Məhkəmə qərarları › İş №2(003)-1176/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1176/2023

05.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1176/2023 05.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, Cavabdeh4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzili vərəsəlik əsasında əldə etmiş və daşınmaz əmlak onun mülkiyyətindədir. Həmin mənzil ona atasından vərəsəlik yolu ilə qalmışdır. O, xx.xx.2018-ci il tarixdə həmin əmlaka çıxarış almışdır. Hal-hazırda həmin evdə ancaq o, ailəsi ilə birlikdə yaşayır. Bu fakta baxmayaraq ailə üzvlərindən Cavabdeh4 onun ögey bacısıdır. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə tanımasa da ona məxsus evdə pasport qeydiyyatındadır. Lakin, faktiki orada yaşamır. Ögey bacısı uzun illərdir ki, ailə qurub başqa ünvanda yaşayır, heç bir əlaqəsi yoxdur. Hal-hazırda belə bir vəziyyət yaranmışdır ki, o, özünə məxsus mülkdən istifadə edə bilmir. Cavabdehlər ona maneçilik törədir. Belə olan halda o, öz hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etməklə yanaşı izahatında bildirdi ki, iş üzrə Cavabdeh4 onun ögey bacısıdır. Hazırda isə müəyyən etmişdir ki, iş üzrə digər Cavabdeh2, İlhamənin qızıdır, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə Cavabdeh2 uşaqlarıdır. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi dalan 1-də yerləşən 47 nömrəli ev atasına məxsus olmuş və atasının sağlığında atası həmin evi ona bağışlamışdır. Daha sonra atasının xahişi ilə cavabeh Cavabdeh4 və digər qardaşı Müşfüqə həmin evdən və torpaq sahəsindən pay verilmişdir. İlhamə və Müşfüq özlərinə məxsus olan torpaq sahəsini satmışlar, evə dair vərəsəlik paylarını isə ona bağışlamışlar. Cavabdeh4 həmin evdə 2018-ci ildən yaşamır. Cavabdeh2 və sonuncunun uşaqları isə ümumiyyətlə həmin evdə yaşamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, mübahisə predmeti olan ev hazırda iddiaçıya məxsusdur. İş üzrə Cavabdeh4 uzun müddətdir ki, həmin evdə yaşamır. Digər cavabdehlər isə ümumiyyətlə yaşamamışlar. Ona görə də hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi dalan 1-də yerləşən 47 nömrəli evdə doğulmuşdur. Həmin ev atalarına məxsus olmuşdur. O, nikaha daxil olana kimi, yəni 1998-ci ilədək həmin evdə daimi yaşamışdır. Sonra ataları ölmüşdür, həmin ev atalarından miras qalmış və onun vərəsəlik qaydasında payı müəyyən edilmişdir. O, 2018ci ilədək həmin evə gəlib-getmiş, müəyyən müddətlərdə yaşamışdır. Belə ki, qardaşı X2 ruhi xəstə olmuş və evin yerləşdiyi torpaq sahəsində olan balaca tikilidə qardaşı ilə birlikdə yaşamış və qardaşına baxmışdır. Daha sonra qardaşı ruhi dispanserə yerləşdirilmiş, özü isə həmin evi tərk etmişdir. 2018-ci ildən hal-hazıradək həmin evdə yaşamır, boşanmış və kirayədə yaşayır. Lakin, onun pasport qeydiyyatına düşməsi üçün evi olmadığından hazırda istifadə hüququna xitam verilməsinə etiraz edir və vaxt verilməsini istəyir. İş üzrə cavabdeh olan Cavabdeh2 onun qızıdır. Cavabdeh1 və Cavabdeh3 isə Cavabdeh2 uşaqlarıdır. Qızı Nigar, nə də qızının uşaqları həmin evdə olmamışlar və yaşamamışlar. Nigar evlidir və ərinə məxsus evdə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə cavabdeh, eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh2 müvafiq qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, dalan 1-də yerləşən 47 nömrəli ev xx.xx.2018-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi dalan 1-də yerləşən 47 nömrəli evin texniki pasportunun surətindən görünür ki, həmin ev İddiaçı adınadır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verənlər Cavabdeh4 və X1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 85.9 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən hədiyyə alan İddiaçı mülkiyyətinə vermişlər. Hədiyyə verən X2 həmin evdən ¼ hissəsinə dair payını, hədiyyə verən Cavabdeh4 isə ¾ hissəsinə dair payını hədiyyə alan İddiaçı bağışlamışlar. “Elektron Məhkəmə” İnformasiya sistemindən görünür ki, Cavabdeh2, ünvan 2 ünvanında qeydiyyatdadır, evlidir. xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh3 və Cavabdeh1 onun uşaqlarıdır. Həmçinin “Elektron Məhkəmə” İnformasiya sistemindən görünür ki, Cavabdeh4, ünvan 2 ünvanında qeydiyyatdadır, Cavabdeh2 onun qızıdır. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, dalan 1-də yerləşən 47 nömrəli ev xx.xx.2018-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Həmin evin onun mülkiyyətinə keçməsinə əsas isə evin payçıları tərəfindən öz paylarının ona bağışlaması olmuşdur. Cavabeh Cavabdeh4 həmin evə də dair əvvəl ¾ hissədə payı mövcud olmuş və o, öz payını iddiaçıya bağışlamışdır. Cavabdeh4 2018-ci ilədək həmin ünvanda yaşamışdır. Cavabdeh4 qızı, iş üzrə Cavabdeh2, azyaşlı uşaqları Cavabdeh3 və Cavabdeh1 ilə birlikdə həmin evdə ümumiyyətlə yaşamamışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin: -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. -203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. -213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. -228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia tələbi, Cavabdeh4 qarşı hissədə təmin edilməli, digər cavabdehlərə aid hissədə isə təmin edilməməlidir. Belə ki, iş üzrə Cavabdeh4, mübahisə predmeti olan evdə doğulmaqla yaşamış, həmin ev onun atasına məxsus olmuş, sonralar o, həmin evə dair mülkiyyət hüququ (3/4 hissədə pay hüququ olmuş) əldə etmişdir. Bununla da iş üzrə Cavabdeh4 mübahisə predmeti olan evə istifadə hüququ yaranmış və mövcuddur. xx.xx.2018-ci ildə Cavabdeh4 öz pay hüququnu, digər payçı (iş üzrə tərəf olmayan Müşfüq Şərifov) ilə birlikdə iddiaçıya bağışlamış, iddiaçı isə həmin bağışlama müqaviləsi əsasında mübahisə predmeti olan evə mülkiyyət hüququnu əldə etmiş və həmin mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə Dövlət reyestrində qeydiyyata alınmaqla ona müvafiq çıxarış verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh4 mülkiyyət hüququ olmuş daşınmaz əmlakı (daşınmaz əmlaka dair payını) iddiaçıya bağışlamaqla və həmin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildilməklə mülkiyyət hüququnu itirmişdir. Eyni zamanda müəyyən olunur ki, Cavabdeh4 öz payını iddiaçıya bağışlayandan sonra həmin evi tərk etmiş və hal-hazıradək həmin evdə yaşamamış, yəni istifadə etməmişdir. Bundan başqa Cavabdeh4 tərəfindən 2018-ci ildən sonra həmin evdə yaşamaq istəyinin olması və bununla bağlı cəhdlərin etməsi iş üzrə müəyyən edilməmiş və bu hal onun özü tərəfindən də mübahisələndirilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında isə göstərilmişdir ki, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Sadalanan Qərarlarda nəzərədə tutulmuş müddəaları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh4 mübahisə predmeti olan evdən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilmədir. Belə ki, mübahisə predmeti olan daşınmaz əmlaka istifadə hüququ yaranmış Cavabdeh4 uzun müddət könüllü olaraq həmin əmlakdan istifadə etməməsi (yaşamaması) və bu halın hər hansı bir maneələrinin törədilməsi səbəbindən baş verməsinin müəyyən edilməməsi ona əsas verir ki, Cavabdeh4 mübahisə predmeti olan yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, dalan 1-də yerləşən 47 nömrəli evdən istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. İddia tələbinin mübahisə predmeti olan əmlakdan cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, dalan 1 ev 47-ə dair istifadə hüquqları olmadığından bu barədə iddia tələbinin təmin edilməsi mümkün deyil. İş üzrə Cavabdeh2, mübahisə predmeti olan evə əvvəllər mülkiyyət hüququ olmuş şəxsin, yəni iş üzrə digər Cavabdeh4 qızı olsa da belə onun həmin daşınmaz əmlaka istifadə hüququnun yaranması (olması) iş üzrə müəyyən edilmir. İş üzrə Cavabdeh2, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi dalan 1-də yerləşən 47 nömrəli evdə ümumiyyətlə yaşamamış və hər hansı bir formada həmin evdən istifadə etməmişdir. Cavabdeh2, azyaşlı uşaqları Cavabdeh1 və Cavabdeh3 ilə birlikdə mübahisə predmeti olan evdə formal qeydiyyatda olmasının isə onların həmin evə istifadə hüquqlarının yaranması (olması) kimi qəbul edilməsi əsassızdır və qanuna uyğun deyil. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Odur ki, məhkəmə hesab edir ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə bütün qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, dalan 1-də yerləşən 47 nömrəli evdən istifadə hüququna xitam verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, dalan 1də yerləşən 47 nömrəli evdən istifadə hüququna xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar