ci ilin mart ayında torpaq sahəsinə gəlmiş və qonşuluğunda cavabdehin ona məxsus torpaq sahəsinin 1 metrlik hissəsini zəbt edərək orada tikməsi, evin yağış sistemini onun həyətindən çəkməsini, onun həyətinə evindən iki pəncərə açdığını aşkar etmişdir. Cavabdehlə əlaqə saxlayaraq onun bu qanunsuz əməlləri barədə xəbərdarlıq edilsə də həmin şəxs buna məhəl qoymamış, tikinti işlərini davam etdirmişdir. 04.06.2021-ci il tarixdə cavabdehin bu qanunsuz əməllərinə görə Xəzər RPİ-yə şikayət etmişdir. Xəzər RPİ-nin 14.06.2021-ci il tarixli qərarı ilə mübahisə mülki xarakterli olduğu üçün cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş üzrə cavabdeh polisə verdiyi izahatında törətdiyi qanunsuz əməlləri etiraf etmiş, maddi vəziyyəti yaxşı olmadığı üçün söküntünü həyata keçirə bilmədiyini, onun həyətinə daxil olduğunun sonradan ona məlum olmasını və bunun ustaların səhlənkarlığından baş verdiyini bildirmişdir. Lakin bugünədək cavabdeh tərəfindən yol verdiyi qanunsuz əməllərə son qoyulmadığı üçün hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh bütün bu hərəkətləri ilə onun mülkiyyət hüququnu pozaraq əmlakının istifadəsində və üzərində sahibliyinin, təmir və yenidən qurulmasının həyata keçirilməsində, maneçiliklər yaratmış, həmçinin evinin görünüşünə ciddi xələl gətirmişdir. Bu azmış kimi cavabdeh heç bir qonşuluq haqqını gözləməyərək evindən açdığı pəncərələrlə həyətindən sərbəst istifadəsinə maneələr yaratmışdır. Belə vəziyyətdə öz evdə yaşamaq qeyri-mümkün hala gəlmişdir. Cavabdehin evini onların torpaq sahələrinin birgə hasarının üzərində inşa etməsi qanunsuzdur. Cavabdeh tərəfindən ara məsafəsi gözləmədən inşa edilmiş tikili, tikinti norma və qaydalarına uyğun hesab edilə bilməz. Hesab edir ki, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili sökülməli və gələcəkdə cavabdeh tərəfindən həmin ərazidə bu cür tikililərin aparılması qadağan edilməlidir. Çünki fərdi yaşayış evinin tikilməsi üçün müvafiq icazə tələb olunur. Həmin tikilinin sökülməsini tələb etmək üçün o, subyektiv hüquqa malikdir. Çünki mübahisələndirilən tikilinin inşası nəticəsində onun qanunla qorunan hüquq, azadlıq və maraqları pozulmuşdur. Bu hüquqa həmin tikilinin mövcudluğu maraqlarına toxunan şəxs kimi malikdir. Cavabdeh tərəfindən inşa edilmiş həmin tikiliyə icazədən kənara çıxaraq qanunsuzluğa yol verməsi bilavasitə onun mülkiyyət hüququnu pozmuş və hal- hazırda da pozmaqdadır. Qeyd etmək istəyir ki, cavabdehin evi təmirsizdir, onun həyətinə düşən hissəsi boş divardır və ev iki ailə üçün nəzərdə tutularaq iki giriş qapısından ibarətdir. Həmçinin cavabdehin evi bünövrəsiz tikilmiş və bu hal evin sökülməsinə mane olmur. Eyni zamanda, cavabdeh tərəfindən onun torpaq sahəsinin zəbt edilməsi qəza baş verəcəyi təqdirdə onun əmlakına da real təhlükə yaradır və belə şəraitdə əmlakının məruz qala biləcəyi zərərdən həmçinin özünün və ailə üzvlərinin uğraya biləcəyi bədbəxt hadisədən sığortalanması heç cür mümkün deyildir. Bundan başqa, cavabdehin inşa etdirdiyi sahənin bir hissəsi ona aid olan sahə zəbt olunaraq inşa edildiyindən həmin sahədən ona istifadə etməyi qeyri-mümkün olmuşdur. Ona görə cavabdehin onun razılığı olmadan mülkiyyətindəki torpaq sahəsində tikili inşa etməsi onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli və həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları təmin edilməlidir. Məhkəmə iclasında iddiaçın nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, Cavabdeh tərəfindən inşa edilmiş tikili dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış da verilmişdir. Həmin tikili cavabdehin özünə məxsus torpaq sahəsində inşa edilmiş və iddiaçıya məxsus torpaq sahəsi müdaxiləsi mövcüd deyil. Bu hal da iş üzrə keçirilmiş ekspert rəyi ilə də təsdiq olunur. Tikilidə olan pəncərələr isə texniki pasporta uyğun açılmış, həmin pəncərələrin açılmasında tikinti normaları pozulmamışdır. Həmçinin pəncərələrin iddiaçıya maneəçilik törətməsi mümkün deyil. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan seriya MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Türkan qəsəbəsi 86/4812 saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14.06.2021-ci il tarixli qərarın surətindən görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 86,1, 39.1.2 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanmasıın rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan seriya MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın və AA 017433 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətlərindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Türkan qəsəbəsi 88/4814 saylı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi saylı 4814 bağ evi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi saylı 4814 bağ evi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 88/4814 saylı torpaq sahəsində inşa edilən 189 kv.m tikilinin 183 kv.m hissəsi **********17 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətində olan 0.05 ha torpaq sahəsində, 6 kv.m hissəsi isə **********40 reyestr nömrəli çıxarışla X2 mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşir və **********25 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə müdaxiləsi yoxdur. İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25.02.2022-ci il tarixli 10/5789 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh məxsus tikililərin **********17-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan ünvanda yerləşən mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin hüdudlarının daxilində olması və İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 86/4812 saylı bağ sahəsinə müdaxilə halının mövcud olmaması müəyyən edilir. Cavabdeh tərəfindən ünvan ünvanda inşa edilmiş bağ evinin iddiaçının həyətinə tərəf olan iki pəncərəsinin, eləcə də digər pəncərələrinin həmin bağ evinə dair 04.09.2019-cu il tarixdə tərtib olunmuş, **********17-10301 reyestr nömrəli Texniki Pasport sənədinə uyğun olduğu müəyyən edilir. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 88/4814 saylı torpaq sahəsində inşa edilən tikilidə inşa edilmiş mübahisə predmeti olan pəncərələrin iddiaçının istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 86/4812 ünvanda sahəsi 0,05 ha həyətyanı torpaq — sahəsinə açılmasının İddiaçı maneçilik törədib-törətməməsi məsələsinin müəyyən olunması hüquqi xarakterli məsələ olmaqla tikinti-texniki ekspertizanın səlahiyyətlərinə aid deyil. Cavabdeh tərəfindən ünvan ünvanda inşa edilmiş bağ evinin mübahisə predmeti olan pəncərələrinin yerləşdiyi 1 saylı və 3 saylı tikililərində həmin pəncərələrdən əlavə digər pəncərələrin mövcud olmasını və “Yaşayış Binaları Tikinti Norma və Qaydaları”nın (SNİP 2.08.01-89) 1.3 bəndinin tələblərinə əsasən həmin tikililərin təbii işıqla təmin olunmasının mümkün olmasını nəzərə alaraq, mübahisə predmeti olan pəncərələrin bağlanması texniki cəhətdən mümkündür. Lakin qeyd olunur ki, həmin mübahisə predmeti olan pəncərələr cavabdehə məxsus bağ evinin 04.09.2019-cu il tarixli, **********17-10301 reyestr nömrəli Texniki Pasport sənədində nəzərdə tutulmuşdur. İşin araşdırılmış hallarından və iş materiallarından görünür ki, sökülməsi tələb olunan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi saylı 4814 bağ evi Dövlət Reysrtindən çıxarışa əsasən iş üzrə Cavabdeh məxsus olmaqla ona məxsus torpaq sahəsində inşa edilmiş və həmin tikilinin iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə halı mövcüd deyil, ləğv edilməsi tələb olunan pəncərələr isə həmin bağ evinə dair dövlət reyestrindən qeydiyyatdan keçmiş texniki pasport sənədinə uyğundur (iş üzrə keçirilmiş ekspert rəyinə əsasən). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 4-cü bəndinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcələsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən (157.4,157.8) Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, Dövlət reyestrindən qeydiyyatdan keçmiş cavabdehə məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi saylı 4814 bağ evi, ona məxsus torpaq sahəsində (Dövlət reyestrindən qeydiyyatdan keçmiş) inşa edildiyindən və həmin tikilinin (və ya tikilinin bir hissəsi) iddiaçıya məxsus torpaq sahəsində inşa edilməsi müəyyən edilmədiyindən həmin tikilin sökülməsi tələbi qanuna uyğun deyil. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin bağ evində iddiaçının həyətinə açılmış pəncərələrin həmin bağ evinə dair Dövlət reyestrindən qeydiyyata alınmış texniki pasport sənədinə uyğun olması nəzərə alınmalıdır. Həmçinin, həmin pəncərələr tərəfindən iddiaçıya maneənin törədilməsi, bu barədə sübutlar məhkəməyə təqdim olunmamaqla müəyyən edilməmiş, həmin pəncərələrin olması iddiaçının hüquqlarının və mənafeələrinin mədudlaşdırılmasının, pozulmasının nədən ibarət olması barədə dəlillər məhkəməyə təqdim olunmamaqla sübuta yetirilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, onunla razılaşmamaq üçün hər hansı bir əsas olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbini təmin edilmədiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, gələcəkdə həmin tikililərin aparılmasının qadağan edilməsi, həyətə açılmış pəncərələrin ləğv edilərək bağlanması və bağ sahəsi üzərində istifadə və sahibliyinin həyata keçirilməsinə olan maneçiliklərin aradan qaldırılması tələbinə iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar